“Mütaliə günü” layihəsi ilə bağlı növbəti tədbir keçirilmişdir

12  oktyabr  2018-ci il tarixində Naxçıvan şəhər 7№li tam orta məktəbdə “Mütaliə günü” ilə bağlı “Məktəb və mütaliə” mövzusunda konfrans keçirilmişdir.

Tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kitabxanaçısı Aysel Musayeva  “Məktəb və mütaliə”, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının informasiya-resurs şöbəsinin proqramçısı Aytən Məmmədova “Şagirdlərin şəxsiyyət kimi formalaşmasında mütaliənin rolu” adlı mövzularla çıxış etmişlər. Çıxışlarda bildirilmişdir ki, şəxsiyyətin inkişafında, gənc nəslin hərtərəfli yetişməsində tərbiyə amili tarixən mühüm əhəmiyyət kəsb edib. Reallıqdır ki, hərtərəfli inkişaf etmiş kamil insanın yetişməsində mühüm və həlledici rolu olan vasitələrdən biri  mütaliədir. Ardıcıl, məqsədyönlü kitab oxumayan insan kamillik zirvəsinə yüksələ bilməz. Mütaliə insanların mənəvi həyatının formalaşmasına, hərtərəfli inkişafına dərin təsir edir. Oxunan mətnin növündən, janr və mövzusundan asılı olmayaraq, mütaliə insanın həyatında mədəniyyətə yiyələnmənin ən mühüm vasitəsi kimi çıxış edir. Mütaliə bilik əldə etmənin, elmə yiyələnmənin, elmin zirvəsinə yüksəlmənin ən mühüm vasitəsi olduğu kimi, həm də tərbiyə prosesinin tərkib hissəsidir.

Qeyd edilmişdir ki, tarixi keçmişimiz bu günlə sıx bağlı olduğu kimi, bu gün də gələcəklə sıx bağlıdır. Keçmişin mütərəqqi irsini isə biz tarixə müraciət edib, kitab oxumaqla öyrənə bilərik. Kitab bəşər həyatında qalacaq miras, inkişaf etdirən və ziyalandıran ünsürdür. Kitab elm və mərifət dünyasına açılan qapıdır. Mütəxəssislərin fikrincə, mütaliə insanı kamilləşdirir, onun nitq qabiliyyətini inkişaf etdirir, insanı bəd əməllərdən saxlayır və onu yaxın-uzaq keçmişlərə aparır. Kimi həmin kitablardakı qəhrəmanların müsbət keyfiyyətlərini mənimsəyərək, kimi də oradan öyrəndiklərini həyatda tətbiq edərək yaşayışını qurur. Yaxşı kitab aqil insanın həyatına həmişə işıq salan, onu tərbiyələndirən ən mühüm vasitə olub. Naxçıvan şəhər Təhsil şöbəsinin metodisti Şahmar Hüseynov mütaliənin əhəmiyyətindən danışmış və şagirdlərə öz tövsiyələrini vermişdir. Tədbirdə  Naxçıvan şəhər Təhsil şöbəsinin metodisti Şahmar Hüseynov məktəbin müəllim və şagirdləri, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika  Kitabxanasının əməkdaşları  iştirak etmişdir. Tədbirin sonunda “Oxunması zəruri olan kitablar”ın sərgisinə baxış keçirilmişdir.

Joomla 1.5