Kinoviktorinanın ilk seçim turu baş tutmuşdur

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Təhsil nazirliklərinin “Təhsil və mədəniyyət müəssisələrinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili ilə bağlı 2018-2019-cu tədris ili üçün tədbirlər planı” na əsasən Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun, Naxçıvan Dövlət Film Fondunun və Naxçıvan Muxtar Respublikasının rayon və şəhər təhsil şöbələrinin birgə təşkilatçılığı ilə oktyabr 2018-ci il tarixdən may 2019-cu il tarixədək “Milli filmlərimiz” adlı kinoviktorina keçirilməsi nəzərdə tutulmuşdur. Kinoviktorinanın keçirilməsində məqsəd məktəblilərin kino biliyinin yoxlanması, milli kinonun təbliğidir.

Kinoviktorinada muxtar respublikada fəaliyyət göstərən orta məktəblərin 5-9-cu sinif şagirdlərindən ibarət komandalar iştirak edə bilərlər. Kinoviktorina seçim və final turlarından ibarət olacaqdır.

Oktyabrın 11-də Naxçıvan şəhərində yerləşən “Gənclər Mərkəzi”ndə Naxçıvan şəhər 2 №-li, 6 №-li, 14 №-li və 15 №-li tam orta məktəblərin  komandaları arasında kinoviktorinanın ilk seçim turu baş tutmuşdur.

Kinoviktorinanı giriş sözü ilə Naxçıvan Dövlət Film Fondunun direktoru Mirakif Seyidov açaraq kinoviktorinanın məqsəd və əhəmiyyətindən danışmışdır. Bildirilmişdir ki, kinoviktorinanın keçirilməsində məqsəd şagirdlərin kinomuz haqqında biliklərini öyrənmək və kino ilə bağlı təsəvvürləri genişləndirmək, milli kinomuzu təbliğ etməkdir.

Daha sonra iştirakçılar viktorinanin şərtləri ilə tanış edilmişdir.

Kinoviktorinanın seçim mərhələsi iki mərhələdə keçirilmiş, hər mərhələdə iştirakçılara 25 sual verilmiş və hər düzgün cavab birinci turda 100 balla, ikinci turda isə 200 balla qiymətləndirilmişdir.

Ən çox bal toplayan 15 №-li tam orta məktəbin komandası yarımfinalda iştirak etmək hüququ qazanmışdır.

Qaliblər final turunun sonunda təşkilatçılar tərəfindən diplom və mükafatlarla təltif olunacaqlar.

Joomla 1.5