Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində kollegiya iclası keçirilib

Sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib. Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini Həsən Kərimov məruzə ilə çıxış edərək bildirib ki, avqustun 28-də Naxçıvan Muxtar Respublikasında 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri muxtar respublikada 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı aidiyyəti üzrə tapşırıqlar vermişdir.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində 3 dövlət teatrı, 2 dövlət filarmoniyası, 2 respublika əhəmiyyətli kitabxana, 30 muzey və muzeytipli müəssisə, 26 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi, 400-dən çox klub, mədəniyyət evi, kitabxana və kitabxana filialları və digər mədəniyyət obyektləri fəaliyyət göstərir. Bu müəssisələrin payız-qış mövsümünə lazımi səviyyədə hazırlığı daim diqqət mərkəzindədir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sisteminə daxil olan müəssisə və təşkilatlardan 1-i ümumiləşdirilmiş havalandırma sistemi, 67-si qazanxana və kombi tipli sistem, 355-i ümumi istilik sistemi, 23-ü dizel yanacağı, 2-si maye qaz,    4-ü isə təbii qazla qızdırılır. Hal-hazırda 19 mədəniyyət müəssisəsində tikinti işləri aparılır.

Ümumi olaraq, Naxçıvan şəhəri üzrə 16, Şərur rayonu üzrə 106, Ordubad rayonu üzrə 47, Şahbuz rayonu üzrə 48, Babək rayonu üzrə 54, Kəngərli rayonu üzrə 21, Culfa rayonu üzrə 43, Sədərək rayonu üzrə isə 9 müəssisə ümumi istilik sisteminə qoşulmuşdur. Mədəniyyət müəssisələrinin payız-qış mövsümünə hazırlığı ilə əlaqədar olaraq lazım olan yanacaq və mal-materiallar müəyyənləşdirilmişdir.

Vurğulanıb ki, 2021-ci ildə də muxtar respublikadakı mədəniyyət müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsində təmin edilməsi ilə bağlı geniş abadlıq-quruculuq işləri aparılmış, Şərur rayonunda Şəhriyar Kənd Uşaq Musiqi Məktəbi, Şəhriyar Kənd Mədəniyyət Evi və kənd kitabxana filialı, Ordubad rayonunda Yuxarı Əndəmic və Nüsnüs kənd kitabxana filialları, Əndəmic Kənd Klubu, Nüsnüs Kənd Mədəniyyət Evi, Şahbuz rayonunda isə Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni binalar istifadəyə verilmişdir. Bu mədəniyyət müəssisələrinin hamısı istilik sistemi ilə təmin edilmişdir. Hazırda Şərur rayonunda Çərçiboğan Kənd Uşaq Musiqi Məktəbi, Çərçiboğan Kənd Mədəniyyət Evi və kitabxana filialı, Dərvişlər Kənd Klubu və kitabxana filialı, eləcə də Şərur Rayon Mədəniyyət Sarayı, Şərur Rayon MKS, Babək rayonunda Göynük Kənd Klubu və kitabxana filialı, Ordubad rayonunda Unus, Aşağı Əndəmic, Dırnıs, Vələver və Pəzməri kəndlərində klub müəssisələri və kitabxana filialları üçün yeni binalar inşa olunur. Yeni obyektlərin istifadəyə verilməsi nəticəsində həmin mədəniyyət müəssisələri də müasir istilik sistemləri ilə təmin olunacaqdır.

Bildirilmişdir ki, müəssisə rəhbərləri, kitabxana, klub müəssisələri təhlükəsizlik qaydalarına ciddi riayət etməli, xüsusilə mövcud vəziyyətlə əlaqədar sanitar-gigiyenik vəziyyəti diqqətdə saxlanılmalı, müəssisələrdə elektrik enerjisindən və qaz sərfiyyatından qənaətlə istifadə edilməli, aşkar olunmuş nöqsanlar isə ən qısa müddətdə aradan qaldırılmalıdır. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan muxtar respublika tabeli müəssisələrdə, rayon (şəhər) mədəniyyət şöbələrində və onların tabeliyində olan müəssisələrdə istilik sistemlərinin və elektrik naqillərinin vəziyyəti əvvəlcədən yoxlanılmalı, nasazlıqlar aradan qaldırılmalıdır. Mədəniyyət müəssisələrində təhlükəsizlik qaydalarına əməl edilməsi üçün müvafiq tədbirlər görülməli, qazanxana işçilərinin peşə təhsilinə diqqət yetirilməli, mədəniyyət müəssisələrində mal-materialın düzgün bölünməsi və paylanması təmin edilməlidir.

Ötən qış mövsümü ərzində mədəniyyət müəssisələrində heç bir fövqəladə hal baş verməmiş, fasiləsiz iş rejimi təmin edilmiş, qarşıya çıxan problemlər isə vaxtında aradan qaldırılmışdır. Ötən il olduğu kimi, 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar iş düzgün qurulmalı, bütün imkanlardan səmərəli istifadə edilməklə mədəniyyət müəssisələrində fasiləsiz iş rejimi təmin edilməlidir.

Sonra məruzə ətrafında Babək Rayon Mədəniyyət Şöbəsinin müdiri Fətəli Axundzadənin, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru Rza Xudiyevin, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərovanın və Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimovanın çıxışları dinlənilmişdir.

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

03.09.2021

Joomla 1.5