“Yalan” tamaşası Ordubad rayon sakinlərinə təqdim olunub

Yanvarın 11-də Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrı görkəmli yazıçı və dramaturq, ssenarist Sabit Rəhmanın “Yalan” komediyasını Ordubad Rayon Mədəniyyət Sarayında rayon ictimaiyyətinə təqdim etmişdir. Qeyd edək ki, tamaşa muxtar respublikanın teatrlarında ilk dəfə olaraq səhnəyə qoyulur.

“Yalan” komediyası ilə Sabit Rəhman Azərbaycan dramaturgiyasına satiranın, gülüşün yeni çalarlarını gətirmişdir. 1965-ci ildə yazılan bu əsər ilə müəllif Azərbaycan komediya poetikasını daha da zənginləşdirmişdir.

“Yalan” komediyasının konfliktini dərin fəlsəfi köklü, ictimai mahiyyətli yalan kateqoriyası təşkil edir. Tamaşa Fərman (Sarvan Məmmədli) və Aslan (Nağı Əlisoylu) arasında yalan haqqında maraqlı dialoqla başlayır. Fərman “Yalan həyatımızın bəzəyidir” deyirsə, onunla razılaşmayan Aslan kəskin şəkildə bildirir: “Kəs səsini, nəyə lazımdır ki, o həyat ki, bəzəyi yalan ola?” Fərman isə öz fikrində qalaraq bildirir ki, yalansız yaşamaq mümkün deyil, yalan daş-qaş işində parıldayan gözəl qadın kimidir.

Tamaşanın əvvəlindəki bu maraqlı dialoq tamaşaçını bədii həllini tapmış “Yalan” komediyasını sona qədər maraqla izləməyə vadar edir. Dramaturq əsərdə yalanın mahiyyətini ayrı-ayrı simvolik-realistik obrazlarla açır. Müəllif bu yalan dünyasını mücərrəd deyil, istehsalat prosesində, insanların fəaliyyətində və münasibətlərində ortaya çıxan real varlıq şəklində səhnəyə gətirir. 15-ə qədər personaj və obrazın iştirakı etdiyi tamaşa maraqlı gülüş doğuran vəziyyət və dialoqlarla zəngindir.

Tikiş fabrikinin işçiləri arasında baş verən  hadisələr zamanı meydana çıxan konfliktlər yalanın əsassız olmadığını göstərir.

Xalq teatrının yeni tamaşasının rejissoru Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Günəş Ağayeva, quruluşçu rejissoru Nadir Məhərrəmov, rəssamı Hikmət Əliyev, musiqi tərtibatçısı Qasım Rəsulovdur.

Tamaşada Nəzrin İsmayılova (Şəlalə), Süqarə Mirzəli (Kəklik), Türanə Qasımova (Rəfiqə), Aysel Qurbanova (Xumar), Oruc Əliyev (Tikiş fabrikinin müdiri), Nadir Məhərrəmov (Saleh), Davud Məmmədov (Bilal kişi), Xəyal Bayramov (Zəki), Emin Yusifli (Şamil), Ülviyyə Babayeva (Güllü xala) sovet istehsalat sisteminin işçilərini təbii və səmimi təqdim edə bilirlər.

Ordubad Rayon Xalq Teatrının yeni tamaşası rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanmışdır.

Tamaşadan sonra Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova və Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov kollektivi təbrik etmiş və uğurlar arzulamışdır.

Qeyd edək ki, Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrı 1964-cü ildə yaradılsa da Ordubadda hələ keçən əsrin əvvəllərində ilk teatr tamaşaları oynanılmış, teatra böyük maraq olmuşdur. Bu il isə xalq teatrının yaradılmasının 55 ili tamam olur.

Böyük sənətkar Sidqi Ruhullanın Ordubadda olması, sonralar isə Kazım Ziyanın, onun qardaşı Abbas Ziyanın burada tamaşalar hazırlanması rayonda teatr sənətinə marağı artırmış, və aktyorların iştirakı ilə maraqlı tamaşalar hazırlamışdır.

Müxtəlif illərdə xalq teatrının səhnəsində “Bəxtsiz cavan”, “Leyli və Məcnun”, “Arşın mal alan”, “Ər və arvad”, “Əkbər kimdir”, “Fərhad və Şirin”, “Beş manatlıq gəlin”, “Həmyerlilər”, “İtirilən sağlıq”, “Canlı tonqal”, “Kamança”, “Saqqalın kəraməti”, “Tiflis səfəri”, “Yeyərsən qaz ətini, görərsən ləzzətini” və başqa maraqlı tamaşalar səhnəyə qoyulmuşdur.

Joomla 1.5