Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib

Noyabrın 16-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü ilə bağlı tədbir keçirilib.

Tədbiri Naxçıvan  Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova açaraq bildirib ki, Naxçıvan Azərbaycanın milli dövlətçilik tarixində mühüm yer tutur. Dünya sivilizasiyasına möhtəşəm mədəniyyət nümunələri bəxş edən bu qədim diyar həm də Azərbaycan xalqının yüzillər boyu formalaşmış böyük dövlətçilik ənənələrini özündə yaşadır. Qədim tarixə, zəngin dəyərlərə malik olan xalqımızın yenilməzlik ruhu bu gün milli siyasət və ideologiyanın ən mühüm simvolu olan Azərbaycanın üçrəngli bayrağında öz təsdiqini tapmış, 28 il bundan əvvəl, 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda əbədi yüksəkliyə qaldırılmışdır.

Qeyd olunub ki, Naxçıvanın ötən əsrin 20-ci illərində qazandığı milli sərvəti – muxtariyyəti Azərbaycan dövlətçiliyinin inkişafı, tarixi ənənələrin qorunub yaşadılması istiqamətində atılan əsaslı addımlar üçün zəmin hazırlamışdır. Belə ki, Naxçıvanın muxtar dövlət olması 1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının muxtar respublikanın Dövlət Bayrağı kimi qəbul edilməsi qarşısında heç bir siyasi-hüquqi maneənin olmamasına şərait yaratmış və  müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğu prosesi Naxçıvandan başlanılmışdır. Ulu öndərin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin sessiyasında böyük dövlət xadiminin təşəbbüsü ilə ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olunmuşdur.

Müstəqilliyimizin, dövlətçiliyimizin və milli dəyərlərimizin daşıyıcısı olan üçrəngli bayrağımıza ümumxalq sevgisinin formalaşdırılması Heydər Əliyev siyasi yolunun əsasını təşkil edir.

Vurğulanıb ki, çoxəsrlik dövlətçilik tariximizdə qəbul olunmuş rəmzlərin, rəsmi şəkildə istifadə edilmiş bayraqların bütöv bir sistem halında tədqiq edilməsi milli ideologiyanın tarixi köklərini və mahiyyətini müəyyən etmək baxımından mühüm əhəmiyyətə malikdir. Bu mənada, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 2014-cü il avqustun 22-də imzaladığı Sərəncam tarixi əhəmiyyət daşıyır. Sərəncamın icrasına uyğun olaraq Naxçıvan şəhərində yaradılan və 2014-cü ildə Azərbaycan dövlətçiliyi üçün tarixi əhəmiyyət kəsb edən bir gündə – noyabrın 17-də keçirilən Dövlət Bayrağı Meydanı və Muzeyinin açılış mərasimi, həmçinin həmin gün - 2014-cü il 17 noyabr tarixli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” Sərəncamı və hər il noyabr ayının 17-sinin Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilməsi ulu öndər Heydər Əliyevin yoluna sədaqətin ifadəsidir.

Azərbaycanın üçrəngli bayrağı dövlətimizin müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin, mənəvi dünyasının rəmzidir. Hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir. Azərbaycan əsgəri Vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı ali missiyanı öz üzərinə götürərkən üçrəngli bayrağa and içir. 17 noyabr tarixinin - Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Gününün qeyd edilməsi hər bir Azərbaycanlı vətəndaşına Azərbaycan dövlətinin və xalqının imzasını əbədi təsdiq edən qürurunu yaşadır.

Sonra muzeyin ekspozisiyasına baxış olub.

Joomla 1.5