2018-ci il mədəniyyət hadisələri ilə zəngin olmuşdur

Yola saldığımız 2018-ci ildə muxtar respublikada mədəniyyətin inkişafı təmin edilmiş, silsilə tədbirlər keçirilmiş, tarixi-mədəni irsimizin qorunub yaşadılması ilə bağlı iş davam etdirilmişdir. Aparılan quruculuq işləri zamanı yeni mədəniyyət obyektləri də istifadəyə verilmiş, tarixi abidələrimiz bərpa olunmuşdur.

2018-ci ildə Duz Muzeyi yaradılmış və Şərur rayonunda Tarix-Diyarşünaslıq Muzeyinin yeni binası istifadəyə verilmişdir. Bu dövrdə Naxçıvan və Nehrəm imamzadələri, Qarabağlar Türbə Kompleksi, Yengicə kəndində Şərq hamamı, Qazançı kəndindəki tarixi körpü bərpa və konservasiya edilmişdir. Muxtar respublikanın Culfa rayonundakı Dizə və Qazançı, Babək rayonundakı Aşağı və Yuxarı Buzqov, Şərur rayonundakı Ərəbyengicə, İbadulla və Kosacan kənd mərkəzləri istifadəyə verilmiş, bu kənd mərkəzlərində mədəniyyət müəssisələri üçün də lazımi iş şəraiti yaradılmışdır.

Ötən il xalqımızın milli dəyərlərinin yaşadılması, qorunması və təbliğ edilməsi sahəsində bir sıra işlər həyata keçirilmişdir. Novruz bayramında  Naxçıvan şəhərində və rayonlarda keçirilən el şənliklərində musiqi və folklor kollektivlərinin çıxışları olmuşdur.

İl ərzində əlamətdar və tarixi günlərlə bağlı 652 tədbir olmaqla, ümumilikdə, 4520 mədəniyyət tədbiri keçirilmiş, 588 sərgi yaradılmışdır. Muxtar respublikada festivalların keçirilməsi də ənənəyə çevrilmişdir. 2018-ci ildə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Kətə”, “Göycə”, “Arıçılıq məhsulları-bal”, “Ailə təsərrüfatı məhsulları”, “Milli geyimlər” festivalları əhali və qədim diyara gələn qonaqlar tərəfindən maraqla qarşılanmışdır.

Ötən ilin yaddaqalan mədəniyyət hadisələrindən biri də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan tədbirlərdir. Bu münasibətlə Bursa Bölgə Dövlət Simfonik Orkestrinin Heydər Əliyev Sarayında, Naxçıvan Dövlət Filarmoniyasının yeni yaradılan Simfonik Orkestrinin Heydər Əliyev Muzeyinin qarşısında konsertləri olmuşdur.

Naxçıvan şəhərindəki Əcəmi Seyrəngahı Mədəniyyət və İstirahət Parkında isə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Naxçıvan – bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalının açılış mərasimində Naxçıvan Dövlət Filarmoniyasının Qədim Musiqi Alətləri Ansamblının, rəqs qrupunun və “Şərur” Xalq Yallı Ansamblının çıxışları tədbir iştirakçılarında və qonaqlarda xoş təəssürat yaratmışdır.

2018-ci il “Şərur” Xalq Yallı Ansamblının tarixində əlamətdar və yaddaqalan hadisələrlə qalacaqdır. İlin əvvəlində kollektiv qardaş Türkiyənin Kastamonu şəhərində keçirilən “Kastamonu-2018 Türk Dünyası Mədəniyyət Paytaxtı” açılış mərasimlərində uğurla çıxış etmişdir. Ansambl qardaş ölkənin Ankara və İstanbul şəhərlərində keçirilən Novruz şənliklərində də iştirak etmişdir. İlin sonunda “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” UNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 24 dekabr tarixli “Şərur yallıları haqqında” Sərəncamı isə qədim yallılarımızın təbliği və tədqiqində yeni üfüqlər açmaqla bərabər mədəniyyətimizə göstərilən böyük diqqət və qayğının bariz nümunəsidir.

Yola saldığımız ilin tarixə yazılacaq hadisələrindən olan “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” daim xatırlanacaqdır. İl boyu bu mühüm mədəniyyət ilinə həsr edilən müxtəlif rəngarəng tədbirlər davamlı olaraq həyata keçirilmişdir. Bununla bağlı 2771 tədbir keçirilib ki, onlardan da 263-ü mədəniyyət ilinə həsr olunub, 2509-u isə bu deviz altında təşkil olunub.

Bu əlamətdar hadisə ilə bağlı Türk Mədəniyyəti və İrsi Fondunun “Dədə Qorqud” Kamera Orkestrinin konserti olub və “İslam filmləri həftəsi” keçirilib, sərgilər, konfranslar, konsertlər təşkil olunmuşdur.

2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı  mədəniyyət müəssisələrində bir sıra tədbirlər keçirilmişdir. Naxçıvan Dövlət Filarmoniyasının 4 nəfərlik rəqs qrupu Malayziya Respublikasının paytaxtı Kuala-Lumpur şəhərində və Azərbaycan Respublikasının Əməkdar artisti Mübariz Əsgərov Pakistan İslam Respublikasının İslamabad və Lahor şəhərlərində keçirilən yubiley tədbirlərindəki konsertlərdə muxtar respublikamızı təmsil etmişlər.

