“Eşqin rəqsi” maraqla qarşılanıb

ÇapE-poçt

Ötən həftənin şənbə günü Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində “İslam filmləri həftəsi” başa çatmışdır. Son olaraq Türkiyə kinematoqraflarının sənədli janrda çəkdikləri “Eşqin rəqsi” nümayiş etdirilmişdir.

Türk rejissoru Kürşat Kızbazın “Eşqin rəqsi” sənədli filmi Mövlana Cəlaləddin Ruminin həyat və fəlsəfəsindən bəhs edirdi. Filmin maraq doğuran cəhətlərindən biri də dünyanın müxtəlif ölkələrindən olan tədqiqatçı alimlərin fikirləri öyrənilərək belə bir ekran əsərinin yaradılmasında idi. Mövlana Calələddin Rumi və onun sələfi Şəms Təbrizinin mənəvi yaxınlığı dillərdə əfsanəyə çevrilmişdir. İslam dünyasının bu iki fikir dahisinin həyat fəlsəfəsi indi də insanları və alimləri özünə cəlb etməkdədir. YUNESKO-nun dəstəyi ilə altı ölkədə gerçəkləşən filmin çəkilişi İslam dünyasının böyük şair və filosofunu bugünkü insana olduğu kimi çatdırmağa xidmət edir. Filmin maraqlı cəhətlərindən biri də 13-cü əsrin kinonun imkan verdiyi texniki vasitələrdən istifadə olunaraq canlandırılmasıdır.

Şərq ədəbiyyatında ən məşhur sufi şair kimi Cəlaləddin Ruminin həyat və yaradıcılığı bu gün də Şərqdə və Avropada, dünyanın müxtəlif ölkələrində insanları özünə cəlb etməkdədir. Filmdə İslam dünyasının bu böyük düşüncə adamının həyat fəlsəfəsindən geniş və maraqlı faktlarla söhbət açılır. Gənc yaşlarında ailəsi ilə Türkiyənin Konya şəhərinə köçən Cəlaləddin Rumi burada dövrünün və sonrakı əsrlərin həyatında mühüm rol oynamış mövləvilik təriqətinin əsasını qoymuşdur. Böyük Mövlanənin əsərlərində humanizm, milliyətindən və dini etiqadından asılı olmayaraq bütün insanlara məhəbbət, bərabərlik ideyaları əksini tapmışdır.

 

Şair və filosof kimi Cəlaləddin Ruminin yaradıcılığı Şərq,  o cümlədən Azərbaycan ədəbiyyatına güclü təsir göstərmişdir. Qeyd edək ki, Cəlaləddin Ruminin “Məsnəvi”si Azərbaycanda bütöv halda ilk dəfə olaraq 2013-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayəsi ilə muxtar respublikamızda da nəşr edilmişdir.

Təqribən bir saatlıq sənədli film tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır. Bununla da “İslam filmləri həftəsi” başa çatmışdır.

Joomla 1.5