Tanınmış teatr rəssamı: Əbülfəz Axundov

Azərbaycan realist rəssamlığında fərqli texnikası, müasir üslubu ilə seçilən, yaddaqalan sənətkarlardan biri də Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, mərhum Əbülfəz Axundovdur. O, qrafika və rəngkarlığın müxtəlif janrlarına tez-tez müraciət edir, sulu boyalarla çəkdiyi mənzərələr, səhnəqrafiya sahəsində yaratdığı kompozisiya və portretlərilə hamının diqqətini cəlb edirdi. Onun özünəməxsus yaradıcılıq texnikası tərtibat verdiyi tamaşaların ideya-məzmununun açılmasında xüsusi rol oynayırdı. Ə.Axundov Naxçıvan teatrında bədii tərtibat sahəsində səmərəli fəaliyyəti ilə diqqət çəkirdi. Rəssamı olduğu tamaşalarda musiqinin dramatik, lirik və fəlsəfi xarakterini tərtibatda poetikliklə obrazlaşdırmağa səy göstərirdi. İstedadlı rəssamın yaratdığı əsərlər rənglərin şuxluğu və aydınlığı, kompozisiyanın sadəliyi ilə fərqlənirdi. Tamaşalara veriyi tərtibat işləri isə dramaturq və rejissor fikri ilə poetik ahəngdarlıq yaratması baxımından səciyyəvi idi. Onun müasir və klassik üslubda hazırladığı kompozisiyalar monumentallığı və obrazlı səhnə həlli ilə maraq doğururdu. Tərtibatlarındakı və geyimlərdəki rənglər şux və koloritli, ahəngdar və cazibəli idi.

Bununla da onun tərtibatları tamaşanın bədii obraz-atributuna çevrilirdi. Həmin tərtibatlar monumental olduğu qədər, ifaçılar üçün hərəkət və ifa imkanları yaradan genişliyə malik idi. 1987-ci ildə Naxçıvan teatrında rəssam kimi fəaliyyətə başlayan Ə.Axundov müxtəlif tamaşalara verdiyi bir-birindən fərqli, maraqlı, rəngarəng kompozisiya quruluşları ilə diqqətini cəlb edirdi. Müstəqillik illərində isə sənətkar daha məhsuldar yaradıcılıq fəaliyyəti göstərir, çoxsaylı teatr tamaşalarına mövzu və ideyasına görə yaddaqalan bədii quruluşlar verirdi.

Naxçıvan teatrında 38 illik fasilədən sonra 1997-ci ildə yenidən səhnəyə qoyulan “Nadir şah” (Nəriman Nərimanov) tamaşası Ə.Axundovun bədii quruluşunda rəng koloritinin zənginliyi, geyim formalarının tarixi və xarakterə uyğunluq baxımından düzgün seçimi ilə diqqəti cəlb edirdi. Tarixi faciə yeni səhnə quruluşunda hakimiyyət ideyalarının qabardılması, cəsurluq, vətənpərvərlik ideyaları rəssamın bədii tərtibatı ilə birgə səsləşməklə teatrın uğur qazanan tamaşalarından olub.
Ə.Axundovun səhnə tərtibatında, əsasən, 60-90-cı illərdə səhnəqrafiyada təcəssüm tapan, aparıcı üsluba çevrilən lirik-psixoloji üslub xüsusiyyətlərinə də rast gəlinir. 1988-ci ildə İ.İsgəndərovun quruluşunda səhnəyə qoyulan “Dəyirman” (Mövlüd Süleymanlı) əsərində simvolik Dəyirman obrazı ilə sovet quruluşunun çürüməyə başladığını real lövhələrlə əks etdirirdi. El imanında ruzi, bərəkət mənbəyi olan dəyirman artıq dən üyütmür, adamları ehtiyacın, qara günün pəncəsindən xilas etmir, indi o sərxoş başları ovundurur. Simvolik məna daşıyan bu məzmun rəssamın tamaşaya verdiyi tərtibatda lirik ahəng, özünəməxsus dəstxəti ilə təcəssüm etdirilirdi.
Naxçıvan Muxtar Respublikasının yaradılmasının 75 illiyi münasibətilə 1999-cu il may ayının 10-da Xalq şairi Nəriman Həsənzadənin “Atabəylər” əsəri Azərbaycan Milli Akademik Dram Teatrının rejissoru Mərahim Fərzəlibəyovun quruluşunda (rejissor Kamran Quliyev) tamaşaya qoyuldu. Bu monumental tarixi pyesdə xalqımızın qəhrəmanlıq salnaməsi, yadellilərə qarşı mübarizəsi yüksək dərəcədə izləyicilərə çatdırıldı. Quruluşçu rəssam Ə.Axundov özünəməxsus üslub xüsusiyyətləri, texnikası və rəng tembri ilə tamaşanın təsirini daha da gücləndirmişdi. Tamaşada, ilk növbədə, rəssamın xüsusi cazibədarlıqla təsvir etdiyi Möminə xatın türbəsi və giriş qapıları tamaşanın mövzusu ilə həmahəng səslənmiş və əsərin ideyasının tamaşaçılara çatdırılmasında xüsusi rol oynamışdı. Yuxarıdan asılmış ox ucluqları, nizələr əsərin ideyasında simvolik məna daşımış, tamaşanın geyim eskizlərində isə dövrə, obraza, xarakterə uyğunluq istər onların formalarında, istərsə də rəng koloritində öz əksini tapmışdı. Geyimlərdə, dekorlarda daha çox istifadə etdiyi qırmızı rəng koloriti tamaşanın əsas ideyası olan mübarizliyin, qəhrəmanlığın, əyilməzliyin simvolu kimi xarakterizə olunmuşdu. Tamaşanın güclü bədii tərtibatı tanınmış rejissor Mərahim Fərzəlibəyovun diqqətindən yayınmamışdı. O, teatrın quruluşçu rəssamı haqqında demişdir: “Tamaşanın quruluşçu rəssamı Əbülfəz Axundovdur. Bu başdan deyim ki, bu rəssam olduqca istedadlı, səhnəni, səhnəqrafiyanı gözəl bilən bir yaradıcıdır. Əbülfəzdə olan yaradıcı fantaziya mənim çox xoşuma gəldi. O, olduqca zövqlü və geniş yaradıcı təxəyyülə malik teatr rəssamıdır... Əgər mən Naxçıvan teatrında yenidən tamaşa qoysam, tərəddüd etmədən gözəl teatr rəssamı Əbülfəz Axundovla birgə işlərdim”. Tamaşanın tərtibatı əsərin ideyasının, ictimai-siyasi mahiyyətinin daha da qabardılmasında xüsusi rol oynayıb. Tamaşanın ideya fəlsəfəsi haqqında akademik İsa Həbibbəyli yazırdı: “Atabəylər” tamaşası milli-tarixi özünüdərk prosesinin dərinləşməsinə kömək edir, mənlik və müstəqillik düşüncəsini daha da qüvvətləndirir. Bu fikirləri, eyni zamanda tamaşanın bədii tərtibatını hazırlayan quruluşçu rəssam Ə.Axundov haqqında da söyləmək olar”.

