Şahbuz Rayon Mədəniyyət Sarayında “Qarabağ şikəstəsi” tamaşası nümayiş olunub.

Ssenari müəllifi əməkdar arist Tofiq Seyidov olan tamaşada rayonun Güney Qışlaq kəndinin 1-ci Qarabağ müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan qəhrəman övladı Vaqif Əhmədovdan bəhs olunur. O dövrdə Bakı Dövlət Universitetinin Mədəniyyət və İncəsənət fakültəsində təhsil alan Vaqif Əhmədov müharibə başlayan kimi, Qarabağa yollanır, özünü vətən uğrunda odlu-alovlu səngərə atır. Tamaşanın süjet xəttini Vaqifin hərbçi yoldaşları ilə birlikdə müharibədə bir sıra hərbi əməliyyatların hazırlanmasında və yüksəkliklərin alınmasında fəal iştirakları, göstərdikləri qəhrəmanlıqlar təşkil edir.

Şahbuz Rayon Xalq Teatrı tərəfindən hazırlanan tamaşanın quruluşçu rejissoru Namiq Mehdiyev, rəssamı Səxavət Paşayev, musiqi tərtibatçısı Mübariz Əliyevdir. Tamaşada rayonda fəaliyyət göstərən təcrübəli və həvəskar aktyorlar, eyni zamanda gənc istedadlar rol alıb.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət
Nazirliyinin mətbuat xidməti
03.07.2021

Joomla 1.5