“Niyyət” filmi nümayiş etdirilmişdir

Dünən Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində “İslam filmləri həftəsi”ndə Azərbaycanın və Səudiyyə Ərəbistanın birgə çəkdiyi “Niyyət” filmi tamaşaçılara təqdim edilmişdir.

“Niyyət” tammetrajlı bədii filmi kinorejissor Samir Kərimoğlunun psixoloji dram janrında çəkilmiş uğurlu filmlərindəndir. Qeyd edək ki, bu film “Bakı İslam Mədəniyyətinin Paytaxtı - 2009” mədəniyyət ilinin bağlanış mərasimi çərçivəsində nümayiş etdirilmişdir.

Psixoloji dram janrında çəkilən bu filmin süjet xətti kamil insan anlayışına mənsub olan faktorları səmimi, ülvi hisslər, təhsil və dinlə əlaqələndirilir. Filmin ümumi fonu, müxtəlif rakurslu çəkilişlər, məntiqi dəyərləri ilə tamaşaçını maraqla finaladək izləməyə məcbur edir.

Filmdə hadisələr iki müxtəlif həyat tərzi keçirən gəncin ətrafında cərəyan edir. Filmin qəhrəmanlarından biri qumar oynayır, içki içir, gününü boş və mənasız keçirir, o birisi isə əyləncələrdən imtina edərək xoş bir niyyətlə yaşayır. Birinci qəhrəman – Cahangir (Fuad Axundov) əyyaş və fırıldaqçı; bir vaxtlar böyük bir mirasa sahib olan insan, həyatının bir anında öz qeyri-ciddi xasiyyətinə görə hər şeydən məhrum olur. İkinci personaj isə Arif (Rövşən Məmmədov), dindar və kasıb, eyni zamanda böyük ürək sahibi, mənəvi dünyası zəngin və kamil bir insandır. Bu iki gəncin həyat yolları toqquşur. Filmin əsas mövzusu bu ziddiyyət üzərində qurulmuşdur.

Ekran əsərinin finalında Arif Məkkə ziyarətinə gedərkən təyyarədə vəfat edir. Lakin o, özündən sonra Cahangir kimi bir insanın tövbə etməsinə səbəb olur.

 

Filmdə dinə, adət-ənənələrə, böyüklərə və uşaqlara, ümumiyyətlə, insanlara qarşı böyük bir ehtiram hiss olunur. Bir-iki personajla çəkilmiş bu ekran əsərində diqqəti cəlb edən cəhətlərdən biri də aktyor ansamblının gənc və sənətə yeni gələnlərdən olmasıdır. Filmdə göstərilən biganəlik, xəyanət, qumarbazlıq, dünya malına hərislik və yaxud da dinə qayıdış, möminlik motivləri ayrı-ayrılıqda müstəqil mövzulardır. Lakin bir film daxilində səciyyələndirilən müxtəlif keyfiyyətlərə rejissor tamaşaçını bezdirmədən aydınlıq gətirir. Bir şəxsdə - Arifdə cəmlənən müsbət cəhətlərin qalibiyyəti bütövlükdə İslam dininin, xeyrin qələbəsi kimi göstərilir.

Film tamaşaçılarda maraq yaratmışdır.

Bu gün isə 2008-ci ildə Türkiyə Respublikasında istehsal edilmiş rejissor Kürşat Kızbazın İslam dünyasının dahi şəxsiyyətlərindən olan Cəlaləddin Ruminin həyat və fəlsəfəsinə həsr olunmuş “Eşqin rəqsi” sənədli filmi nümayiş etdiriləcəkdir.

Joomla 1.5