“Beynəlxalq Poeziya Günü” münasibətilə tədbir keçirilib

Martın 18-də C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində “Beynəlxalq Poeziya Günü” münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, 1999-cu ildə YUNESKO-nun 30-cu iclasında 21 mart tarixi Beynəlxalq Poeziya Günü elan olunmuşdur. Azərbaycanda isə “Beynəlxalq Poeziya Günü” 2007-ci ildən etibarən qeyd olunur.

Məqsəd poeziya sənətini təbliğ etmək, şeiri insanlara sevdirmək, xalqları ədəbiyyatın bu janrı ilə bir-birinə yaxınlaşdırmaqdır. Poeziya danışıq nitqi ilə musiqi arasında bir növ orta mövqe tutur. O da musiqi kimi adi danışıqla tam ifadə edilməyən gərgin emosiyadan, böyük həyəcandan yaranır.

Ən qədim zamanlardan başlayaraq poeziya insanın mənəvi ehtiyacına çevrilmiş, onun arzu və istəklərinin, duyğu və düşüncələrinin, sevinc və kədərinin poetik tərcümanı olmuşdur. Dünyanın bir sıra mədəni xalqlarının ədəbiyyatı kimi, bəşəriyyətin söz xəzinəsini zənginləşdirən Azərbaycan poeziyası da xalqımızın tarixi qədər qədim, mənəviyyatı qədər zəngindir. Azərbaycan şairləri, bütövlükdə, Yaxın və Orta Şərq, eləcə də dünya ədəbiyyatının inkişafına güclü təsir göstərmiş, özünəməxsus poeziya məktəbi yaratmışlar. Bu poeziya məktəbi nümayəndələrinin yaradıcılığında yüksək peşəkarlıq, sözün poetik imkanlarından istifadə bacarığı özünü daha aydın göstərmişdir.

Qeyd olunub ki, ədəbiyyatın ən böyük amalını və tarixi missiyasını mənsub olduğu xalqa xidmətdə görən xalqımızın ümummilli lideri Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan ədəbiyyatının inkişafına çalışmış, yaradıcı ziyalıları himayə etmiş, sağlam ədəbi mühitin yaradılmasını əsas vəzifələr sırasına çəkmişdir. Ötən əsrin 70-ci illərindən başlayaraq ümummilli liderimizin rəhbərliyi ilə milli dəyərlərimizə qayğı, adət-ənənələrimizin qorunub yaşadılması, mədəniyyətimizin və incəsənətimizin inkişafı istiqamətində həyata keçirilən tədbirlər ədəbiyyatımızın, eləcə də poeziyamızın yeni çalar qazanmasına səbəb olmuşdur. Bu dövrdə repressiya qurbanlarının əsərlərinə ikinci həyat verilmiş, Azərbaycan ədəbiyyatının qorunması və təbliği məqsədilə ardıcıl tədbirlər görülmüşdür.

Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra yazıçı və şairlərimizə qaygı daha da artmış, bədii fikrin nadir hadisəsi olan poeziya xalqımızın mənəviyyatının ayrılmaz hissəsi kimi yeni inkişaf mərhələsinə yüksəlmişdir. Bu gün də dövlətimizin hərtərəfli qayğısı ilə Azərbaycan şairləri yaradıcılıqları ilə dünya bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirir, milli şeiriyyəti yüksəklərə qaldırırlar.

Vurğulanıb ki, ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də Azərbaycan ədəbiyyatının inkişafına, ədiblərin yaradıcılıq uğurlarının daha da artmasına xüsusi diqqət və qaygı göstərir. Dövlət başçısının imzaladığı sərəncamlarla söz sənətinin keşiyində duran şair və ədiblərin yubileyləri ölkə səviyyəsində qeyd olunur, onların yaradıcılıq yoluna bir daha nəzər salınır.

Muxtar respublikamızda da poeziya sənətinin inkişafına böyük qayğı göstərilir, Naxçıvanda yaşayıb-yaradan şair və yazıçıların əməyi yüksək qiymətləndirilir. Qədim diyarımızda görkəmli şairlərin yubileyləri dövlət səviyyəsində qeyd olunur, onların ev muzeyləri yaradılır. Hər il böyük romantik şairimiz Hüseyn Cavidin anadan olduğu gün Naxçıvanda “Hüseyn Cavid Poeziya Günü” keçirilir. Şair və yazıçılarımız orden və medallara, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, Prezident mükafatına layiq görülürlər. Müstəqillik dövründə yazıçı və şairlərimizin 1000-dən çox kitabı, 10-dan çox almanaxı nəşr olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmmuş “Oxunması zəruri olan kitabların siyahısı”nda Azərbaycan və dünya ədəbiyyatının da klassik poeziya nümunələri vardır. Bu Sərəncam kitab, mütaliə ilə bərabər gözəl poeziya nümunlərinin təbliği üçün də geniş inkanlar açır.

Nazir çıxışının sonunda deyib ki, bu gün poeziyanı sevən oxucuların, şairlərin bayramıdır və bu münasibətlə onları təbrik edib, şairlərə gözəl şeirlər yazmaq üçün ilham, oxuculara isə şairlərin könül sirdaşı olmağı arzu edib.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan  Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Əliyev “Ədəbiyyatımız dünən və bu gün” mövzusunda çıxışında deyib ki, Azərbaycan poeziyasının tarixi qədim dövrlərdən başlanır. 12-ci əsrdə bütövlükdə Yaxın və Orta Şərqin, eləcə də dünya ədəbiyyatının sonrakı inkişafına güclü təsir göstərmiş, Xaqani, Məhsəti, Nizami kimi dünya şöhrətli korifeyləri meydana gətirmiş Azərbaycan poeziya məktəbi əsaslı şəkildə formalaşmışdır.

Sonrakı əsrlərdə Azərbaycan poeziyası Nəsimi, Füzuli, Xətai, Kişvəri, Vaqif, Vidadi, Seyid Əzim və başqa böyük poeziya ustadları şerimizi yeni zirvəyə qaldırmışlar. XIX əsrdə isə poeziya məclisləri yeni vüsət almışdır.

XX əsrdə isə ədəbiyyatımız Hüseyn Cavid, Mirzə Ələkbər Sabir, Səməd Vurğun, Əliağa Vahid, Məmməd Araz, İslam Səfərli və başqa görkəmli söz ustadlarının poeziya nümunələri ilə zənginləşmişdir.

Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor Hüseyn Həşimli, “Naxçıvan ədəbi mühitində poeziyanın inkişaf tarixi” mövzusunda çıxışında qeyd edib ki, Naxçıvan ədəbi mühitinin poeziyası həmişə olduğu kimi, bu gün də dövrümüzün aktual məsələlərini bədii dillə oxuculara çatdırmağa çalışır. Şairlər ədəbiyyatımızın ənənələrini davam etdirərək müasir ədəbiyyatımızı zənginləşdirirlər.

Sonda C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyorlarından Xalq artisti Həsən Ağasoy, Anar Eyvazov, Şölə Novruzbəyli, A.S.Puşkin, C.Q.Bayron, V.Şekspir, H.Cavid və M.Araz poeziyasından nümunələri bədii qiraət etdikdən sonra muzeyin ekspozisiyasına baxış olub.

Joomla 1.5