Gənclər arasında “Retro və müasir Azərbaycan musiqiləri” adlı tədbir keçirilib

Naxçıvan şəhərindəki “Görüş yeri” kafesində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin “Harmoniya” Gənclər birliyinin üzvləri arasında “Retro və müasir Azərbaycan musiqiləri” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin aparıcı məsləhətçisi, Nazirliyin Gənclər Təşkilatının sədri Elvin Əhmədov açmışdır. Qeyd olunmuşdur ki, gənclərin asudə vaxtının səmərəli və faydalı təşkili və dünyagörüşünün artırılması baxımından bu tədbirlərin əhəmiyyəti böyükdür. Cari ildə Nazirliyin Gənclər Təşkilatının fəaliyyəti müxtəlif tədbirlərlə yaddaqalan olmuşdur. Gənclər arasında istər onlayn, istərsə də ənənəvi üsulda yarış və müsabiqələr, maarifləndirici tədbir, diskussiyalar təşkil olunmuşdur.  Daha sonra söz “Harmoniya” Gənclər Birliyinin sədri Müzəffər Yusifova verilmişdir. Müzəffər Yusifov öz çıxışında bildirmişdir ki, Gənclər Təşkilatının mütəmadi olaraq təşkil olunan onlayn və ənənəvi tədbirlərinin şahidi oluruq. Gənclər həmin tədbirlərdə iştirak edərək dünyagörüşünü genişləndirir, yeni məlumatlar əldə edir, digər bölgələrdən olan gənclərlə tanış olur. Bugünkü tədbir isə digər tədbirlərdən mahiyyət etibarilə fərqlənir. Belə ki, tədbir rəsmi və bədii hissə olmaqla iki hissədən ibarətdir. Tədbirdə 4 gəncin retro və müasir Azərbaycan musiqiləri yönündə çıxışları ilə yanaşı musiqi nömrəsi də ifa olunacaqdır. Müzəffər Yusifov “Azərbaycan gəncliyi və musiqi” mövzusunda məlumat vermişdir.

Ardınca gənclərdən Aysel Əhmədova “Qal sənə qurban”, Rəfiqə Baxşıyeva “Bayatılar mahnısının tarixçəsi”, Məsmə Cəfərova “XXI əsr musiqiləri” və Xəyal Abbasov “Retro musiqilər” adlı mövzularda çıxışlar etmişlər. Qeyd olunan mövzular ətrafında diskussiya aparılmışdır. Qeyd olunan çıxışlarla yanaşı tədbirin gedişi zamanı Yuxarı Daşarx Kənd Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərinin ifasında Azərbaycan xalq mahnısı “Qarabağ” və Ələkbər Tağıyevin “Sən gəlməz oldun” mahnıları həmçinin balabanda “Sarı gəlin” və sazda “Baş sarıtel Səyyadi” ifa edilmişdir. Balabanda Samir Ağayev, qarmonda Aqil Əliyev, sazda Hümbət Əliyev və nağarada İslam Əhmədov musiqi nömrələrini təqdim etmişdir.

Tədbir qarşılıqlı müzakirə formasında başa çatdırılmışdır.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin

mətbuat xidməti

06.07.2021


Joomla 1.5