Xalq teatrı Ordubadda olub

Noyabrın 14-də Ordubad Rayon Mədəniyyət Evində Naxçıvan Şəhər Xalq Teatrı Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidovun “Yarımgünlük rəis müavini” satirik komediyası əsasında hazırlanmış tamaşanı rayon sakinlərinə təqdim etmişdir.

Qeyd edək ki, Naxçıvan Şəhər Xalq Teatrı 1970-ci ildən  Naxçıvan Şəhər 1 nömrəli Mədəniyyət Evində dram dərnəyi kimi fəaliyyətə başlamış, 1971-ci ildə kollektivə xalq teatrı statusu verilmişdir.

Teatrın səhnəsində müxtəlif illərdə “Ezop”, “Bəxtsiz cavan”, “Ana”, “Məhəbbət nişanəsi”, “Durna”, “Yollara iz düşür”, “Vaqif”, “Kamança”, “Unudulan adam”, “Çimnaz xanım yuxudadır”, “Qəşəmin yuxusu”, “Arvadımın əri” və başqa tamaşalr uğurla səhnəyə qoyulmuşdur. Bu xalq teatrının səhnəsində vaxtilə çalışmış bir sıra aktyor və aktrisalar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülməklə, bu gün də teatr sənətimizə öz töhfələrini verirlər.

Bir pərdədən və dörd şəkildən ibarət “Yarımgünlük rəis müavini” tamaşasında baş verən hadisələr məşğulluq idarəsində baş verir. İdarə işçilərinin işə səhlənkar münasibəti və yarıtmaz fəaliyyəti nəticəsində yaranmış satirik komik vəziyyət tamaşanın əsas gülüş hədəfidir. İdarədə rəis müavini vəzifəsi boşdur və bu vəzifəyə seçilmək üçün idarə işçiləri olan Nemət (Akif Əsədov), Zəhmət (Mirsaleh Seyidov) və Əhməd (Sultan Səfərov) mübarizə aparırlar. Məhz həmin mübarizədə sadalanan obrazlar satirik gülüş yaradan vəziyyətlərə düşürlər. İdarə rəisinin qayınatası dünyasını dəyişir. Mərhumu dəfn etməyə isə qəbiristanlıqda yer olmur. Bu zaman Nemət fürsətdən istifadə edərək rəisin qayınatasının dəfn olunmağı üçün öz atasının qəbrini sökür. Məqsəd isə rəis müavini olmaqdır. Beləliklə, Nemət günün ikinci yarısından etibarən rəis müavini təyin edilir. Lakin iş gününün sonuna doğru Nazirlər Kabinetinin əməkdaşı Ədalət (Məhərrəm Nadirov) ədaləti bərpa etmək üçün idarəyə gəlir, səriştəsi və iş qabiliyyəti olan adamın rəis müavini təyin olunacağını və Nazirlər Kabinetinin qərarı ilə idarədə struktur və vəzifə dəyişikliyi ediləcəyini bildirir. Amma bu idarədə heç kim bu vəzifələrdə çalışmağa layiq deyil. Nəticədə, idarə bağlanır.

Rejissoru və rəssamı Akif Əsədov, musiqi tərtibatçısı Mirsaleh Seyidov olan tamaşanın əsas ideyası Nemətin yuxuda İnkirlə Minkir tərəfindən sorğu-sual edilməsi səhnəsində açılır. Aydın olur ki, Nemət insanlığa yaraşmayan əməllərinə görə atasının qəbirdən çıxardığı sümüklərini çiynində gəzdirməyə məhkum edilib.

Səhnə əsərində baş verən hadisələrin təqdimatı və əsərin əsas ideyasının tamaşaçıya çatdırılması baxımından tamaşadakı obrazların aktyorlar tərəfindən canlı və təbii ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, “Yarımgünlük rəis müavini” tamaşası Naxçıvan Şəhər Xalq Teatrının bu il teatrsevərlərə təqdim etdiyi ikinci tamaşadır. Xalq teatrının bu il səhnələşdirdiyi və mart ayının 29-da Babək Rayon Mədəniyyət Evində ictimaiyyətə təqdim etdiyi ilk tamaşa osetin dramaturqu Georgi Xuqayevin eyniadlı əsəri əsasında səhnələşdirilmiş “Arvadımın əri” tamaşası olub.

Joomla 1.5