Naxçıvan teatrında 2003-cü ildə Hüseyn Cavidin “İblis” mənzum faciəsi K.Quliyevin quruluşunda səhnəyə qoyuldu. Əsərin bədii ruhu, fəlsəfi ideyası Ə.Axundovun hazırladığı maraqlı bədii quruluşda daha aydın şəkildə, forma, rəng və kompozisiya baxımından çox təsirli alınmışdı. İctimai qəzəb və etiraz hissləri müharibə ideyaları ilə yaşayanlara qarşı yönələn “İblis” faciəsində insanları əzab və iztirablara salan, min bir dona girərək riyakarlığı və böhtanları ilə həzz alan İblisin təbiəti ilə müasir dünyanı fəlakətə sürükləyənlərin törətdikləri mənfur oyunlar, tamaşanın bədii tərtibatında öz bədii və fəlsəfi duyumları ilə əks olunurdu. Tamaşada İblisin xislətini onun geyiminin formasında və rənglərində aydın görmək mümkün idi. Belə ki, əzəmətli və qorxunc, şər və qisas mücəssiməsi olan İblisin (Həsən Ağasoy) qrimi sadə olsa da, geyim üçün seçilmiş forma və qırmızı astarlı qara plaşı, qırmızı işıq effektləri onu daha da heyrətamiz və qorxunc göstərirdi.
Milli dramaturgiyamızın əvəzsiz incilərindən olan Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” əsəri verilən mənəvi-əxlaqi, ictimai-siyasi problemlərin fəlsəfi dərinliyi və psixoloji mahiyyəti ilə milli dramaturgiyamızın nadir nümunələrindəndir. Əsərin əsas ideyası 2005-ci ildə Kamran Quliyevin quruluş verdiyi tamaşanın bədii tərtibatında daha qabarıq hiss olunurdu. Səhnə əsərinin ideya bədii ruhu öncə quruluşçu rəssam Ə.Axundovun hazırladığı tərtibatda istifadə etdiyi palitrada soyuq rəng koloritinin üstünlüyü, bu rəng fonunda boz, ağ, mavi və qara rənglərdən ibarət formalar təcəssüm tapmışdı. Pərdədə bu rənglərlə verilmiş yarımdairə formasındakı zolaqlar tamaşanın məzmununun, ruhunun duyulması ilə yanaşı, səma sonsuzluğu effekti kimi də dərin təsir bağışlayırdı. Bədii tərtibatında rəssam əsərin fəlsəfi-psixoloji mürəkkəbliyini xüsusi diqqətdə saxlayaraq, hadisələrin mahiyyətinə və obrazların qrimlərlə, geyimlərlə davranmasına diqqət yetirmişdi. Rəssam dekorlarda dekonstruktivizm xüsusiyyətlərini ön plana çəkmiş, səhnənin maraqlı görünüşünü də əsrin ideya-bədii xüsusiyyətlərinin harmoniyasına uyğun hazırlamışdı. Tərtibatda dekorativ meyillər daha çox evlərin arxasında göstərilən qara rəngli ağacların təsvirində verilmişdi. Rəssamın bədii quruluşunda janr-üslub qarışıqlığı deyil, müxtəlif formaların harmonik sintezi, poetik füsunkarlıqla vəhdəti tamaşaya möhtəşəm obrazlılıq gətirir, həm də tamaşanın məzmununun açılmasına, onun daha təsirli olmasına şərait yaradırdı.
Mir Cəlal Paşayevin “Dirilən adam” əsəri K.Quliyevin quruluşunda 2006-cı ildə tamaşaçılara təqdim olunur. Tamaşanın bədii quruluşunu Ə.Axundov fərqli bədii ifadə vasitəsi, zəngin palitrası ilə əsərin ruhunu hiss etdirməsi, soyuq və isti rəng ahəngi, ağ rəngin simvolik mənadakı ifadəsi və digər məsələləri fərqli tərzdə qabartmışdı. Hadisələrin mürəkkəb toqquşması ilə yaranan konflikt, onların psixoloji mahiyyətindəki faciəvilik diqqət mərkəzində olmuş və rəssam tərtibatda işıq effektlərinin vasitəsilə rəng harmoniyasından istifadə etməyə üstünlük vermişdi.
