Açıq havada kino nümayişləri davam edir

13 iyul 2021-ci il tarixdə Naxçıvan Dövlət Film Fondu  “Əyləncə adası” İstirahət Parkında açıq havada “Bir cənub şəhərində” bədii filminin nümayişini təşkil etmişdir.

Lirik-psixoloji dram janrında olan film çox da böyük olmayan cənub şəhərlərindən birinin adamları, onların həyatı və əməyi haqqındadır. Burada hələ də insanların şüurunda keçmişin qalıqlarının kök salması, insanın mənəvi azadlığa necə böyük çətinliklə çıxması məsələləri ön plana çəkilmişdir.

Filmin mərkəzində yeniliklə köhnəliyin mübarizəsi, insanın köhnəlmiş adətlərin əsarətindən xilas olması prosesi durur.

Film rejissor Eldar Quliyevin böyük kinoda ilk işidir. Çəkilişlər Təzəpir məscidinin ərafında yerləşən məhəllələrdən birində aparılıb. Filmin uğurlu alınmasının bir səbəbi də yaradıcı heyətdə yeni düşüncəli, azad gəncliyin toplanması idi.

Dövrünə görə “Bir cənub şəhərdə”ni cəsarətli film saymaq olar. Filmdə sanki ölkə içində tamamilə fərqli qanunlarla yaşayan başqa, qapalı bir ölkənin qurulduğu göstərilir: məhkəmə olmadan öz düşüncələrindən yola çıxaraq günün günortaçağı adam bıçaqlanması, sahə müvəkkilinin cinayətə susması, sakinlərin qisas aktına şərait yaratması, qadınların əsarətdə saxlanması… Bu “ölkədə” açıq fikir, yenilik yad element kimi qəbul olunur və ənənənin diktaturasına təslim olur. Bir qism adam hakim rolunu oynayaraq, digərlərinin özəl həyatına müdxailə edir, “el qınağı” psixoloji və fiziki təzyiq səviyyəsndə özünü göstərir. Təsadüfi deyil ki, filmin ekranlara çıxması iki il ləngidi. Filmin ekran həyatı qazanmasında isə ümummilli lider Heydər Əliyevin birbaşa təşəbbüsü və müstəsna əməyi olmuşdur.

Film 1969-cu ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal edilmişdir. “Bir cənub şəhərində” filminin quruluşçu rejissoru Eldar Quliyev, quruluşçu operatoru Rasim Ocaqovdur. Baş rolları Həsən Məmmədov, Eldəniz Zeynalov, Məcid Dadaşov, Hacımurad Yegizarov, Natella Adıgözəlova və b. ifa edirlər.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

13.07.2021

Joomla 1.5