“Muzeylərdə mədəni-kütləvi tədbirlərin təşkili” mövzusunda dəyirmi masa keçirilib

Noyabrın 20-də C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Muzeylərdə mədəni-kütləvi tədbirlərin təşkili” mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masanı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin baş məsləhətçisi Qumral Əsədova bildirib ki, bu gün muxtar respublikamızda 30 muzey fəaliyyət göstərir ki, bunlara muxtar respublika əhəmiyyətli muzeylərlə yanaşı, tarix-diyarşünaslıq muzeyləri, ev-muzeyləri, xatirə muzeyləri, muzey kompleksləri, dövlətçilik tariximizlə bağlı muzeylər daxildir.

Ümummilli lider Heydər Əliyevin müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə muzey işi öz inkişafının yeni mərhələsinə qədəm qoymuş, bu sahədə qanunvericilik bazası yaradılmışdır. Bu dövrdə “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, muzey fəaliyyəti sahəsində dövlət siyasətinin əsas prinsipləri və dövlətin vəzifələri, muzeylərin hüquqları, muzey fondları, muzeylərə dövlət qayğısı və nəzarəti artırılmışdır.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında da muzeylərin fəaliyyəti diqqətdə saxlanılır, muzey ekspozisiyaları zənginləşdirilir, yeni muzeylər yaradılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində muzeylərimiz müasir tələblər əsasında yenidən qurulmuş, bu sahədə mühüm işlər həyata keçirilmişdir. Bu mədəniyyət ocaqlarında xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 130 mindən çox eksponat toplanmışdır. Bu ilin 10 ayında muxtar respublikanın muzeylərinə 1243 eksponat daxil olmuşdur.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq mərkəzi və yerli icra hakimiyyəti orqanları kollektivlərinin bu mədəniyyət müəssisələrinə gedişi maddi-mənəvi sərvətlər xəzinəsi olan muzeylərə marağın artmasına, tariximizin, mədəni irsimizin və dövlətçilik ənənələrimizin hərtərəfli öyrənilməsinə geniş imkanlar açmışdır. Bu il muzeylərimizi 496 min 861 tamaşaçı ziyarət etmişdir ki, onlardan 150 minə yaxın xarici ölkə vətəndaşıdır.

Qeyd edilib ki, dəyirmi masanın keçirilməsində əsas məqsəd muzeylərdə işçilərin peşə biliklərinin artırılması, muzeylərdə mədəni-kütləvi tədbirlərin təşkili zamanı qarşıya çıxan çətinliklərin aradan qaldırılması yollarını müzakirə etməkdir.

Sonra Heydər Əliyev Muzeyinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyev, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Nəzakət Əsədova, Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Rəhimov, C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova, Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli, Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəli, Dövlət Bayrağı Muzeyinin direktoru Rəmzi Hüseynov, Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Ülviyyə Məmmədova çıxış edərək muzeylərdə mədəni-kütləvi tədbirlərin təşkili məsələlərindən, ekskursiyaların aparılması qaydalarından, mədəni-kütləvi tədbirlərn forma və metodlarından, tədris, maarifləndirici, əlamətdar və tarixi günlərlə bağlı mədəni-kütləvi tədbirlərin fərqli cəhətləri ilə bağlı məsələlərə toxunulmuş, muzey işi sahəsində yeniliklərdən söhbət açmışlar.

Sonda muzey ekspozisiyasına baxış olub.

Joomla 1.5