Mədəniyyət müəssisələrində bir sıra tədbirlər keçirilmişdir

Oktyabr ayında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən əlamətdar və tarixi günlərlə bağlı tədbirlər keçirilmiş, muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, Bəhruz Kəngərli Muzeyində, “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyində muzey işçiləri üçün seminar-treninq olmuşdur. Ay ərzində muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin kollektivlərinin muzeylərlə tanışlığı təmin edilmiş, muzeyləri ümumilikdə 61 min 301 nəfər tamaşaçı ziyarət etmişdir ki, onlardan da 17 min 249 nəfəri əcnəbi vətəndaş olmuşdur. Keçən ilin oktyabr ayında isə muzeyləri 38 min 285 nəfər ziyarət etmişdir ki, bunun da 10 min 149 nəfəri əcnəbi vətəndaş olmuşdur.

Məmməd Arazın Ev Muzeyində şairin anadan olmasının 85 illiyinə həsr olunmuş tədbir, Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksində isə “Hüseyn Cavid Poeziya Günü” keçirilmişdir. Ay ərzində muzeylərdə açıq və interaktiv dərslər davam etdirilmiş, sərgilər yaradılmışdır. Ötən ay muzeylərə 178 ədəd yeni eksponat daxil olmuşdur.

Ötən ay kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, kitab müzakirələri davam etdirilmiş, sərgilər yaradılmışdır. Ay ərzində kitabxanalarda 10 “Kitabxana günü”, 10 “Kitabxanaçı günü”, 25 “Nağıl günləri”, 9 “Mütaliə günü” keçirilmişdir.

Muxtar respublika əhəmiyyətli kitabxanalarda və rayon (şəhər) MKS-lərin mərkəzi kitabxanaları da daxil olmaqla yeni oxucu sayı 336 nəfər, oxucu gəlişi 13 min 752 nəfər, kitab verilişi 51 min 537 nüsxə təşkil etmişdir.

Ay ərzində C.Məmmədquluzadə Nadına Naxçıvan Dövlət Musiqili Dram Teatrı “Əli və Nino”, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı “Göyçək Fatma”, “Ələddinin sehrli çırağı”, “Tülkü həccə gedir”, “Keçinin qisası” tamaşalarını nümayiş etdirmişlər. Hazırda teatrlarımızda yeni tamaşaların məşqləri davam etdirilməkdədir.

Naxçıvan Dövlət Film Fondu isə oktyabr ayı ərzində “Azərbaycan Kinosu Günü” ilə əlaqədar Şahbuz, Kəngərli və Sədərək rayonlarında “Üçüncü günün adamı” bədii filmini nümayiş etdirmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin kollektivi bundan sonrada mədəni-kütləvi tədbirlərin təşkilinin əhatə dairəsini genişləndirəcək, ölkəmizin mədəniyyət siyasətini və qarşıya qoyulan vəzifələri diqqət mərkəzində saxlayacaqdır.

Joomla 1.5