Muxtar respublikada mədəniyyət sahəsində qarşıya qoyulan vəzifələr yerinə yetirilir

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2018-ci ilin 9 ayı ərzində öz fəaliyyətini illik iş planına uyğun qurmuş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

2018-ci ilin 9 ayında muxtar respublikamızda mədəniyyətin inkişafı təmin edilmiş, silsilə tədbirlər keçirilmiş, tarixi-mədəni irsimizin qorunub-yaşadılması diqqət və qayğı ilə əhatə olunmuşdur. Aparılan quruculuq işləri zamanı yeni mədəniyyət obyektləri istifadəyə verilmiş, tarixi abidələrimiz bərpa olunmuşdur. XVIII əsrə aid Nehrəm İmamzadəsi, Qarabağlar Türbə Kompleksi, qədim Yengicə hamamının bərpa olunması, Naxçıvan Duz Muzeyinin yaradılması tarixi-mədəni irsimizə qayğının ifadəsinə çevrilmişdir. Bu dövrdə yeni istifadəyə verilmiş kənd mərkəzlərində mədəniyyət müəssisələri üçün lazımi iş şəraiti yaradılmışdır.

Bu ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və nazirliyin sisteminə daxil olan mədəni-maarif müəssisələri tərəfindən “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018” mədəniyyət ilinə həsr olunmuş 203, bu deviz altında 2191 olmaqla, ümumilikdə 2394 tədbir keçirilmişdir.

Xalqımızın milli dəyərlərinin yaşadılması, qorunması və təbliğ edilməsi sahəsində bir sıra işlər həyata keçirilmiş, Novruz bayramında Naxçıvan şəhərindəki Əcəmi Seyrəngahında keçirilən “Xalq yaradıcılığı günləri”ndə muxtar respublikanın tanınmış musiqi və folklor kollektivlərinin çıxışları təşkil olunmuşdur. Bu dövrdə Nazirliyin Elmi-Metodik Mərkəzinin və rayon (şəhər) mədəniyyət şöbələrinin təşkilatçılığı ilə 7 “Xalq yaradıcılığı günü” keçirilmişdir. Mart ayının yaddaqalan mədəniyyət hadisələrindən biri də “Şərur” Xalq Yallı Ansamblının qardaş Türkiyə Respublikasına səfəri olmuşdur. Ansambl “Kastamonu 2018 – Türk Dünyası Mədəniyyət Paytaxtı”nın açılış mərasimində və TÜRKSOY səviyyəsində keçirilən Novruz şənliklərində ölkəmizi uğurla təmsil etmişdir.

Naxçıvan şəhərindəki Əcəmi Seyrəngahı Mədəniyyət və İstirahət Parkında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Naxçıvan – bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalı ötən 9 ayın maraqlı mədəniyyət tədbirlərindəndir. Bu tədbirin bədii hissəsində Qədim Musiqi Alətləri Ansamblının, Naxçıvan Dövlət Filarmoniyasının rəqs qrupunun, Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin üzvlərinin və “Şərur” Xalq Yallı Ansamblının çıxışları qonaqlar tərəfindən maraqla qarşılanmışdır. Yola saldığımız dövr muxtar respublikanın paytaxtında keçirilən festivallarla da yadda qalmışdır. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Kətə”, “Göycə”, “Milli geyimlər” festivalları, “Avropa şəhərciyi”nin açılış tədbiri muxtar respublika sakinləri və turistlərdə xoş təəssürat yaratmışdır.

