Açıq havada “Yarımçıq xatirələr” bədii filmi nümayiş olunmuşdur

24 iyun 2021-ci il tarixdə Naxçıvan Dövlət Film Fondu “Əyləncə adası” İstirahət Parkında açıq havada “Yarımçıq xatirələr” bədii filminin nümayişini təşkil etmişdir.

Rejissoru Elxan Cəfərov olan “Yarımçıq xatirələr” filmi Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2015-ci ildə lentə alınıb. Filmin quruluşçu operatoru – Nadir Mehdiyev, bəstəkarı – Polad Bülbüloğludur. Əsas rolları Bəhruz Vaqifoğlu, Mixail Kaminskiy və başqaları ifa etmişlər.

Film 1941-ci ildə Brest qalasını faşistlərdən qəhrəmancasına qorumuş və 50 ildən sonra doğma Qarabağını erməni işğalçılarından müdafiə etməyə qalxmış bir əsgərin taleyindən bəhs edir. Filmin qəhrəmanı iki müharibənin iştirakçısıdır. Filmdəki hadisələr Qarabağ müharibəsinə rus zabitinin gözü ilə baxışı əks etdirir. Qarabağda ermənilər tərəfdə döyüşən rus kapitanı Vanya veteran Azəri öldürür, sonra isə yaşlı azərbaycanlı snayperçinin gündəliyini tapır. Babasının Böyük Vətən Müharibəsində veteran Azər ilə birgə döyüşdüyünü öyrənən rus zabiti onun meyitini Azərbaycan tərəfinə vermək üçün öz həyatını təhlükəyə atır, eyni zamanda gündəliyi vərəqlədikcə ekranda 1941–1945-ci illərin hadisələri canlanır.

 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

24.06.2021

Joomla 1.5