“Xalq yaradıcılığı günləri”nin keçirilməsi və xalq yaradıcılığının təbliği” mövzusunda seminar-müşavirə keçirilib

ÇapE-poçt

Oktyabrın 4-də Culfa Rayon Mədəniyyət Şöbəsinin təşkilatçılığı ilə “Xalq yaradıcılığı günləri”nin keçirilməsi və xalq yaradıcılığının təbliği" mövzusunda seminar-müşavirə keçirilib. Bənəniyar kənd Mədəniyyət evində Culfa rayonunda fəaliyyət göstərən mədəniyyət evi və klub əməkdaşlarının iştirakı ilə keçirilən tədbiri Culfa Rayon Mədəniyyət Şöbəsinin müdiri Pərvin Həsənov giriş sözü ilə açaraq muxtar respublikada "Xalq yaradıcılığı günləri"nin keçirilməsi əhəmiyyətindən bəhs edib. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında" 2009-cu il 7 fevral tarixli Sərənxamından sonra muxtar respublikanın müxtəlif bölgələrində ənənəvi "Xalq yaradıcılığı günləri"nin keçirilməsinə başlanmış, bu tədbirlərdə sakinlərin kütləvi şəkildə iştirakı təmin edilmişdir.

Sonra Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru Səyyar Məmmədovun və mərkəzin şöbə müdiri Nizami Əzizəliyevin "Xalq yaradıcılığı nümunələrinin toplanması və təbliği işində klub müəssisələrinin rolu" və "Naxçıvanda mövcud olan türk-islam mədəniyyəti abidələrinin və bu mədəniyyətə aid folklor nümunələrinin təbliği" mövzularında çıxışları olub. Çıxışlarda bildirilib ki, hər bir xalqın milli dəyərləri, adət-ənənələri, dünyagörüşü və həyat tərzi onun xalq yaradıcılığı nümunələrində təzahür edir. Ən qədim zamanlardan yaranmağa başlanmış və tarixi-mədəni, eləcə də bədii irsimizin daşıyıcısı olan xalq yaradıcılığı əsrlər boyu cilalanaraq, böyük inkişaf yolu keçərək dövrümüzə qədər gəlib çıxmışdır. Azərbaycanın qədim insan məskənlərindən olan Naxçıvan torpağında da özünəməxsus folklor nümunələri tarixən mövcud olub. Xalq yaradıcılığının məhsulu olan bu nümunələr xalqımıza xas milli xüsusiyyətləri, adət-ənənələri, həyat və məişət tərzini özündə ehtiva etməkdədir.

Qeyd olunub ki, müasir günümüzdə muxtar respublikada fəaliyyət göstərən mövcud mədəniyyət müəssisələri, eləcə də mədəniyyət evləri və klublar həmin xalq yaradıcılığı nümunələrinin toplanmasında, nümayiş və təbliğində maraqlı olmalı, folklorumuzun, eləcə də mədəniyyətimizin müxtəlif sahələrinin yaşadılmasına öz töhfələrini verməlidirlər. Klub müəssisələrində çalışan əməkdaşlar mövcud yaşayış məntəqələrində yaşayan xüsusilə yaşlı nəslin nümayəndələrindən olan insanlardan folklor nümunələrini toplayaraq aiddiyyəti üzrə təqdim etməklə xalq yaradıcılığımızın təbliği və yaşadılmasına xidmət etmiş olurlar. Bundan başqa, toplanmış xalq yaradıcılığı nümunələrini təşkil olunan "Xalq yaradıcılığı günləri" tədbirində nümayiş etməklə, həmçinin klub müəssisələrində yaradılmış özfəaliyyət kollektivlərinə, dərnək və folklor qrupları üzvlərinə öyrətməklə də xalq yaradıcılığımızı təbliğ etmək mümkündür. Bütün bunlar mədəniyyət evləri və klub əməkdaşlarının fəaliyyət prinsiplərinə daxil olan vəzifələrdəndir.

Vurğulanıb ki, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilməsi muxtar diyarımızın müasir tarixində əlamətdar hadisədir. Bu əlamətdar hadisə münasibətlə mədəniyyət müəssisələrində çalışan əməkdaşlar qarşısında da mühüm vəzifələr durur. Belə ki, türk-islam mədəniyyətinə aid olan tarixi-mədəni abidələrimizin, bu mədəniyyətin daşıyıcısı və bilavasitə ifadəçisi olan folklor nümunələrimizin toplanaraq təbliğ edilməsi klub müəssisələri işçilərinin ən vacib vəzifələrindəndir. Mədəniyyət evləri və klublar tərəfindən təşkil edilən mədəni-kütləvi yığıncaq və tədbirlərdə mədəniyyət işçiləri türk-islam mədəniyyətinə xas abidələrimiz və folklor nümunələri haqqında geniş, dolğun məlumat verməklə həmin yaşayış məntəqəsinin sakinini maarifləndirmiş olacaqlar. Bu, muxtar respublikanın müxtəlif bölgələrinin tanıdılması və qədim dyarımızda mövcud türk-islam mədəniyyəti abidələrinin təbliği işinə ən dəyərli töhfə hesab edilə bilər.

Joomla 1.5