Son illər qədim diyarımızda yeni muzeylərin yaradılması, muzeylərin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması muzey işini təkmilləşdirmişdir. Ötən il Bəhruz Kəngərli Muzeyinin, Naxçıvan Duz Muzeyinin, Qarabağlar Türbə Kompleksinin saytları yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cu il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına əsasən bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. 2018-ci ildə muzeyləri 178 min 469 nəfəri əcnəbi vətəndaş olmaqla, ümumilikdə, 592 min 683 tamaşaçı ziyarət etmişdir. Muzey fondlarının yeni eksponatlarla zənginləşdirilməsi sahəsində muxtar respublika sakinləri də fəal iştirak etmiş, muzeylərimizə 1564 eksponat verilmişdir. Bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq əllə toxunmuş xalçaların reyestri sistemi yaradılmış və 482 ədəd xalça haqqında məlumatlar reyestrə daxil edilmişdir. 2018-ci ildə muzeylərdə 12 distant, 371 açıq dərs keçirilib, 19 seminar treninq təşkil olunub və 104 sərgi yaradılmışdır.

2018-ci ildə kitabxanaların fəaliyyətinə diqqət artırılıb. Ötən il “Oxunması zəruri olan kitablar” Siyahısına daxil olan kitablarla bağlı 205 müzakirə olub. Ümumilikdə yola saldığımız il muxtar respublikanın kitabxanalarında 957 tədbir keçirilmiş və 424 sərgi təşkil edilmişdir.

Ötən il qədim diyarımızda görkəmli şəxsiyyətlərin yubileylərinin və əlamətdar günlərin qeyd olunması da diqqətdə saxlanmışdır. Belə ki, mədəni-maarif müəssisələrində görkəmli bəstəkar Qara Qarayevin 100, görkəmli rəssamlar Şamil Qaziyevin 110, İbrahim Səfiyevin 120, bəstəkar Hacı Xanməmmədovun 100, xalq yazıçısı İsa Muğannanın 90, şair Mikayıl Müşfiqin 110, əfsanəvi partizan Mehdi Hüseynzadənin 100 illik yubileyləri və başqa tədbirlər təşkil olunub.

Yola saldığımız ildə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərini 602 şagird bitirmiş, 2018-2019-cu tədris ilində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə müxtəlif ixtisaslar üzrə 990 şagird qəbul olunmuşdur. İl ərzində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri üçün 16 ustad dərs və müəllimlər üçün 8 metodiki kurs təşkil olunmuş, təhsil ocaqlarında musiqili intellektual oyunların keçirilməsi davam etdirilmişdir. Naxçıvan Musiqi Kollecində tədrisin keyfiyyətinin yüksəldilməsi və musiqinin inkişafı üçün müxtəlif tədbirlər həyata keçirilmişdir. Kollecin musiqi kollektivlərinin rayon və kəndlərdəki konsertləri ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.

2018-ci ildə teatr kollektivləri də mədəniyyətə göstərilən qayğıdan bəhrələnərək yeni tamaşalar hazırlanmış, muxtar respublika sakinlərinin asudə vaxtının səmərəli keçməsinə çalışmışlar. Belə ki, Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Qılınc və qələm”, “Əli və Nino”, “Xəyyam” və plandankənar “Qaynana əməliyyatı” əsərləri səhnəyə qoyulmuşdur. Naxçıvan Dövlət Kukla Teatrı balaca tamaşaçılar üçün “Ələddinin sehrli çırağı”, “Qırmızı, yaşıl, mavi”, “Qoğalın sərgüzəştləri”, “Tülkü həccə gedir” və  “Cırtdanın sərgüzəştləri” tamaşalarını hazırlamışdır. Naxçıvan Dövlət Uşaq Teatrı “Bizə dovşan və meşəbəyi lazımdır”, Bu günün çay dəsgahı”, “Qar qızı axtarırıq” tamaşaları ilə uşaqların görüşünə gəlmişdir. Muxtar respublikanın Xalq Teatrları isə “Tiflis səfəri”, “Yeyərsən qaz ətini, görərsən ləzzətini”, “Yarım günlük rəis müavini”, “Müsyö Jordan və Dərviş Məstəli şah”, “Varlı qadın”, “Subaylardan görəsiniz” və başqa tamaşalar hazırlamışdır. İl ərzində xalq teatrları 18 tamaşa nümayiş etdirmişlər. Naxçıvan Dövlət Film Fondu tərəfindən rayon mərkəzlərində və kəndlərdə müxtəlif tədbirlərdə 50-dən çox bədii, elmi-kütləvi, sənədli və cizgi filmi nümayiş etdirilmiş, fondun arxivinə 129 ədəd yeni film daxil olmuşdur.

Hesabat dövründə Naxçıvan Dövlət Filarmoniyasının və Naxçıvan Dövlət Uşaq Filarmoniyasının kollektivləri müxtəlif dövlət tədbirlərində, beynəlxalq idman turnirlərinin açılışlarında, festivallarda və yay konsertlərində fəal iştirak edib. Bu dövrdə konsert-tamaşa müəssisələri xeyriyyə məqsədilə tamaşa və konsertlər təşkil etmişlər.

2018-ci ildə reklam-informasiya materiallarının hazırlanması istiqamətində işlər davam etdirilmiş, Azərbaycan və ingilis dillərində “Naxçıvan Muxtar Respublikasının muzeyləri” kataloqu, “Möminə xatın türbəsi”, “Nuh peyğəmbərin məzarüstü türbəsi”, Azərbaycan, rus və ingilis dillərində “Naxçıvan Muxtar Respublikasının tarix-mədəniyyət abidələri” bukletləri nəşr olunmuşdur.

Mədəniyyət Nazirliyinin kollektivi 2019-cu ildə qarşıya qoyulan vəzifələrin icrasını davam etdirəcək, muxtar respublikamızda mədəni-kütləvi tədbirlərin əhatə dairəsini daha da genişləndirəcəkdir.

Joomla 1.5