“Qaynana əməliyyatı” tamaşası rayonlarda göstəriləcək

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı repertuardan kənar hazırladığı dramaturq və ssenarist Əhməd Orucoğlunun “Qaynana əməliyyatı” tamaşasını muxtar respublikanın rayonlarında göstərməyi qərara almışdır. Tamaşa 15 noyabrda Babək Rayon Mədəniyyət Evində rayon sakinlərinə təqdim edilmişdir. Qarşıdakı günlərdə tamaşanın Ordubad (16 noyabr), Culfa (19 noyabr), Sədərək (21 noyabr), Şərur (22 noyabr) və başqa rayonlarda da göstərilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Əhməd Orucoğlunun uşaqlar və böyüklər üçün yazdığı bir sıra tamaşaları ölkəmizin müxtəlif teatrlarında, o cümlədən Dağıstanda uğurla səhnəyə qoyulmuşdur. Yazıçı-ssenaristin “Qonşular”, “Qaynana əməliyyatı”, “Məhəbbət bir bəladır”, “Nənənin kələyi”, “Oğru”, “Açarlarını itirənlər”, “Zınqırovlu pişik” və başqa komediyaları müxtəlif teatrlarda səhnəyə qoyulmuşdur. Dramaturq 15-ə qədər səhnə əsərinin müəllifidir. Əhməd Orucoğlunun ssenariləri əsasında bir sıra filmlər çəkilmişdir. Onun “Qaynana əməliyyatı” komediyası televiziyada (1999) lentə də alınmışdır.

Şən və maraqlı süjet əsasında qurulmuş süjet xəttində qaynananın kürəkənləri üçün qurduğu kələkdən söhbət açılır. Qaynananın oğurlandığını görən qızları və kürəkənləri təşvişə düşürlər. Bütün hadisələr də bundan sonra başlayır. Onun azad olunması üçün tələb olunan pulun məbləği isə çoxdur. Müxtəlif gülməli vəziyyətlərlə rastlaşan kürəkənlərin qaynananı azad etmək üçün göstərdiyi cəhdlər komediyanın əsas mövzusudur.

Tamaşada əsas rollarda teatrın aktyorları Ələsgər Quliyev (Səlim), Anar Eyvazov (Həmid), Nazlı Hüseynquliyeva (Gülnaz), Zülfiyyə Zeynalova (Naznaz), Səyyad Məmmədov (Polis), Şölə Alışova (Agent), Dünyamalı Orucov, İdris Əliyev, Elşən Nəcəfov (Ruhlar) rol almışlar.

Ailə-məişət mövzusunda olan tamaşanın nikbin sonluqla bitməsi və düşündürücü gülüşlə zəngin olması maraqla qarşılanır.

Tamaşanın rejissoru və musiqi tərtibatçısı Həcər Cavanşir, səhnə tərtibatçısı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əbülfət Axundovdur.

“Qaynana əməliyyatı” tamaşası rayon sakinləri tərəfindən maraqla qarşılanmışdır.

Joomla 1.5