“Beş manatlıq gəlin” əsəri xalq teatrında səhnəyə qoyulub

Yanvarın 9-da Babək Rayon Mədəniyyət Sarayında Babək Rayon Xalq Teatrının görkəmli yazıçı-dramaturq M.S.Ordubadinin “Beş manatlıq gəlin” komediyası əsasında hazırlanmış tamaşası rayon sakinlərinə təqdim olunub.

Qeyd edək ki, Babək Rayon Xalq Teatrı muxtar respublikanın fəal seçilən teatr kollektivlərindəndir. Bu il xalq teatrının yaradılmasının 10 illiyi tamam olur. Teatr 2009-cu ilin ortalarında yaradılmışdır. Bu illər ərzində xalq teatrı həm dramatik, həm də komik mövzusu ilə səciyyələnən bir sıra əsərləri bacarıqla səhnəyə qoymuşdur. Xalq teatrının istedadlı aktyorları bu tamaşalarda maraqlı obraz və personajlar yaratmışlar. Babək Rayon Xalq Teatrı daim repertuar zənginliyinə diqqət yetirir. Xalq teatrının hazırladığı “Yollara iz düşür”, “Şeyx Rəhmətulla”, “Ezop”, “Solğun çiçəklər”, “Bəxtsiz cavan”, “Xəcalət”,  “Ana”, “Unuda bilmirəm”, “İkinci səs”, “Yağışdan çıxdıq yağmura düşdük”, “Subaylarınızdan görəsiniz” və başqa tamaşaları ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. Teatr bir sıra tamaşalarını muxtar respublikanın başqa rayonlarında da göstərmişdir.

Görkəmli yazıçı-dramaturq M.S.Ordubadinin “Beş manatlıq gəlin” komediyasında hadisələr məişət mövzusuna həsr olunub. Gözlənilməz gülüş doğuran vəziyyətlər, komik dialoqlarla zəngin komediya tamaşaçıda xoş ovqat yaradır. Səhnə əsərindəki keçmişin qalıqları, köhnə düşüncələrlə yaşayan mənfi obrazlar sağlam gülüş yaratmaqla tamaşaçını düşündürür.

Tamaşanın quruluşçu rejissoru Yusif Əliyev, rejissoru isə Azərbaycan Respublikasının Əməkdar artisti Vidadi Rəcəbli və musiqi tərtibatçısı Cabir Məmmədovdur.

Xalq teatrının aktyorları – Azərbaycan Respublikasının Əməkdar artisti Vidadi Rəcəbli (Kəbleyi Hüseynli), Stella Babayeva (Səlbi), İsmayıl Qurbanov (Mirzə), Nuray Mehdiyeva (Naznaz), Rasim Qasımov (Qiyas), Ələkbər İsmayılov (Nadir), Yusif Əliyev (Mövsüm) komik surətləri təbii və canlı təqdim edirlər. Xalq teatrının bu aktyorları yaşlı və gənc nəslin nümayəndələri olan personajları özünəməxsus xarakterik cizgilərlə yarada biliblər.

Tamaşa Babək rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.

Tamaşadan sonra Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova və Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov kollektivi təbrik edərək onlara uğurlar arzulamışlar.

Joomla 1.5