“Mədəni irs” intellektual oyunu keçirilib

Naxçıvan Şəhərindəki Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin 2018-ci il üçün iş planına əsasən nazirliyin tabeliyində olan müəssisələrin gəncləri arasında “Mədəni irs” intellektual oyunu keçirilib.

Oyun başlamazdan əvvəl Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin aparıcı məsləhətçisi Kənan Tağızadə çıxış edərək bildirib ki, oyunun keçirilməsində əsas məqsəd gənclərin mədəni irsimiz haqqında biliklərini sınamaq, asudə vaxtının səmərəli  keçirilməsinə nail olmaq, onların dünyagörüşünü zənginləşdirməkdir.

Sonra aparıcı oyunda iştirak edən 8 komanda haqqında məlumat vermişdir. Bildirmişdir ki, bu turda “Melodiya” (Naxçıvan Musiqi Kolleci), “Araz” (Naxçıvan Şəhər Mədəniyyət Şöbəsi), “Arpaçay” (Şərur Rayon Mədəniyyət Şöbəsi), “Turan” (Babək Rayon Mədəniyyət Şöbəsi), “Gəmiqaya” (Ordubad Rayon Mədəniyyət Şöbəsi), “Əlincəqala” (Culfa Rayon Mədəniyyət Şöbəsi), “Çınqıllı” (Şahbuz Rayon Mədəniyyət Şöbəsi), “Yaşıl budaq” (Sədərək Rayon Mədəniyyət Şöbəsi) komandaları iştirak ediblər.

Komandalara seçim turunun keçirilməsi haqqında məlumat verilərək birdirilmişdir ki, ən çox bal toplayan 4 komanda II tura (finala) vəsiqə qazanacaqdır. Birinci turda komandaların hər bir iştirakçısı üçün 5 sual səsləndiriləcəkdir. İlk 4 sual Azərbaycanın və muxtar respublikanın mədəniyyəti və incəsənəti ilə bağlı olacaqdır. Sonuncu sual Azərbaycan filmlərindən göstərilən fraqmentlərin düzgün müəyyən edilməsi ilə cavablandırılacaqdır.

İkinci turda (finalda) isə komandaların hər bir iştirakçısına 10 sual veriləcəkdir. İlk 9 sual yenə də Azərbaycanın və Naxçıvanın mədəniyyəti və incəsənəti ilə bağlı, sonuncu sual isə Azərbaycan filmlərindən fraqmentlər göstərilməklə 40 sual veriləcəkdir. Hər bir sualın düzgün cavabı 100 balla qiymətləndiriləcəkdir. I, II, III və IV yerlərin qalibi elan olunacaq. Sonuncu komanda diplomla mükafatlandırılacaqdır.

Maraqlı və gərgin keçən “Mədəni irs” intellektual oyununda komandaların gənc iştirakçıları mədəni irsimizlə bağlı sualları cavablandırmaqla fəallıq göstəriblər.

Final mərhələsinə vəsiqə almış və ən yüksək bal toplamış komandalar mükafatlandırılıblar. “Araz” komandası (Naxçıvan Şəhər Mədəniyyət Şöbəsi) I, “Turan” komandası (Babək Rayon Mədəniyyət Şöbəsi) II, “Melodiya” komandası (Naxçıvan Musiqi Kolleci) III yerlərin qalibi olublar.

Joomla 1.5