Tarixi körpülər Naxçıvanın memarlıq mədəniyyətinin göstəricisidir

Azərbaycanın qədim diyarı Naxçıvan ərazicə kiçik olsa da, çox zəngin tarixə və mədəniyyətə malikdir. Bu qədim oğuz yurdunun hansı səmtinə üz tutsan, orada mütləq hər hansı bir tarixi tikiliyə rast gəlmək mümkündür. Nekropollar, qədim yaşayış yerləri, məscid və hamamlar, türbələr, qalalar, karvansaraylar Naxçıvanın keçmiş zamanlardan günümüzədək yaşatdığı tarixi abidələrdir. Bu tarixi abidələr sırasında öz əhəmiyyətinə görə seçilən tikililərdən biri də körpülərdir. Yaşı yüz illərlə ölçülən bu körpülər tarixi mədəniyyətimizin bir hissəsi kimi Naxçıvanın mühüm ticarət, elm, mədəniyyət mərkəzlərindən biri olmasının da göstəricisidir. Ümumiyyətlə, körpülərin mahiyyətinə vardıqda aydın olur ki, bu cür tikililər, əsasən, keçid rolunu oynasa da, eyni zamanda müxtəlif əlaqələrin qurulmasında böyük əhəmiyyət daşıyır.

Tarixən Naxçıvanın Çindən Avropaya uzanan Böyük İpək Yolu üzərində yerləşməsi isə buradakı körpülərin tarixi rolunu daha qabarıq şəkildə ortaya qoyur. Naxçıvanda salınmış körpülərin tarixinə diqqət etsək, görərik ki, onların əksəriyyəti orta əsrlər dövründə tikilib. Bu dövr isə, ümumilikdə, Şərqdə elm və ticarətin, mədəniyyətin inkişaf etdiyi mühüm tarixi dövr olub. Bundan əlavə, tikilən körpülər yerli əhalinin də digər yaşayış məntəqələri ilə əlaqə yaratmasında əsas rol oynayıb. İndinin özündə də bu körpülərdən istifadə olunur. Sevindirici haldır ki, muxtar respublikamızda tarixi abidələrə göstərilən dövlət qayğısı hazırda mövcud olan belə tarixi körpülərdən də yan keçməyib. Culfa rayonunun Qazançı kəndindəki Qazançı körpüsünün əsaslı şəkildə qurulması bunu bir daha təsdiq edir. Qazançı körpüsü XVII əsrin əvvəlində Şərq memarlıq üslubunda inşa edilmiş tarixi-memarlıq abidəsidir. Birtağlı körpünün tikintisində müxtəlifhəcmli çaydaşları, bərkidici kimi isə əhəng məhlulundan istifadə edilib. Vaxtilə bu körpüdən Ordubad ərazisində əsas yola birləşən karvan yolları keçib. Körpünün diqqətçəkən tərəflərindən biri də odur ki, bu tikili Azərbaycanın biraşırımlı körpülərinin әn yaxşı nümunəsi sayılır. Eni 3,55, uzunluğu 10,85, hündürlüyü isə 8,8 metr olan körpüdə bərpa işləri aparılan zaman əsas yükdaşıyan hissənin aşınmış daşları dəyişdirilib, daşların arası təmizlənərək əhəng məhlulu ilə bərkidilib. Körpünün şimal tərəfdən yol ilə birləşmə hissəsi orijinallığı saxlanılmaqla bərpa edilib, nəticədə, onun uzunluğu 50 metrə çatıb. Bundan əlavə, tikilinin ətrafında da sahilbərkitmə işləri aparılıb, buradakı istinad divarlarının üzəri dağ daşları ilə üzlənib.

