Xalq teatrı “Varlı qadın” tamaşasını təqdim edib

Noyabrın 8-də Naxçıvan Dövlət Uşaq Teatrının səhnəsində Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, tanınmış dramaturq Əli Əmirlinin “Varlı qadın” əsəri əsasında hazırladığı eyniadlı tamaşanı nümayiş etdirmişdir.

Komediya janrının ekssentrik üslubunda səhnələşdirilmiş tamaşada hadisələr bir məkanda baş verir. İqtisadi çətinliklə bağlı keçid dövrünün aktual problemləri bir ailənin timsalında əks etdirilir. Tamaşada Qarabağ müharibəsinin acı nəticələrindən olan köçkün ailələrin həyat həqiqətləri bir ailənin yaşayışı əsasında təqdim edilir. Bu ailədə hər kəs bir-birindən narazıdır. Ailədəki oğul öz doğma valideynlərinin qüsurlarını üzlərinə vuraraq onları dərindən sarsıdır. O, tələbə yoldaşlarının yanında valideynlərinin onu “utandıracağını” düşünərək anasının fiziki qüsurunu belə anasının üzünə deməkdən çəkinmir. Olduqca kasıb şəraitdə yaşayan ailənin qayğılarını heçə sayan oğul atasından özünə ad günü şənliyi keçirmək üçün pul istəyir. Valideynlərsə bu miqdarı övladları üçün təmin edə bilmirlər. Bu zaman oğul bu cür həyat tərzindən hədsiz dərəcədə şikayətlənir, onu dünyaya gətirdiklərinə görə onları günahlandıraraq məzəmmət edir. Nəticədə, ana və ata özlərini asmaq qərarına gəlirlər. Valideynlər özlərinə qəsd edəcəyi anda Almaniyadan bir vəkil gəlir və anaya - Həvva Zərrinskayaya bibisindən böyük miqdarda miras qaldığını bildirir. Bu məqamda Həvvanın Almaniyada zühur etmiş bibisinin qoyub getdiyi milyard dollar vərəsəyə sahib olması xəbərini gətirən avropalı vəkilin gəlişi onların həyatını büsbütün dəyişir. Bundan sonra ailənin həyatında yaranan dəşiklik tamaşaya gülüşlə bərabər, şən əhval-ruhiyyə gətirir.  Tamaşanın finalında ananın mirası alaraq vətənə qayıtması nikbinliyi daha da artırır.

İnsanların hər zaman ümidlə yaşamaları və çətinlik şəraitində adamların bir-birlərinə dəstək olmaları kimi yüksək insani keyfiyyətlər sərgiləmələri ailə-məişət qayğıları fonunda hazırlanmış tamaşanın əsas ideyasını təşkil edir. Göstərilir ki, ölümün bir anlığında belə, insan ümidini üzməməli, insanlar bir-birlərinin qayğılarına məsuliyyətlə yanaşaraq və birlik nümayiş etdirərək problemlərin aradan qaldırılmasına çalışmalıdırlar.

Tamaşanın quruluşcu rejissoru Nəsimi Məmmədzadədir. Tamaşadakı Həvva Zərrinskaya - ana obrazını İlkanə Cavadova, Sarı obrazını Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Elçin Arzumanlı, Vəkil obrazını Azərbaycan Respublikasının Əməkdar artisti Neymət İslamoğlu, Qara surətini İlham Quliyev, dilənçi və cangüdənləri isə Rza Quliyev, Salman Şirəliyev və Aqil Əliyev canlandırırlar. Obrazların təbii və canlı təqdimatı, səhnə əsərindəki hadisələrin və əsərin ideyasının olduğu kimi çatdırılması Naxçıvan tamaşaçıları tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, “Varlı qadın” tamaşası Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrının bu il hazırladığı ikinci tamaşadır. Tamaşa noyabrın 6-da Şərur rayon sakinlərinə təqdim edilmişdir. Bu həm də tanınmış dramaturqun muxtar respublikamızın teatrlarında səhnəyə qoyulan beşinci pyesidir. Xalq teatrının bu il səhnələşdirdiyi və may ayında təqdim etdiyi ilk səhnə əsəri M.F.Axundzadənin məşhur komediyası əsasında hazırlanmış “Müsyö Jordan və Dərviş Məstəli şah” tamaşası olub.

Joomla 1.5