Tələbələr üçün açıq dərs keçirilib

Oktyabrın 09-da Naxçıvan Dövlət Tarix Muzeyində Naxçıvan Dövlət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələr üçün açıq dərs keçirilib.

Açıq dərsi Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin baş məsləhətçisi Qumral Əsədova açaraq qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında muzeylərin fəaliyyətinin canlandırılması, yeni muzeylərin yaradılması sahəsində mühüm işlər görülür, bu mədəniyyət ocaqları müasir tələblər səviyyəsində qurulur. Qədim diyarımızda geniş muzeylər şəbəkəsi yaradılmaqla bərabər, həm də onların müxtəlif profilli olmasına diqqət yetirilir. Bu gün muxtar respublikamızda tarix-diyarşünaslıq muzeyləri, xatirə muzeyləri, muzey kompleksləri, dövlətçilik tariximizlə bağlı muzeylər fəaliyyət göstərir. Bütün bunlar mədəni irsimizin qorunması, gənc nəslin mənəvi-estetik, ideya-siyasi dünyagörüşünün zənginləşməsində və vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muzeylər haqqında imzaladığı sərəncamlar bu sahəyə göstərilən diqqət və qayğının ifadəsidir. Bu sərəncamlar yeni muzeylərin yaradılmasında, bu mədəniyyət ocaqlarına marağın artmasında, muzeylərin fəaliyyətinin düzgün qurulmasında əhəmiyyətli rol oynamışdır. Muzeylərimiz üçün yeni binaların inşa olunması, onların təmiri, yenidən qurulması və maddi-texniki bazasının möhkəmləndirilməsi işin səviyyəsinin yüksəldilməsinə xidmət edir. Naxçıvan Muxtar respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamın əhəmiyyətindən danışan nazirliyin baş məsləhətçisi Qumral Əsədova qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi ali və orta ixtisas təhsil müəssisələri üzrə 20-dən çox ixtisasa hamilik edir ki, bu da mədəniyyət sahəsinin müxtəlif sahələrinə aiddir.

Vurğulanıb ki, tələbələrin ixtisas səviyyələrinin yüksəldilməsi üçün müxtəlif tədbirlər, mühazirələr, tarixi abidələrə və muzeylərə ekskursiyalar təşkil edilir. Bütün bunlar tələbələrin nəzəri və praktik səviyyəsinin yüksəldilməsinə xidmət edir. Qeyd edilib ki, bu gün keçirilən açıq dərs də bu məqsədlə keçirilir.

Sonra Naxçıvan Dövlət Tarix Muzeyinin baş fond mühafizi Tünzalə Məmmədova “Naxçıvan Dövlət Tarix Muzeyində uçot-mühafizə işinin təşkili” mövzusunda çıxış etmişdir. Çıxışda muzeyə daxil olan əşyaların qəbulu və təhvili qaydaları, yeni daxil olunmuş əşyaların qeydiyyatı, muzey əşyalarının elmi inventarizasiyası, muzey filiallarında fondların uçotu qaydaları, muzey sərvətlərinin təkrar uçota alınması, uçot sənədlərinin hazırlanma qaydaları, uçot nişanları, köməkçi uçot formaları və digər məsələlər barədə geniş söhbət açılmışdır.

Açıq dərsdə tələbələri maraqlandıran suallar cavablandırılıb.

Açıq dərs başa çatdıqdan sonra Naxçıvan Dövlət Tarix Muzeyinin ekspozisiyasına baxış olmuşdur.

Joomla 1.5