Muxtar respublikamızın ərazisindəki tarixi körpülərin yerləşməsinə diqqət etsək, görərik ki, bu cür tikililərə Ordubad və Culfa rayonlarının ərazisində daha çox rast gəlinir. Bu, bir tərəfdən vaxtilə həmin bölgələrdəki çayların çoxluğu və ya uzun məsafələrlə axması ilə əlaqədardırsa, digər tərəfdən Böyük İpək Yolunun indiki Naxçıvan ərazisinə girişinin Ordubad və ya Culfa rayonları istiqamətindən daha əlverişli olması ilə bağlıdır. Bəs qədim diyarımızın daha hansı tarixi əhəmiyyətli körpüləri var? Təbii ki, bu körpülər haqqında əlimizdə olan məlumatlar ensiklopedik xarakter daşıyır və onların bir neçəsini xatırlatmaq istərdik.

Qeyd edək ki, Naxçıvan ərazisindəki tarixi körpülər içərisində aşırımlarının sayına görə ən böyüyü olan Aza körpüsü Ordubad rayonunun Aza kəndində Gilançayın üzərində XVII əsrdə salınmış memarlıq abidəsidir. Aza kəndi ilə Darkəndi birləşdirən bu körpünün eni 3,5 metr, uzunluğu isə 46 paqonometrdir. Körpü beşaşırımlıdır. Qırmızımtıl rəngli yonulmuş yerli dağ daşından inşa edilmişdir. Körpü inşa edilərkən ərazi nəzərə alınmış, tağlar arasındakı məsafə müxtəlif ölçülərdə qoyulmuşdur. Tağların dördündə dalğakəsən vardır. Hindistanı və Çini Qara dəniz sahilləri və Avropa ölkələri ilə birləşdirən mühüm ticarət-karvan yolu üzərində yerləşən Aza körpüsü Böyük İpək Yolu ilə Şərqdən Qərbə və əksinə hərəkət edən ticarət karvanlarının işini asanlaşdırmaq üçün Səfəvi hökmdarı I Şah Abbasın zamanında (1587-1629) inşa edilib. Buradan keçən ticarət karvanları ilə yerli məhsullar, o cümlədən quru meyvələr, sənətkarlıq məhsulları, ipək ixrac olunurdu. Körpü baş verən təbii fəlakətlər və bəzi tarixi hadisələr nəticəsində dəfələrlə dağılıb, sonralar təmir edilib. Güclü sel suları körpünün bir hissəsini yuyub dağıtdığından bu abidə 1997-ci ildə əsaslı şəkildə bərpa olunub.

Gilançayın üzərində salınmış digər körpü isə Biləv körpüsüdür. Bu körpü beşaşırımlı olsa da, yalnız bir qisminin qalıqları dövrümüzədək gəlib çatıb. XVIII əsrə aid olan bu körpünün aşırımları arasındakı məsafələr müxtəlifdir.

Tağabənzər aşırımlar dördkünc formalı dayaq sütunlar üzərində inşa olunub. Körpünün eni 3,3 metr, uzunluğu isə 55 metrdir. Körpü əhəng məhlulu ilə irihəcmli çay daşları və qaya parçalarından hörülüb, yonulmuş daşlarla üzlənib.

Ordubad rayonunun Bist kəndinin qərb tərəfindən axan Ələhi çayı üzərində salınmış ikitağlı birinci Bist körpüsünün tikintisində həm daş, həm də kərpicdən istifadə olunub. Körpünün I Şah Abbas dövründə inşa edilməsi haqqında fikirlər var.

İkinci Bist körpüsü isə kəndin cənub-şərqində Nəsirvaz çayı üzərində salınmış tarixi-memarlıq abidəsidir. Birtağlı olan bu körpünün uzunluğu, təqribən, 23, hündürlüyü 10, eni isə 4 metrə yaxındır. Körpünün salınmasında məqsəd kəndə gediş-gəlişi təmin etməklə yanaşı, ticarət karvanlarının hərəkətini asanlaşdırmaq olub. Cənub tərəfdə, daşın üzərində 1869-cu il tarixi yazılıb. Tikinti texnikasına görə o, birinci Bist körpüsü ilə oxşarlıq təşkil etsə də, ondan sonrakı dövrdə inşa edilib. Naxçıvan Abidələri Ensiklopediyasında qeyd olunur ki, böyük ehtimalla körpü 1869-cu ildə təmir olunub. Körpü XVII-XVIII əsrlərə aid edilir.

