Xalq şairi Məmməd Arazın doğum gününə həsr olunmuş tədbir keçirilmişdir

Xalq şairi Məmməd Arazın Ev Muzeyində şairin anadan olmasının 85 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Əsədova açaraq bildirmişdir ki, şairin doğulub böyüdüyü Naxçıvan Muxtar Respublikasında onun yaradıcılığına daim yüksək qiymət verilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Xalq şairi Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında” 8 iyun 2013-cü il, “Xalq şairi Məmməd Arazın ev-muzeyinin yaradılması haqqında” 28 iyun 2013-cü il tarixli sərəncamları bunu bir daha sübut edir. Xalq şairi Məmməd Arazın Ev Muzeyi l dekabr 20l4-cü ildə şairin anım günündə istifadəyə verilmişdir. Həyata keçirilən bu cür əhəmiyyətli yubiley tədbirləri qədim diyarda görkəmli sənətkarın sənətinin ədəbiyaşarlığına verilən qiymətin əməli göstəricisidir.

Şahbuz Rayon Mədəniyyət Şöbəsinin müdiri Mübariz Əliyev çıxışında qeyd etmişdir ki, xalq şairi Məmməd Araz  ədəbi yaradıcılığı Azərbaycan ədəbiyyatının zirvəsində dayanan şairlərdən biridir. M.Əliyev qeyd etmişdir ki, “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” deyən şairin yaratdığı əsərlər bu gün və gələcək nəsillər üçün vətənpərvərlik nümunəsidir.

Məmməd Arazın Ev Muzeyinin direktoru Əzizə Süleymanova çıxış edərək bildirmişdir ki, şair 1933-cü il 14 oktyabrda Şahbuz Rayonu Nursu kəndində dünyaya göz açmışdır. 1950-1954-cü illərdə Azərbaycan Pedoqoji İnstitutunun Coğrafiya fakultəsində təhsil almış, 1952-ci ildə “İnqilab və mədəniyyət” jurnalında dərc olunmuş “Yanın işıqlarım” şeiri ilə ədəbiyyat aləminə qədəm qoymuşdur. 1955-1956-cı illərdə doğulduğu kənddə müəllimlik etmiş, “Bulaq başında”, “O baxışlar”, “Qonşu gəlini”, “Kəklik” kimi şeirlərini həmin dövrdə yazmışdır. Şair şeir yazmağa başladığı ilk zamanlarda şeirlərini Məmməd İbrahim imzası ilə yazmış, XX əsrin yetmişinci illərindən poeziyamızda “Araz” imzası ilə görünməyə başlamışdır. l959-cu ildə “Sevgi nəğməsi” adlı ilk şeir kitabı Bakıda “Azərnəşr" tərəfindən çap olunmuşdur. Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdindəki ali ədəbiyyat kursunda təhsilini başa vurmuş, Bakıda “Maarif” nəşriyyatında redaktor vəzifəsinə təyin olunmuş, həmin ərəfədə “Üç oğul anası” adlı şeirlər kitabı çapdan çıxmışdır. l962-ci ildə Mirzə Ələkbər Sabirə həsr olunmuş “Mən də insan oldum” poemasını tamamlamışdır. l963-cü ildə  “Mən səni taparam”, “Araz axır”, 1966-cı ildə “Anamdan yadigar nəğmələr” kitabları çap olunmuşdur. 1967-ci ildə “Ulduz” jurnalında məsul katib işləməyə başlamış, həmin il “Ömür kitabı” əsəri, l969-cu ildə “İllərdən biri”, 1973-cü ildə “Qanadlı qayalar” kitabı çap olunmuşdur. l974-cü ildə yeni nəşrə başlayan “Azərbaycan Təbiəti” jurnalının baş redaktoru olmuş və şairin “Atamın kitabı" poeması nəşr olunmuşdur.

Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Cəlal Paşayev də tədbirdə çıxış edərək vurğulamışdır ki, Məmməd Araz minillik şeirimizin vətəndaşlıq andı idi. Onun yaradıcılığı başdan-başa vətənə məhəbbət dərsliyi idi. Azərbaycan xalqının özünüdərkində, milli şüurunun oyanmasında, müstəqillik duyğularının möhkəmlənməsində Məmməd Araz yaradıcılığının böyük rolu var. Şair mənsub olduğu xalqın dünənini, bu gününü, tarixini şeirlərində işıqlandırırdı. Milli birlik, mənəvi bütövlük və azadlıq Məmməd Araz şeirinin əsas ilham qaynağıdır.

Sonra şairin yaxın qohumlarından Elvin İbrahimov və Xatirə İbrahimova çıxış edərək Məmməd Arazla bağlı xatirələrini bölüşmüş, ona və onun yaradıcılığına göstərilən böyük diqqət və qayğı üçün öz minnətdarlıqlarını bildirmişlər.

Şahbuz rayon mədəniyyət evinin bədii rəhbəri Şəbnəm İbrahimova çıxışında bildirmişdir ki, görkəmli xalq şairi Məmməd Araz mənalı, keşməkeşli və şərəfli, bütövlükdə Vətənə və sənətə həsr olunmuş əsl şair- vətəndaş ömrü yaşamışdır. Sənətkarın tərcümeyi-halının, taleyinin daha çox onun yaradıcılığında öz əksini tapmasını Məmməd Araz özü də şeirlərində dəfələrlə etiraf etmişdir. Kitablarından birinə yazdığı müqəddimədə deyilir: “Əsl tərcümeyi-hal şairin şeirləridir. Şair çox halda öz yazılarının baş qəhrəmanı ola bilir”.

Məmməd Arazın şeirlərində ifadə olunan həyatı və taleyi rəsmi tərcümeyi-hal sənədlərindən də dəqiq, dərin və mənalıdır:

Məni şeirimdə gəz bir insan kimi,
Qəlbimdə nə varsa, onu demişəm.
Anadan-bacıdan gizlətdiyimi
Kağızdan, qələmdən gizlətməmişəm

Tədbirin bədii hissədində Nursu kənd tam orta məktəbinin şagirdlərinin ifasında şairin unudulmaz şeirlərinin bədii qiraəti olmuşdur.

Sonra aşıq Aydın Cəfərov və Şahbuz Rayon Uşaq Musiqi Məkətbinin sazçalanlarının ifasında şairin şeirlərinə bəstələnmiş aşıq mahnıları ifa olunmuşdur.

Tədbirin sonunda muzeyin ekspozisiyasına baxış olmuşdur.

Joomla 1.5