İyun ayı istedadlı uşaq və gənclər arasında keçirilən yaradıcılıq müsabiqələri ilə yadda qalıb

Bu ilin iyun ayı muxtar respublikanın mədəniyyət müəssisələri tərəfindən həyata keçirilən bir neçə mədəni hadisələrlə əlamətdar olmuşdur.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu ilin aprel, may və iyun aylarında 400 nəfərə yaxın istedadlı uşaq və gəncin qatıldığı üç yaş qrupunda rəsm, rəqs, solo oxuma-vokal və muxtar respublika ifaçılıq müsabiqələri keçirilmişdir. İyunun 23-də Naxçıvan şəhərindəki “Gənclik Mərkəzi”ndə Nazirliyinin təşkilatçılığı ilə uşaq və gənclər arasında keçirilmiş rəsm, rəqs, solo oxuma və ifaçılıq müsabiqələrinin yekununa həsr olunmuş tədbir keçirilmiş, tədbirdə 4 müsabiqə, 14 nominasiya və 3 yaş qrupu üzrə ümumilikdə 157 iştirakçı və kollektiv təltif edilmişdir. Tədbirin bədii hissəsində müsabiqə qaliblərinin ifasında konsert proqramı olmuşdur.

Açıq havada kino nümayişləri iyun ayında da davam etdirilmiş, Naxçıvan şəhərindəki “Əyləncə adası” İstirahət Parkında sakinlər üçün 4 film nümayiş olunmuşdur.

“26 İyun – Silahlı Qüvvələr Günü” münasibətilə mədəniyyət müəssisələri tərəfindən silsilə tədbirlər keçirilmişdir. Hərbi qulluqçular üçün Şahbuz Rayon Xalq Teatrı tərəfindən “Qarabağ şikəstəsi” əsəri əsasında hazırlanan tamaşa nümayiş olunmuş, Naxçıvan Dövlət Filarmoniyasının, eləcə də rayon və şəhər mədəniyyət şöbələrinin musiqi kollektivləri tərəfindən konsert proqramları təqdim edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2021-ci il 22 fevral tarixli Sərəncamının icrası ilə bağlı iyun ayında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin, Aşıqlar Birliyinin və Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə yaradıcılıq müsabiqəsi keçirilmiş, yekun tədbirdə müsabiqənin qalibləri mükafatlandırılmış və onların ifasında konsert proqramı təqdim edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” 2021-ci il 5 yanvar tarixli Sərəncamının icrası ilə bağlı Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş 4 tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən, muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, müəssisə və təşkilatların muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilmişdir. Ötən ay muxtar respublikanın muzeylərini 28 min 134 nəfər yerli, 492 nəfər əcnəbi olmaqla, ümumilikdə 28 min 626 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 66 ədəd yeni eksponat daxil olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq, aid təşkilatlarla birgə “15 İyun - Milli Qurtuluş Günü” ilə əlaqədar Heydər Əliyev Muzeyində “Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır” mövzusunda interaktiv dərs keçilmişdir. Dərsi muxtar respublikanın 200-dən çox təhsil müəssisəsi izləmişdir.

Ay ərzində “15 İyun – Milli Qurtuluş Günü” ilə bağlı Heydər Əliyev, Babək və Culfa Rayon Tarix-Diyarşünaslıq muzeylərində açıq dərslər keçilmiş, Cəmşid Naxçıvanski Muzeyində “26 İyun – Silahlı Qüvvələr Günü” münasibətilə isə sərgi təşkil edilmişdir. Qeyd edək ki, ötən ay ümumtəhsil məktəblərinin şagirdləri üçün muzeylərdə, ümumilikdə, 7 açıq dərs keçilmiş, 6 mühazirə oxunmuşdur.

İyun ayında da muzeylərin sosial şəbəkələrdəki hesablarında onlayn ekskursiyalar təşkil olunmuş, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlər, muzeylərdə olan eksponatlarla bağlı, eləcə də Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş milli qəhrəmanların doğum və anım günləri münasibətilə məlumat və təbliğat xarakterli 188 sayda paylaşım edilmişdir. Bu paylaşımları 64 mindən çox internet istifadəçisi izləmişdir.

İyun ayında muxtar respublikanın kitabxana və klub müəssisələrində “Oxunması zəruri olan kitablar siyahısı”na daxil olan bir neçə kitabın 34 sayda müzakirəsi keçirilmiş, “15 İyun - Milli Qurtuluş Günü” və “26 İyun – Silahlı Qüvvələr Günü”, “Mütaliə Günü”, “Kitabxana Günü”, “Nağıl Günü”, eləcə də yubileylərlə bağlı 74 tədbir və 49 sərgi təşkil edilmişdir.

