“Dövlət Bayrağı Günü” münasibətilə tədbir keçirilmişdir

06 noyabr 2018-ci il tarixində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında  “Dövlət Bayrağı Günü” münasibətilə “Bir kərə yüksələn bayraq bir daha enməz” mövzusunda yığıncaq keçirilmişdir.

Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kütləvi iş şöbəsinin müdiri  Yeganə Rüstəmova “Ən ali milli dəyərimiz: Azərbaycan bayrağı”  adlı məruzə  ilə çıxış etmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elektron  oxu  zalının müdiri  Əzizə  Süleymanzadə “Naxçıvandan başlayan müstəqillik”  adlı mövzu ilə çıxış etmişdir.

Çıxışlarda bildirilmişdir ki, hər bir dövlətin milli müstəqilliyinin əsas elementlərindən biri də onun Dövlət bayrağıdır. Bəşər övladı hər zaman bayrağa müstəqillik, qalibiyyət simvolu kimi yanaşmış, onu öz şərəfi, ləyaqəti kimi qorumuş, daim uca tutmuşdur. Azərbaycan milli düşüncəsində də əsas dövlət rəmzlərindən olan bayrağa münasibət tarix boyu özünü qabarıq göstərmiş, xalqımızın milli mövcudluq nişanəsi sayılmışdır.  Azərbaycan  xalq   Cümhuriyyətinin fəaliyyətə başlamasından sonra müstəqil dövlətə xas olan atributlar təsis edilmiş, 1918-ci il iyunun 24-də Azərbaycan  Respublikasının Dövlət bayrağı haqqında ilk qərar verilmiş, bu qərara əsasən, üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir olunan qırmızı bayraq Dövlət bayrağı kimi qəbul edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 9 noyabr tarixli Qərarı ilə həmin bayraq üçrəngli-mavi, qırmızı və yaşıl zolaqdan ibarət olan bayraqla əvəz olunmuşdur. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi və Sovet hakimiyyətinin qurulması ilə üçrəngli bayrağımız 70 il yalnız ürəklərimizdə yaşamışdır. Azərbaycan Respublikasının üçrəngli bayrağı ikinci dəfə 1990-cı il noyabrın 17-də  Naxçıvan  Ali  Sovetinin sessiyasında ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə qaldırılmışdır. Qeyd edilmişdir ki, bu gün Azərbaycanda dövlət atributlarına hörmət və ehtiram yüksək səviyyədədir. Bu da ulu öndərimizin yolunu uğurla davam və inkişaf etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət rəmzlərinə olan münasibətindən qaynaqlanır. Azərbaycanın müstəqilliyinin müqəddəs simvolu olan Dövlət bayrağına hörmət və ehtiram, üçrəngli bayrağımıza olan məhəbbət və vətəndaş sevgisi hər bir azərbaycanlının həyat idealına, vətən qayğısına, millət duyğusuna çevrilmişdir. Tədbirin sonunda elektron lövhədə slayd və Dövlət Bayrağı haqqında film  nümayiş etdirilmişdir.

Joomla 1.5