Naxçıvan teatrı 138-ci teatr mövsümünü başa vurub

9 iyul 2021-ci il tarixdə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Nikolay Vasilyeviç Qoqolun “Müfəttiş” komediyası əsasında hazırlanan eyniadlı tamaşanın premyerası baş tutmuş və bununla da 138-ci teatr mövsümü başa vurulmuşdur.

Tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyev, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədov və rejissor assistenti Azərbaycan Respublikasının Əməkdar artisti Behruz Haxverdiyevdir. Tamaşada rolları Azərbaycan Respublikasının xalq artistləri Rza Xudiyev, Rövşən Hüseynov, Azərbaycan Respublikasının əməkdar artistləri Əli Əliyev, Behruz Haxverdiyev, Əbülfəz İmanov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşıyev və digər aktyorlar Zakir Fətəliyev, Zəminə Məmmədova, Ələsgər Quliyev, Səyyad Məmmədov, Rəhman Dünyamalıyev, Şölə Alışova, Anar Eyvazov və Uğur Nəsirli ifa edirlər.

Əsər komediyanın klassik nümunəsidir. Ədibin dram əsəri hər şeydən əvvəl, həyatı düzgün göstərməyi təlqin edir. Yazıçı özünün bu bədii formuluna ilk öncə özü riayət edir. Nikolay Vasilyeviç “Müfəttiş”ində özünün qeyd etdiyi kimi, Rusiyada olan bütün çirkin hadisələri insandan ən çox ədalət tələb olunduğu yerlərdə və hallarda baş verən bütün ədalətsizlikləri bir yerə toplamağı və onların hamısına birdən gülməyi qərara alır. Təsadüfi  deyildi ki, o zaman Qoqolun bu əsərindəki öldürücü satirasından qorxuya düşən senzura “Müfəttiş”in tamaşaya qoyulmasını bir müddət qadağan etmişdi.

Qeyd edək ki, 138-ci teatr mövsümündə Naxçıvan teatrı ideya-bədii cəhətdən müxtəlifliyi ilə seçilən Cəfər Cabbarlının “Aydın”, Vaqif Səmədoğlunun “Mamoy kişinin yuxuları” və Nikolay Vasilyeviç Qoqolun “Müfəttiş” əsərləri əsasında səhnələşdirilmiş eyniadlı tamaşaları, həmçinin N.Gəncəvinin “Sirlər xəzinəsi” poeması əsasında hazırlanmış “Nizaminin sirlər xəzinəsi” tamaşasını teatrsevərlərə təqdim etmişdir. C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı ötən ilin aprel ayından etibarən mövcud vəziyyətlə əlaqədar olaraq, onlayn formada Nəbi Xəzrinin “Burla Xatun”, Xaqani Əliyevin “Ehsan xan Kəngərli”, Elçin Əfəndiyevin “Teleskop” əsərləri əsasında hazırlanmış eyniadlı tamaşaları teatrsevərlərə təqdim etmiş, “Ağıldan bəla”, “Aydın”, “Mamoy kişinin yuxuları”, “Nizaminin sirlər xəzinəsi” tamaşalarının isə onlayn premyeralarını keçirmişdir. Naxçıvan teatrının onlayn formada tamaşa nümayişi ölkə mədəniyyəti tarixində həyata keçirilən ilk mədəni fəaliyyət kimi də ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır.

Yeni teatr mövsümündə də Naxçıvan teatrı öz ənənələrini davam etdirərək maraqlı, ideyaca aktual mövzulardan bəhs edən səhnə əsərləri ilə tamaşaçıların görüşünə gəlməyi nəzərdə tutur.

 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

09.07.2021

Joomla 1.5