Qeyd edək ki, iyun ayında da sağlamlıq imkanları məhdud 24 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

İyun ayında kitabxanalar tərəfindən tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar, həmçinin “Nağıl Günü” layihəsi çərçivəsində kitabxanalarla birgə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən, ümumilikdə, 228 paylaşım edilmişdir.

Ötən ay kitabxanalarda yeni oxucu sayı 491, oxucu gəlişi 8 min 887, kitab verilişi isə 43 min 60 nüsxə olmuşdur. Dövr ərzində elektron kataloqa 701 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 24 min 192-dən 24 min 893-ə çatdırılmışdır. Həmçinin şəbəkəyə 30 kitab (PDF) işlənməklə şəbəkədəki kitabların sayı 3 min 431 olmuşdur. Ay ərzində elektron kitabxanadan 179 lokal, 560 qlobal olmaqla 739 oxucu istifadə etmişdir.

Xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması məqsədilə Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 3, Naxçıvan Dövlət Film Fondu tərəfindən 9 olmaqla, ümumilikdə, 12 videomaterial hazırlanaraq nazirliyin “Youtube” kanalında yerləşdirilmiş, sosial şəbəkələrdə paylaşılmışdır.

İyun ayı ərzində rayon mədəniyyət sarayları, o cümlədən klub və mədəniyyət evləri tərəfindən, ümumilikdə, 21 tədbir keçirilmiş, 8 sərgi qurulmuşdur. Həmçinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən, ümumilikdə, 8 material hazırlanmış, 23 paylaşım edilmişdir. Bundan başqa, metodik mərkəzin, Kəngərli Rayon və Naxçıvan Şəhər Mədəniyyət şöbələrinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Film Fondu tərəfindən xalq yaradıcılığı nümunələrindən ibarət çəkilişlər həyata keçirilmişdir.

“Təhsil və mədəniyyət müəssisələrinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili ilə bağlı 2020-2021-ci tədris ili üçün tədbirlər planı”na əsasən, iyun ayında Naxçıvan Dövlət Film Fondunda Naxçıvan şəhər 2, 3, 5, 11 və 15 nömrəli tam orta məktəblərin şagirdləri üçün cizgi filmləri nümayiş etdirilmişdir. Naxçıvan Dövlət Film Fondunun təşkilatçılığı ilə ötən ay Nazirliyin Gənclər Təşkilatının üzvləri arasında “Bu kino ki var…” adlı kinoviktorina keçirilmişdir

İyun ayında nazirliyin Gənclər Təşkilatının və tabe müəssisələrin Gənclər Birlikləri üzvlərinin iştirakı ilə film və kitab müzakirələri keçirilmiş, Naxçıvan şəhərindəki “Möminə xatın kitab kafesi”ndə “YUNESKO tərəfindən qorunan qeyri-maddi mədəni irs nümunələrimiz” adlı tədbir təşkil edilmişdir.

Ötən ay Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının “Müfəttiş” (A.Qoqol), Naxçıvan Dövlət Uşaq Teatrı tərəfindən hazırlanan “Mavi işıq” (N.Nəzərova),  M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının yapon xalq nağılı əsasında səhnələşdirdiyi “Yaxşılıq itmir” səhnə əsərlərinə ictimai baxış keçirilmiş, tamaşalar istehsalata buraxılmışdır.

İyun ayı ərzində nazirliyin saytına 11 xəbər, 3 məqalə işlənmişdir. Həmçinin nazirliyin “Youtube” kanalına ötən ay 1 (cəmi 646) videomaterial yerləşdirilmişdir. Bu günədək kanalın abunəçisi 1650, izləyicisi isə 149 min 639 nəfər olmuşdur.

Ötən ay Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin “Facebook” səhifəsinin ümumi izləyicilərinin sayı 703 olmuş, “nmr_medeniyyet_nazirliyi” adlı “İnstagram” səhifəsinin isə ümumi izləyicilərinin sayı 5 min 919-a çatmışdır. Ay ərzində bəhs edilən sosial səhifələrdə, ümumilikdə 51 paylaşım edilmiş, həmin paylaşımları 6622 nəfər izləmişdir. “Naxçıvan_muzeyleri” “İnstagram” səhifəsində ay ərzində 26 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı 768 nəfər olmuşdur.

İyun ayında da mədəniyyət sahəsində çalışan əməkdaşların muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmiş, həmçinin ölkə və beynəlxalq əhəmiyyətli nəşrlərdə məqalələri dərc olunmuşdur.

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

02.07.2021

Joomla 1.5