Açıq havada kino nümayişləri davam edir

01 iyul 2021-ci il tarixdə Naxçıvan Dövlət Film Fondu “Əyləncə adası” İstirahət Parkında açıq havada “Toqo” bədii filminin nümayişini təşkil etmişdir.

Rejissoru Erikson Kor olan “Toqo” filmi 2019-cu ildə lentə alınmışdır. Filmdə əsas rolları Uillem Defo, Culianna Nikolson, Kristofer Heyerdal, Riçard Dormer və başqaları ifa etmişlər.

Film Alyaskanın Nom qəsəbəsini bürümüş epidemiyanı müalicə etmək üçün yorucu bir səyahətə çıxan bir adam və bir itin hekayəsindən bəhs edir. Qəsəbədə ölümcül bir epidemiya baş verir ki, bu epidemiyanın yeganə müalicə yolu 600 mil uzaqlıqdakı qəsəbədədir. Şəhərdə tapılan antitoksin dərmanın gətirilməsi lazımdır, lakin bu asan bir iş deyil. Şəhər sakinləri serum əldə etmək üçün köpək təlimçisi Leonard Seppalaya müraciət edirlər. Kömək etmək üçün razılığa gələn Leonard Seppala, zəif görünüşlü qoca Sibir haskisi Toqo ilə yola düşür. Toqonu körpəliyindən tanıyan Seppalanın həyat yoldaşı Konstans, Toqonun hər vəziyyətdə cəsarət və sədaqət göstərəcəyinə əmindir. Dərmanın tapıldığı qəsəbəyə yaxınlaşan Seppala və Toqo səyahətlərində dəhşətli bir fırtına ilə qarşılaşırlar. Leonard və Toqo -70 dərəcəyə enən bu soyuq havada yaşamaq üçün mübarizə aparırlar.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

01.07.2021

Joomla 1.5