Tələbələrə “Naxçıvan milli geyimləri” mövzusunda mühazirə oxunmuşdur

Oktyabrın 09-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Naxçıvan” Universitetinin tələbələri üçün “Naxçıvan milli geyimləri” mövzusunda mühazirə olmuşdur.

Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli çıxış bildirib ki, insan tarixi qədər qədim olan geyim, ibtidai dövrdən  inkişaf edərək özündə hər bir xalqın əmək fəaliyyətini, onun təsərrüfat məşğuliyyətinin xarakterini, bədii estetik zövqünü, cəmiyyətin ictimai qrupları arasında sosial-zümrə fərqlərini aydın şəkildə əks etdirmişdir.  Geyim tərzlərinin əmələ gəlməsində isə insanın get-gedə müxtəlif sənət və peşələrə yiyələnməsinin, habelə yaşadığı mühit və iqlimin böyük təsiri olmuşdur. Xalqın tarixi ilə möhkəm bağlı olan geyimlər, onun mədəniyyətini öyrənmək üçün qiymətli mənbələrdən biridir. Azərbaycan  xalqının milli geyimləri isə onun tarixi və mədəniyyətilə bağlı əsas atributlarından biridir.

Qeyd edilib ki, arxeoloji qazıntılar zamanı Azərbaycanın müxtəlif bölgələrindən, o cümlədən, Naxçıvandan tapılmış daş qaşov, sümük, biz və iynə ibtidai insanın dərini ilk formada emal etdiyini və paltarı əvəz edən geyim növləri hazırladığını sübut edir. Etnoqrafların fikrincə, Naxçıvan bölgəsinin Giran şəhərində (Xaraba Giran) aparılmış arxeoloji qazıntılar nəticəsində aşkar edilən parça qalığı Naxçıvanın geyim və bəzək əşyalarının Azərbaycan xalqının ənənəvi geyim və bəzəklərinin tərkib hissəsi olduğunu bir daha təsdiqləməklə Naxçıvanın tarixən Azərbaycan ərazisi olması, həm də burada yaşamış ulu əcdadların etnik mənsubiyyətcə eyniliyi ilə izah olunur.

Vuğulanıb ki, Azərbaycan xalq geyimləri tarixilik cəhətdən doğrudan da böyük və maraqlı inkişaf yolu keçmişdir. XX əsrin 70 illərindən başlayaraq Azərbaycanda milli-mədəni irsimizin qorunmasına  xüsusi diqqət və qayğı göstərilmişdir. Ulu öndər Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra da bu sahə qayğı ilə əhatə olunmuşdur. Muxtar respublikamızda da milli və mənəvi irsimizin yaşadılması və gələcək  nəsillərə çatdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Naxçıvan Muxrat Respublikası Ali Məclisinin Sədri cənab Vasif  Talıbov milli dəyərlərimizin qorunmasına diqqət və qayğının artırılması üçün “Naxçıvan Muxtar Respublikasında  Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 7 fevral  2009-cu il tarixli Sərəncam imzalamışdır. 2012-ci il isə Naxçıvanda “Milli dəyərlər ili” elan olunmuşdur. 2018-ci ilin sentyabr ayında keçirilən “Milli geyimlər” festivalı mili dəyərlərimizin qorunmasına göstərilən dövlət qayğısının daha bir ifadəsidir.

Bu gün Naxçıvan milli geyimlərindən ibarət zəngin kolleksiya  Naxçıvan Dövlət Tarix muzeyinin etnoqrafiya fondunda toplanmışdır. Muzeyin kolleksiyasına XIX-XX əsrlərə, müxtəlif tarixi-etnoqrafik zonalara aid olan qadın və kişi geyimlərinin dəstlər və ayrı-ayrı elementləri daxil edilmişdir.

Sonra Hökümə Məmmədli qeyd edib ki, hazırda milli geyimlərimizin tədqiqi, təbliği və qorunub saxlanılması istiqamətində müəyyən işlər davam etdirilir.

Sonda tələbələrə milli geyimlərlə bağlı film nümayiş etdirilmişdir.

Joomla 1.5