“Qırmızı, yaşıl, mavi” tamaşası Şərurda göstərilib

Noyabrın 15-də Sədərək Rayon Mədəniyyət Evində M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Arzu Soltanın “Qırmızı, yaşıl, mavi” tamaşası uşaq və məktəblilərə təqdim edilib.

Tamaşanın nümayişindən əvvəl M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Şirzad Abutalıbov çıxış edərək uşaqların və məktəblilərin sevimli teatrı haqqında onlara qısa məlumat verib. Bildirilib ki, teatr yarandığı dövrdən uşaq və məktəblilərin zövqünü oxşayan tamaşalar hazırlamış, onların estetik zövqünü formalaşdırmış, mənəvi-estetik prinsipləri əsas tutmuşdur. “Niyyət açarı”, “Göyçək Fatma”, “Ələddinin sehirli çırağı”, “Sirli sözlər”, “Tovuzquşunun nəğmələri”, “Qırmızı papaq”, “Qoğalın sərgüzəşti”, “Qırmızı, yaşıl, mavi” və başqa tamaşalar uşaq və məktəblilər tərəfindən maraqla qarşılanmışdır.

Xalq artisti uşaqları Dövlət Bayrağı Günü münasibəti ilə təbrik edərək bildirib ki, bugün nümayiş etdiriləcək “Qırmızı, yaşıl, mavi” tamaşası da müqəddəs bayrağımızla bağlıdır. Bu tamaşa uşaqlar üçün maraqlı pyeslərin müəllifi Arzu Soltanın ilk əsəridir ki, Naxçıvan səhnəsində tamaşaya qoyulmuşdur. Arzu xanımın başqa pyeslərində olduğu “Qırmızı, yaşıl, mavi” tamaşasında da müxtəlif nağıl süjetlərinin yeni formada, mətndə tətbiqi yönümü, müasir təqdimi maraq doğurur. Arzu Soltan uşaqlar üçün yazılmış 20-dən çox pyesin müəllifidir.  Müəlifin əsərlərində bütün yaş qrupundan olan uşaqların nəzərə alınması da maraq doğurur.

Sonra “Qırmızı, yaşıl, mavi” tamaşası göstərilib.

Tamaşa səhnədə qoyulmuş bayrağın rənglərinin oğurlanması ilə başlayır. Rənglər oğurlanandan sonra təbiət, ağaclar, otlar boz rəngə çevrilir.

Tunc (aktyor İlqar Babayev) və Gilənar (aktrisa Əfsanə Əsgərova) giləmeyvə toplamaq üçün meşəyə çıxsalar da heç nə tapa bilmirlər. Qərara gəlirlər ki, Rəngsazın (aktyor Süleyman Süleymanov) yanına gedib bu hadisələri bunun səbəbini bilsinlər. Rəngsaz rənglərin divlər tərəfindən oğurlandığını deyir. Tunc və Gilənar qırmızı, yaşıl rəngin dalınca gedir və uğurla geri dönürlər. Mavi rəngin dalıca isə Dəniz (aktyor Arzu Səfərov) qaranlıq dünyaya gedir və onu Zərgərdən (aktyor İbad Nəbiyev) alıb birlikdə öz ölkəsinə dönür.

Tamaşada Ay və Ulduzun bayraqda əksini tapması da maraqla qarşılanır. Tamaşadakı Ala Div (aktyor İlham Babayev)  və Bələdçi Xanım (aktrisa Ulduz Süleymanova) personajları da hadisələrin açılmasında əsas rol oynayırlar.

“Qırmızı, yaşıl, mavi” tamaşasının quruluşçu rejissoru xalq artisti Şirzad Abutalıbov, quruluşçu rəssamı Rafael Qədimov, bəstəkarı Əli Məmmədovdur.

Tamaşa uşaq və məktəblilərə xoş əhval-ruhiyyə bəxş edib.

Joomla 1.5