Mütaliə günü ilə bağlı konfrans keçirilmişdir

Noyabrın  16-da “Naxçıvan” Universitetində Mütaliə günü çərçivəsində “Kitab  idrak  xəzinəsidir” adlı  konfrans  keçirilmişdir.

Tədbiri  giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar  Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Rahilə Məmmədova açmışdır. M.S.Ordubadi  adına  Naxçıvan Muxtar  Respublika Kitabxanasının elmi katibi Günay Kəngərli “Oxucularda mütaliə vərdişinin formalaşdırılması”, M.S.Ordubadi adına  Naxçıvan Muxtar  Respublika Kitabxanasının kitabxanaçısı Aysel Musayeva  “Kitab idrak xəzinəsidir”  adlı mövzularla   çıxış etmişlər.

Çıxışlarda bildirilmişdir ki, aqillər kitabı bilik, zəka, idrak mənbəyi, kamillik vasitəsi hesab edirlər.  Bu səbəbsiz deyil. Çünki insanlar ən yüksək keyfiyyətləri, əsl təhsili yalnız mütaliə etməklə qazanırlar. Kitab oxumaq insanın ruhunu  qidalandıran, daxilindəki mənəvi boşluğu dolduran çox əhəmiyyətli bir vasitədir.

Böyük şəxsiyyətlərin həyatlarına nəzər yetirdikdə, onların hərtərəfli inkişafında mütaliənin əhəmiyyətli rol oynadığını aydın şəkildə görmək mümkündür. Mütaliə edənlər müxtəlif yaşda olan insanlardır. Oxucular arasında  məktəblilər də var, gənclər də, yaşlılar da. Mütaliəni cəmiyyət içərisində genişləndirmək və ona qarşı maraq yaratmaq lazımdır. Mütaliənin ilkin əsası ailədə qoyulmalıdır. Uşaqlara körpə yaşlarından etibarən nağıllar danışıb, maraqlı kitablar oxunmalıdır.   Belə olduqda uşaqda natiqlik formalaşır, çoxlu söz ehtiyatı yaranır, dərketmə və təhliletmə qabiliyyəti inkişaf edir.

Bununla yanaşı  uşağın  özünün  müstəqil fikir yürütmə qabiliyyəti inkişaf edir və hazırcavab olur. Çox mütaliə edən məktəbli dərslərini hazırlayarkən  çətinlik çəkmir.  İnsan məktəbdə elmin dərinliklərini öyrənir, ali təhsil aldığı müddətdə öz biliyini zənginləşdirir. Sonrakı illərdə şəxsi mütaliəsi  nəticəsində kamilləşir,  aqilləşir. Elə böyük sənətkarlar, dahilər var ki, onlar ancaq şəxsi mütaliə yolu ilə zəngin bilik əldə etmişdir.

Tədbirin sonunda “Oxunması zəruri olan kitablar”ın sərgisinə baxış keçirilmişdir.

Joomla 1.5