Gənclər arasında “Dünyanın qədim və yeni 7 möcüzəsi” adlı tədbir keçirilmişdir

İyulun 9-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin “Turan” Gənclər Birliyinin üzvləri arasında “Dünyanın qədim və yeni 7 möcüzəsi” adlı tədbir-diskussiya keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyin Gənclər Təşkilatının sədri Elvin Əhmədov açaraq bildirmişdir ki, gənclərin asudə vaxtının səmərəli və faydalı təşkili, dünyagörüşünün artırılması, gənclərin sağlam düşüncədə yetişməsi üçün bir çox işlər görülür. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi də bu baxımdan gənclərlə iş sahəsinə öz töhvəsini vermişdir və verməkdə də davam edir. Azərbaycan mədəniyyəti minilləri əhatə edən qədim, köklü tarixə malikdir. Azərbaycan musiqisi, milli rəqsləri, zəngin mətbəxi sadəcə regionda deyil, bütün dünyada məşhurdur. Lakin mədəniyyət sərhəd tanımır və bu baxımdan gənclər sadəcə Azərbaycan mədəniyyəti ilə kifayətlənməməli, digər xalqların da tarixini, mədəniyyətini öyrənməli, öz dünyagörüşünü artırmalı və daima yeni biliklərə yiyələnməlidirlər. “Dünyanın qədim və yeni 7 möcüzəsi” adlı tədbir də məhz bu məqsədlə təşkil olunmuşdur. Bu tədbirdə gənclərin öncədən seçib hazırladıqları qədim dövrlərə aid şəhərlər, tarixi abidələr və müxtəlif mədəniyyət nümunələri haqda tədbir iştirakçılarına məlumat vermələri nəzərdə tutulur.

Daha sonra söz gənclərə verilmiş, gənclər öncədən hazırladıqları qədim və yeni dövrə aid mədəniyyət nümunələri barədə materiallar vasitəsilə tədbir iştirakçılarına məlumat vermişlər. Tədbirdə Fatimə Yusifli “Böyük Çin Səddi”, Aytən Xəlilova “Tac Mahal”, Kənan İsmayılov “Antik Efes şəhəri”, Günel Quliyeva “Misir Ehramları” və Ruzalə Əliyeva “Rodos heykəli” mövzuları ətrafında çıxışlar etmişlər. Qeyd olunanlarla yanaşı tədbir iştirakçıları arasında dünyanın digər möcüzələri və onlar haqqında az bilinən tarixi faktlar barədə müzakirə aparılmışdır.

Sonda gənclər mövzu barədə fikirlərini bildirmiş və suallarını cavablandırmışlar.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

09.07.2021

Joomla 1.5