Növbəti seminar-treninq keçirilib

Oktyabrın 3-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bəhruz Kəngərli Muzeyində muzey bələdçiləri üçün seminar-treninq keçirilib.

Nazirliyin sisteminə daxil olan muzeylərin bələdçilərinin iştirak etdiyi tədbirin məqsəd və əhəmiyyətindən danışan nazirliyin baş məsləhətçisi Qumral Əsədova giriş sözü ilə çıxış edərək bildirib ki, muxtar respublikada müxtəlif profilli muzeylər fəaliyyət göstərir. Muzeylərə bu gün xüsusi diqqət göstərilir, onların maddi-texniki bazası gücləndirilir, əməkdaşların peşəkarlıq səviyyəsi yüksəldilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamından sonra muzeylərin ziyarətçilərinin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunur.

Qeyd olunub ki, keçirilən seminar-treninqlərdə muzey bələdçiləri vəzifə funksiyalarını dərindən öyrənməyə səy göstərməklə yanaşı, muzey işi haqqında ətraflı məlumat əldə etmiş olurlar. Eyni zamanda, seminar-treninqlər muzey işçilərinin muxtar diyarımızın bütün bölgələrində yerləşən muzeylərlə tanış olmalarına şərait yaratmaq baxımından da əhəmiyyətlidir. Belə tədbirlərdə muzey bələdçilərinə bu sahədə həyata keçirilən yeniliklərdən söhbət açılır, onların sualları cavablandırılır.

Bunlarla yanaşı, muzey bələdçisi muzeyi ziyarətə gələn insanlarla davranış qaydalarına ciddi əməl etməli, onlara nəzakət göstərməli, özünün geyim tərzi, intellektual dünyagörüşü ilə muzeyə gələnlərdə xoş təəssürat yaratmalıdır. Muzey bələdçiləri muzey işi və muxtar respublikada gedən yeniliklərdən xəbərdar olmalı, ziyarətçilərin suallarını diqqətlə dinləyib elmi əsaslarla və tarixi faktlarla cavablandırmağı bacarmalıdırlar. Bütün bu sadalanan vəzifələrin öhdəsindən layiqincə gəlinməsində təcrübə mübadiləsinə imkan verən seminar-treninqlərin keçirilməsi böyük əhəmiyyət kəsb etməkdədir.

Sonra muzeyin ekspozisiyasına baxış olub, ekskursiya müzakirə edilib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, bələdçi mətninə və bələdçinin etik davranış qaydalarına dair metodik tövsiyələr verilib.

Joomla 1.5