Qədim diyarımızda görkəmli şəxsiyyətlərin yubileylərinin və əlamətdar günlərin qeyd olunması ənənəyə çevrilmişdir. Bu dövrdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illiyi, “Milli Qurtuluş Günü”, “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018”, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, Azərbaycan Kinosu Günü, Milli Musiqi Günü və başqa əlamətdar günlərlə bağlı mədəni-maarif ocaqları, mədəniyyət evi və klublarda çoxsaylı silsilə tədbirlər keçirilmiş, konsertlər, dəyirmi masalar, konfranslar təşkil edilmiş, filmlər göstərilmiş, sərgilər yaradılmışdır. Türkiyə Respublikasının Bursa Dövlət Simfonik Orkestrinin ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş konsert proqramı, Milli Qurtuluş Günü münasibətilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının hazırladığı “Qılınc və qələm” tamaşasının nümayişi, “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018”in açılış mərasimi, Türkiyə Böyük Millət Məclisinin sənət üzrə müşaviri Hikmət Barutçugilin əsərlərində ibarət “Allahın gözəl adları” mövzusunda ebru sərgisi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsi ilə yaradılmış “Dədə Qorqud” Kamera Orkestrinin konserti, “İslam filmləri həftəsi” maraqlı tədbirlərdən hesab oluna bilər. Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivləri, Naxçıvan Dövlət Uşaq Filarmoniyası, folklor kollektivləri başqa əlamətdar günlərlə bağlı keçirilən tədbirlərdə və beynəlxalq səviyyəli idman yarışlarının açılış mərasimlərində də konsert proqramları ilə çıxış etmişlər. Bu ilin fevral ayında Naxçıvan Dövlət Musiqili Dram Teatrında dünya şöhrətli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illiyi qeyd edilmiş və böyük sənətkarın rəngarəng musiqi əsərləri səslənmişdir. Bu dövrdə həm də Naxçıvan teatr sənətinin tanınmış sənətkarları – xalq artistləri Yasəmən Ramazanova, Həsən Ağasoy, Kamran Quliyevin 60 illik, Tofiq Mövləvinin 80 illik yubileyləri qeyd edilmişdir.

Son illər qədim diyarımızda yeni muzeylərin yaradılması, muzeylərin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması muzey işini daha da təkmilləşdirmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına əsasən mühüm tədbirlər həyata keçirilmişdir. 2018-ci ilin 9 ayında muzeyləri, ümumilikdə 435 min 560 nəfər ziyarət etmişdir ki, onlardan da 139 min 253-ü xarici ölkə vətəndaşıdır. Muzey fondlarının yeni eksponatlarla zənginləşdirilməsi sahəsində muxtar respublika sakinləri də fəal iştirak etmiş, muzeylərimizə 1065 yeni eksponat daxil olmuşdur. İlin birinci yarısında muzey bələdçilərinin peşə hazırlığının artırılması məqsədi ilə 14 seminar-treninq keçirilmişdir. Bundan başqa muzeylərlə təhsil müəssisələri arasında 7 distant dərs təşkil edilmiş və 224 açıq dərs keçirilmişdir. Muzeylərimizdə tarixi və əlamətdar günlərlə bağlı 79 sərgi yaradılmış və 21 tədbir keçirilmişdir.

Muxtar respublikanın kitabxanalarında da ötən dövrdə oxucu-kitabxana əlaqələrinin düzgün qurulması diqqətdə saxlanılmış, bu dövrdə kitabxanalarda 799 mədəni-kütləvi tədbir keçirilmiş, 331 sərgi təşkil olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların siyahısı”nda olan kitablarla bağlı 147 müzakirə keçirilmiş, sərgilər təşkil edilmişdir. 9 ay ərzində kitabxanalarda 90 “Kitabxanaçı günü”, 90 “Kitabxana günü”, 366 “Nağıl günü” və 268 “Mütaliə günü” keçirilmişdir. Bu müddətdə muxtar respublika əhəmiyyətli kitabxanalarda yeni oxucu sayı 1785 nəfər, oxucu gəlişi 100 min 964 nəfər, kitab verilişi 512 min 605 nüsxə təşkil etmiş, respublika kitabxanasının elektron kitabxanasından 4724 oxucu istifadə etmişdir. Hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisindən 32 adda 3101 nüsxə və digər mənbələrdən olmaqla Nazirliyə ümumilikdə 14400 nüsxə çap məhsulu daxil olmuş və kitabxana, muzey və digər müəssisələrə paylanmışdır.

Uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində ilin əvvəlindən başlayaraq ustad dərslər keçirilmiş, metodiki kurslar təşkil edilmiş, istedadlı şagirdlərin solo konsertləri olmuşdur. Görkəmli rəssam Şamil Qazıyevin 110 illik yubileyi ilə bağlı keçirilən ustad dərslər şagirdlər tərəfindən maraqla qarşılanmışdır. Komandalar arasında “Lira” musiqili - intellektual oyunu il ərzində davam etdirilmiş və final mərhələsində qaliblər diplomlarla təltif edilmişlər. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı keçirilən müsabiqədə bu il muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri ilə yanaşı, Naxçıvan Musiqi Kollecinin tələbələri də fəal iştirak etmişlər. Müsabiqənin yekun konsertində qaliblər mükafatlandırılmışlar. Dərs ilinin sona çatması ilə bağlı uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində hesabat konsertləri keçirilmişdir. 2017-2018-ci tədris ilində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərini 602 şagird bitirmişdir. Yeni tədris ilində isə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə 990 şagird qəbul olunmuşdur.

Naxçıvan Musiqi Kollecində də təhsilin keyfiyyətinin yüksəldilməsi, tələbələrlə aparılan işin daha da gücləndirilməsi, onların asudə vaxtının səmərəli keçməsi, yaradıcı kollektivlərin konsertlərinin təşkili diqqətdə saxlanılmışdır. Naxçıvan Dövlət Filarmoniyasının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də mühüm işlər görülmüş, filarmoniyaya səs avadanlıqları, musiqi alətləri, musiqi ədəbiyyatı, geyim dəstləri alınmışdır. Bu ilin martında kollektivə xarici ölkələrdə istehsal edilmiş müxtəlif səs avadanlıqları verilmişdir. Bu dövrdə Naxçıvan Dövlət Filarmoniyasının və Naxçıvan Dövlət Uşaq Filarmoniyasının konsertləri keçirilmişdir.

Teatr kollektivləri də mədəniyyətə göstərilən qayğıdan bəhrələnərək yeni tamaşalar hazırlamış, muxtar respublika sakinlərinin asudə vaxtlarının səmərəli keçməsinə çalışmışlar. Belə ki, Naxçıvan Dövlət Musiqili Dram Teatrında bu ilin 9 ayında “Əli və Nino”, “Qılınc və qələm”, “Rəngsaz” tamaşaları ictimaiyyətə təqdim edilmişdir. Naxçıvan Dövlət Kukla Teatrı “Kələkbazlar”, “Keçinin qisası”, “Uf-Uf xanım”, “Göyçək Fatma”, “Meşə macəraları”, “Şahzadə Bəndalı”, “Qırmızı papaq”, “Ağca və Bozca”, “Ələddinin sehrli çırağı”, “Qoğalın sərgüzəşti” tamaşalarını, Naxçıvan Dövlət Uşaq Teatrı “Bizə dovşan və meşəbəyi lazımdır”, “Bahar qız küsüb”, “Nadan xoruz” tamaşalarını, Şərur Rayon Xalq Teatrı “Müsyo Jordan və Dərviş Məstəli şah” tamaşasını, Ordubad Rayon Xalq Teatrı “Tiflis səfəri”, “Yeyərsən qaz ətini, görərsən ləzzətini” Babək Rayon Xalq Teatrı “Subaylardan görəsiniz” və s. tamaşaları teatrsevərlərə təqdim etmişdir. Bu dövrdə dövlət teatrları həm də rayonlarda tamaşalar göstərmiş və xeyriyyə məqsədilə tamaşalar təşkil etmişlər. Naxçıvan Dövlət Film Fondu tərəfindən 9 ay ərzində Naxçıvan şəhərində və rayonlarda 40-a qədər bədii, sənədli və cizgi filmi nümayiş etdirilmişdir.

Mədəniyyət Nazirliyinin kollektivi 2018-ci ilin son aylarında qarşıya qoyulan vəzifələrin icrasını diqqətdə saxlayaraq, qədim diyarımızda mədəni-kütləvi tədbirlərin əhatə dairəsi daha da genişləndiriləcəkdir.

Joomla 1.5