Ordubad rayonunda daha bir tarixi körpü isə Ələhi kəndinin yuxarı hissəsində, Ələhi çayı üzərindəki tarixi-memarlıq abidəsidir. Körpü ikiaşırımlı və çatmatağlıdır. Kobud şəkildə yonulmuş boz dağ daşından inşa edilmişdir. Tikilinin uzunluğu 30, eni 3, hündürlüyü isə 6,5 metrdir. Körpünün qərb oturacağı qaya üzərində hörülüb. XVIII-XIX əsrlərə aid edilən bu körpü hazırda kənd əhalisinin istifadəsindədir.

Məzrə körpüsü də Ordubad rayonu ərazisində, Düylün çayı üzərində yerləşən memarlıq abidəsidir. Körpü Məzrə kəndindən şimal-şərqdə yerləşir. Onun bir hissəsinin qalıqları indiyədək qalır və tikintisində yonulmuş qaya parçalarından və bərkidici məhlul kimi əhəngdən istifadə olunub. Bu memarlıq abidəsi Məzrə kəndinin Urmus, Üstüpü və digər kəndlərlə əlaqə saxlamasına imkan verib. Tikinti texnikasına əsasən XVII-XVIII əsrlərdə tikildiyi ehtimal olunur.

Daha bir memarlıq abidəsi – Üstüpü körpüsü də öz əhəmiyyəti ilə seçilən körpülərdəndir. Düylün çayı üzərində yerləşən bu tikilinin uzunluğu 10 paqonometrdir. Abidənin XVIII əsrin sonu, XIX əsrin əvvəllərində inşa edildiyi ehtimal olunur. Yüksək inşaat texnikası səviyyəsində tikilmiş körpü milli memarlıq xüsusiyyətlərini və möhkəmliyini qoruyub saxlamışdır. Hörgüsündə adi yerli daşdan istifadə edilmişdir. 1996-cı ildə körpünün bərpası nəticəsində Məzrə və Üstüpü kəndlərindən magistral yola çıxış təmin olunmuşdur.

Ordubad rayonunda körpü sayına görə çoxluq Yuxarı Əylis kəndinin payına düşür. I Yuxarı Əylis körpüsünün qalıqları kənddən keçən Əylis çayının içərisindədir. Körpünün yalnız bir aşırımının qalıqları qalıb. Dayaq sütunu və tağın bir qismi qaya daşlarındandır. Əhəng məhlulundan istifadə olunmaqla inşa edilib. Xalq arasında Şah Abbas körpüsü adlanır. Tikili XVI əsrə aiddir. II Yuxarı Əylis körpüsü də Yuxarı Əylis kəndində Əylisçay üzərində tarix-memarlıq abidəsidir. Orta əsr Əylis bazarına yaxın olduğu və gələn ticarət karvanları bu körpüdən bazara daxil olduğu üçün bəzən “Bazar körpüsü” də adlandırılır. Körpünün yerləşdiyi Qarabağ məhəlləsi Zəngəzur mahalından bura gələnlərin adı ilə bağlıdır. Bundan yuxarı Xoşkeçin məhəlləsi yerləşir ki, bu məhəllənin adı da “Körpüdən xoş keçin” arzusundan yaranmışdır. Hazırda təhrif olunaraq “Xoşkeşin” və ya “İşkeşin” şəklində işlədilir. Körpü ağ rəngli dağ daşından inşa edilib. Orta əsrlərdə Ordubad, Əndəmic, Əylis istiqamətində hərəkət edən ticarət karvanları bu körpüdən keçərək Əylis bazarına daxil olurmuş. Burada dincələn və alver edən tacirlər Vənənd istiqamətində irəliləyərək yollarına davam edər, orta əsrlərdə Vənəndçayın üzərində salınan, Vələver kəndi ilə Başkəndi birləşdirən körpüdən keçərək qərbə doğru gedərmişlər. III Yuxarı Əylis körpüsü isə kəndin içərisindəki dərənin üzərindən keçmək üçün inşa olunub. Bu tikili birtağlıdır. Uzunluğu 9, eni 3,2, hündürlüyü 9 metrdir. Tağın kənarları yonulmuş daşlarla bəzədilib. Memarlıq üslubu XVIII əsr abidələri üçün xarakterikdir. Körpü XVIII-XIX əsrlərə aid edilir.

