Bəstəkarlar Təşkilatının 40 illiyinə həsr olunmuş tədbir keçirilib

Noyabrın 16-da C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Bəstəkarlar Təşkilatının 40 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova açaraq bildirib ki, 40 illik yubileyi qeyd edilən Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatı ümummilli lider Heydər Əliyevin təşəbbüsü və qayğısı ilə 1978-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının Naxçıvan Təşkilatı kimi yaradılmış və Naxçıvanda musiqi sənətinin yüksəlişinə stimul vermişdir. Ötən 40 il ərzində bu təşkilat muxtar respublikanın ictimai-mədəni həyatında fəal iştirak etmiş, milli musiqi mədəniyyətinin zənginləşməsi yolunda səmərəli fəaliyyət göstərmişdir. Müstəqillik illərində muxtar respublikada Bəstəkarlar Təşkilatının fəaliyyəti üçün hərtərəfli şərait yaradılmış, onun sıralarına yeni üzvlər qəbul edilmişdir. Bu illərdə Naxçıvan bəstəkarlarının böyük uğurları olmuşdur.

Təqdirəlayiq haldır ki, Naxçıvan Bəstəkarlar Təşkilatının üzvlərinin yeni əsərləri muxtar respublikanın musiqi kollektivlərinin ifasında geniş tamaşaçı kütləsinə təqdim olunur. Bu gün bəstəkarlarımızın sırasında gənc, orta və yaşlı nəslin nümayəndələri bir addımlayırlar. Bu vəhdət həm də yaradıcılıq uğurlarının, sənət və təcrübə ənənələrinin yaranmasında mühüm rol oynayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Azərbaycan musiqisi xalqımızın zəngin mədəniyyətini və milli dəyərlərini bütün dünyaya nümayiş etdirir. Mərasim-məişət nəğmələrimiz, muğam və aşıq yaradıcılığımız, Naxçıvandakı Gəmiqaya abidələrində əks olunan yallı elementləri bir tərəfdən bəşəriyyətin ilkin melodiya və ritm sənəti haqqında məlumat verirsə, digər tərəfdən musiqi mədəniyyətimizin nə qədər zəngin olduğunu göstərir”.

Naxçıvan Muxtar Respublikasında milli musiqimizin inkişafına hərtərəfli dövlət qayğısı göstərilir. Mədəniyyətimizin bütün sahələri kimi musiqi sənətimiz də bu qayğıdan bəhrələnir. Son illərdə bu sahədə görülən işlərin miqyası xüsusilə genişlənmişdir. Naxçıvan şəhərində, rayon mərkəzlərində yeni musiqi məktəbləri inşa olunaraq istifadəyə verilmiş, Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının, Naxçıvan Musiqi Kollecinin maddi-texniki bazası gücləndirilmiş, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının, Aşıqlar Birliyinin fəaliyyəti üçün iş şəraiti təmin edilmişdir. Muxtar respublikamızda gənc nəslin musiqi təhsilinə də xüsusi diqqət yetirilir. 1998-ci ildə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin nəzdində konservatoriyanın fəaliyyətə başlaması isə ali təhsilli musiqiçi kadrların yetişdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 27 iyul 2015-ci il tarixli Sərəncamında musiqi tədrisi sahəsində yeni imkanlar açmışdır. Bu məqsədlə təcrübələr, ustad dərslər təşkil olunur, gənc musiqiçilərin peşəkar bəstəkar və musiqiçilərlə görüşləri, həmçinin istedadlı tələbələrin solo konsertləri keçirilir.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamından sonra Azərbaycan xalqının qədim mədəni irsini yaşadan xalq musiqisi, yallılar, xalq rəqsləri, toy adətləri təbliğ olunmağa başlamışdır. Muxtar respublikada son illər xalq musiqisinin, yallılarımızın, muğamlarımızın nota köçürülməsi sahəsində də işlər görülmüş, “Naxçıvan-Şərur el yallıları”, “Naxçıvan bəstəkarlarının uşaq mahnıları”, “Azərbaycan muğamları” və başqa dəyərli kitablar nəşr edilmişdir.

Muxtar respublikanın musiqi kollektivlərinin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, səmərəli fəaliyyətlərinə görə musiqiçilərimiz Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, Prezident təqaüdü və mükafatlarına layiq görülmüşlər. Naxçıvan bəstəkarları da bu qayğıdan bəhrələnərək yeni-yeni musiqi əsərləri yazaraq ölkəmizin musiqi mədəniyyətinə öz töhfələrini verirlər.

Nazir çıxışının sonunda Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatına gələcək fəaliyyətində və muxtar respublikanın musiqi mədəniyyətinin inkişaf etdirilməsində yeni-yeni uğurlar arzulamış və mədəniyyət və incəsənətimizə göstərilən böyük diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova mədəniyyət ictimaiyyəti adından dərin minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının Sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Yaşar Xəlilov “Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının fəaliyyəti” mövzusunda çıxış edərək qeyd etmişdir ki, təşkilat muxtar respublikasının musiqi mədəniyyətinin inkişafı və zənginləşdirilməsi yolunda uğurlu fəaliyyət göstərir. Bəstəkarlar Təşkilatının ötən illərdəki hesabat konsertlərindən söhbət açan Yaşar Xəlilov bildirib ki, naxçıvanlı bəstəkarların müxtəlif janrlarda yazdıqları yeni əsərlər musiqisevərlərin marağına səbəb olmuşdur. Naxçıvanlı bəstəkarların əsərləri, simfonik və kamera musiqisi dəfələrlə böyük  konsert salonlarında səslənmişdir. Təşkilat üçün yüksək iş şəraitinin yaradılması və göstərilən dövlət qayğısı onların yaradıcılıq imkanlarını daha genişləndirmiş, bəstəkarlarımızı yeni əsərlər yaratmağa ruhlandırmışdır.

Sonra Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının hesabat konserti olmuşdur.

Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, bəstəkar Şəmsəddin Qasımovun “Sönməyən Günəşim” əsəri ilə başlayan hesabat konsertində ayrı-ayrı janrlarda bəstələnmiş mahnı və musiqi nömrələri səsləndirilmişdir. Bəstəkarlardan Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimləri Şəmsəddin Qasımovun, Yaşar Xəlilovun, Kamal Əhmədovun, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Əkrəm Məmmədlinin və başqalarının əsərləri Naxçıvan Dövlət Filarmoniyasının Xalq çalğı alətləri, kamera və estrada orkestrinin müşayiəti ilə solistlər tərəfindən ifa edilmişdir. Azərbaycan Respublikasının Əməkdar artisti Gülyanaq Fərzəliyevanın, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Yaşar Xəlilovun, solistlərdən Ruhiyyə Hüseynovanın, İlkin Abdullayevin, Mürsəl Tağılının, Rahim Əsgərzadənin ifa etdikləri “Sönməz Günəşim”, “Röyaya daldım”, “Zəfər marşı”, “Bayraq”, “Qayıtma” və başqa musiqi əsərləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

Joomla 1.5