Naxçıvanda “İslam filmləri həftəsi” dördüncü gündür davam edir

ÇapE-poçt

Sentyabrın 27-də “Gənclik” Mərkəzində “İslam filmləri həftəsi”ndə tanınmış türk rejissoru və ssenaristi Çağan İrmakın “Ulak” filmi kinosevərlərə təqdim edilmişdir.

Çağan İrmak Türkiyənin tanınmış kinemotoqraflarındandır. Çağan İrmakın filmləri Almaniyanın Nürnberq şəhərində Türkiyə-Almaniya Film Festivalında və ölkəsində bir sıra mükafatlara layiq görülmüşdür. Rejissorun bir sıra filmləri Azərbaycanda sevilə-sevilə baxılır. Çağan İrmak televiziya filmləri çəkməklə yanaşı, tammetrajlı filmlərə rejissorluq edir, ssenarilər yazır. “Asmalı konak” adlı televiziya filmi onu bütün Türkiyədə, həm də Azərbaycanda kinosevərlərə yaxşı tanıtmışdır. Çağan İrmakın müxtəlif illərdə çəkdiyi “Babam və oğlum”, “Ulak”, “İşsiz adam”, “Mənim adım Firidun”, “Bizi xatırla”, və başqa tammetrajlı filmləri, “Gülzar”, “Kasıblar evi”, “Asmalı konak” kimi televiziya serialları geniş ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.

Çağan İrmakın “Ulak” filmi 2008-ci ildə ekrana çıxmışdır. Film dramatik üslubu ilə seçilir. Zəkəriyyə kənd-kənd dolaşıb qasid İbrahimin hekayətini danışan səyyahdır. Uşaqlar qasid İbrahimin hekayətini maraqla dinləyirlər bu hekayətlərdə insan həyatının bir çox məsələlərinə xüsusilə mənəvi-əxlaqi problemlərə toxunulur. Filmə baxdıqca sanki, xəyalla gerçəyin qovuşduğu nöqtədə cəsarətli qasid İbrahim həyat hekayəsi ilə tanış olursan. Saflığı qorunsun deyə Zəkəriyyə bu hekayəti ancaq uşaqlara danışır, çünki bir vaxtlar özü də hekayələrə inanan uşaq olmuşdu.

Çağan İrmak filmlərində Türkiyənin tanınmış aktyorları ilə əməkdaşlıq edir. “Ulak” filmində də tanınmış aktyorlardan Çetin Tekindor baş rolda çəkilmişdir. Bundan başqa filmdə Hümeyra, Yetkin Dikinciler, Cemal Hünal (Ulak İbrahim rolunda), Melis Birkan, Şərif Sezer və başqaları çəkilmişlər.

Bu gün isə Azərbaycan və Səudiyyə Ərəbistanın birgə istehsalı olan “Niyyət” filmi nümayiş etdiriləcəkdir.

Joomla 1.5