IV Yuxarı Əylis körpüsü də Əylis çayının qollarının birinin üzərində salınıb. Birtağlı körpünün memarlıq üslubu XVIII-XIX əsrlər üçün xarakterikdir. Körpünün tağı kənarlarda yonulmuş daşlarla inşa edilərək əhəng məhlulu ilə bərkidilib.

Culfa rayonu da tarixi körpüləri ilə seçilən bölgələrimizdəndir. Ləkətağ körpüsü rayonun Ərəfsə kəndindən şimal-şərqdə Əlincəçayın üzərində tikilən orta əsrlərə aid memarlıq abidəsidir. Körpü Əlincə çayının sol sahilində olan kəndləri Culfa rayonunun digər kəndləri ilə əlaqələndirib. Bu abidə tağvarı formada olub, müxtəlifhəcmli çay və dağ daşlarından tikilib. Onun tağı kənarlarda yonulmuş ağ daşlardan, ortada isə müxtəlif çay daşları ilə hörülüb. Bərkidici maddə kimi iri qum və əhəng qarışığı olan gəcdən istifadə edilib. Aşağı hissədə körpünün eni 7 metrdir. Onun hündürlüyü daş özülə qədər 5, çaya qədər 6,5 metrdir. Körpünün eni 2,7 metrdir. Onun üst hissəsi tamamilə uçub dağılıb, tağı isə uçmaq üzrədir. Belə hesab etmək olar ki, orta əsrlərdə Əlincəçay vadisi ilə uzanan yol Ərəfsə kəndinin yaxınlığında çayın sol sahili boyunca davam edib. Tikinti texnikasına əsasən tarixçilər körpünün XVI-XVII əsrlərə məxsus olduğunu söyləyirlər.

Culfa rayonunun Gülüstan kəndinin qərbində, Gülüstan körpüsündən 500 metr yuxarıda, Araz çayının üzərində yerləşən Şah Abbas körpüsü də vaxtilə mühüm keçid yollarından biri olub. Bu körpü, demək olar ki, tamamilə dağılıb. İndiki dövrdə körpünün yalnız iki dayaq sütununun müəyyən hissəsi qalıb. Sütunlardan biri çayın ortasındakı qayanın üzərində, digəri isə sol sahildəki dəmiryol xəttinin altında qalmışdır. Qırmızı qum daşından tikilən dayaq sütunun üzlük daşları düşüb. Aşırımlar arasındakı məsafə əraziyə uyğun olaraq müxtəlif olub. Bu körpünün qalıqlarına xalq arasında “Şah Abbas küləfrəngisi” də deyirlər. Tədqiqatçılar körpünün qalıqlarına görə abidənin inşasını XVI-XVII əsrlərə aid edirlər.

Hazırda muxtar respublikamızın digər bölgələrində də tarixi körpülərə rast gəlmək mümkündür. Biz isə onların daha çox yayıldığı Ordubad və Culfa rayonlarının ərazilərindəki körpülər haqqında məlumatları xatırlatmağa çalışdıq. Körpülər haqqında ümumi qənaətimiz bundan ibarətdir ki, bu tikililər tarixi, mədəni, ticari əhəmiyyəti ilə yanaşı, həm də orta əsrlər çağının mühəndislik bacarığını, memarlıq mədəniyyətini ortaya qoyur. Bu baxımdan belə abidələrimizi qoruyub saxlamaq hər birimizin vətəndaşlıq borcudur.

"Şərq qapısı" qəzeti

08.01.2019

Joomla 1.5