Ümummilli lider Heydər Əliyevin ideyalarını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin görkəmli dramaturq Hüseyn Cavidin 125 illik yubileyinin keçirilməsi haqqında 2007-ci ilin aprelində imzaladığı Sərəncamın işığında dramaturqun “Səyavuş” mənzum faciəsi həmin ilin 24 oktyabrında K.Quliyevin quruluşunda tamaşaçılara təqdim olundu. Quruluşçu rəssam Ə.Axundovun hazırladığı səhnə tərtibatı sadə, qara fonda daha aydın və diqqətəlayiq idi.
2008-ci il aprel ayının 10-da Naxçıvan teatrının 125 illik yubileyində K.Quliyevin quruluşunda “Araz sahilində doğan günəş” (Həsənalı Eyvazlı) tamaşasının tərtibatını da Ə.Axundov yüksək səviyyədə hazırlamışdı.
2010-cu ildə K.Quliyevin quruluşunda alman ədəbiyyatının banisi Qotholt Efraim Lesinqin “Müdrik Natan” tamaşası (Həmid Arzulunun tərcüməsində) sənətsevərlərə göstərildi. Əsərdəki hadisələr XII əsrdə səlib yürüşləri zamanı baş verir. Tamaşada əsas ideya heç bir dinin bir-birindən üstün olmadığını göstərirdi. Əsərdə üç din üç nəfərin vasitəsilə təsvir olunurdu. Quruluşçu rəssam Ə.Axundovun tamaşaya hazırladığı bədii tərtibat əsərdəki ideya-fəlsəfi fikrin ümumiləşdirilmiş şəkildə verilməsi ilə xarakterizə olunurdu.
Dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatov türk, altay, qırğız əfsanələrindən bəhrələnərək qələmə aldığı “Gün var əsrə bərabər” əsərində müasir dünyamızın əxlaqi-mənəvi problemləri ilə yaxından səsləşən, tarixi, adət-ənənələri, milli dəyərləri, soykökü unudub manqurtlaşan insanların təhlükəyə çevrildiyi əks olunur. Həmin əsərin motivləri əsasında Tofiq Seyidovun quruluşunda (quruluşçu rəssam Ə.Axundov) hazırlanan “Manqurt” tamaşası 2013-cü ildə uğurla səhnəyə qoyuldu. Rəssam tamaşanın bədii quruluşunu olduqca sadə və yığcam şəkildə, əsasən, rənglərin rəmzi mənalarından istifadəyə üstünlük vermişdir. Rəssam əsərin ideyasının açıqlanması üçün zəruri olan bədii ifadə vasitələrindən və işıq effektlərindən məharətlə istifadə edərək, rəng harmoniyasını yerli-yerində dəyişdirməklə, tamaşanın emosional təsirini daha da artırırdı.
Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyinin keçirilməsi haqqında” 2021-ci il 2 mart tarixli Sərəncamına əsasən bu yubileyin milli mədəniyyətimizə yüksək dəyər verən muxtar respublika rəhbərinin iştirakı ilə dövlət səviyyəsində qeyd olunması, qədim və zəngin tarixə malik Naxçıvan rəssamlıq məktəbinin, eləcə də teatr rəssamlığının yeni müstəvidə araşdırılması və təbliğinə geniş üfüqlər açmışdır. Bu mənada, əminliklə deyə bilərik ki, Əbülfəz Axundovun Naxçıvan teatrında səhnəqrafiya sahəsində qoyduğu izlər hər zaman yaşayacaq. Bundan sonra da teatrda tamaşalara quruluş verən rəssamlar onun səhnəqrafiya sahəsindəki işlərindən bəhrələnəcəklər.

Əli Qəhrəmanov
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, dosent

"Şərq qapısı" qəzeti

01.09.2021

Joomla 1.5