Bəstəkarlar Təşkilatının 40 illiyinə həsr olunmuş tədbir keçirilib

Noyabrın 20-də Naxçıvan Musiqi Kollecində Bəstəkarlar Təşkilatının 40 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri Naxçıvan Musiqi Kollecinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Günay Əliyeva giriş sözü ilə  açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatı ötən 40 il ərzində bu təşkilat muxtar respublikanın ictimai-mədəni həyatında fəal iştirak etmiş, milli musiqi mədəniyyətinin zənginləşməsi yolunda səmərəli fəaliyyət göstərmişdir. Müstəqillik illərində muxtar respublikada Bəstəkarlar Təşkilatının fəaliyyəti üçün hərtərəfli şərait yaradılmış, onun sıralarına yeni üzvlər qəbul edilmişdir.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasında milli musiqimizin inkişafına hərtərəfli dövlət qayğısı göstərilir. Mədəniyyətimizin bütün sahələri kimi musiqi sənətimiz də bu qayğıdan bəhrələnir. Son illərdə bu sahədə görülən işlərin miqyası xüsusilə genişlənmişdir. Naxçıvan şəhərində, rayon mərkəzlərində yeni musiqi məktəbləri inşa olunaraq istifadəyə verilmiş, Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının, Naxçıvan Musiqi Kollecinin maddi-texniki bazası gücləndirilmiş, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının, Aşıqlar Birliyinin fəaliyyəti üçün iş şəraiti təmin edilmişdir. Muxtar respublikamızda gənc nəslin musiqi təhsilinə də xüsusi diqqət yetirilir. 1998-ci ildə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin nəzdində konservatoriyanın fəaliyyətə başlaması isə ali təhsilli musiqiçi kadrların yetişdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 27 iyul 2015-ci il tarixli Sərəncamında musiqi tədrisi sahəsində yeni imkanlar açmışdır. Bu məqsədlə təcrübələr,ustad dərslərtəşkil olunur,gənc musiqiçilərin peşəkar bəstəkar və musiqiçilərlə görüşləri, həmçinin istedadlı tələbələrin solo konsertləri keçirilir.

Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Yaşar Xəlilov “Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının fəaliyyəti” mövzusunda çıxış edərək qeyd etmişdir ki, ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və qayğısı ilə 1978-ci ildə yaradılan Naxçıvan Bəstəkarlar Təşkilatı muxtar respublikasının musiqi mədəniyyətinin inkişafı və zənginləşdirilməsi yolunda uğurlu fəaliyyət göstərir. Bəstəkarlar Təşkilatının ötən illərdəki hesabat konsertlərindən söhbət açan Yaşar Xəlilov bildirib ki, naxçıvanlı bəstəkarların müxtəlif janrlarda yazdıqları yeni əsərlər musiqisevərlərin marağına səbəb olmuşdur. Naxçıvanlı bəstəkarların əsərləri, simfonik və kamera musiqisi dəfələrlə böyük  konsert salonlarında səslənmişdir. Təşkilat üçün yüksək iş şəraitinin yaradılması və göstərilən dövlət qayğısı onların yaradıcılıq imkanlarını daha genişləndirmiş, bəstəkarlarımızı yeni əsərlər yaratmağa ruhlandırmışdır.

Sonra Naxçıvan Bəstəkarlarının əsərlərindən ibarət konsert olmuşdur.

Bəstəkarlardan Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimləri Şəmsəddin Qasımovun, Yaşar Xəlilovun, Kamal Əhmədovun, Fəridə Ağayevanın, Vidadi Heydərovun müxtəlif janrlarda və mövzularda bəstələdiyi əsərlər müəllim və tələbələr tərəfindən ifa edilmişdir. Kamal Əhmədovun “Aşıqsayağı”, “Şikəstə” Şəmsəddin Qasımovun “ Sən həmişə bizimləsən”, Fəridə Ağayevanın “Payız”, Vidadi Heydərovun “Doğma Naxçıvanım” və başqa musiqi əsərləri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.

Joomla 1.5