Uşaq və gənclər arasında keçirilmiş rəsm, rəqs, solo oxuma və ifaçılıq müsabiqələrinin yekununa həsr olunmuş tədbir keçirilib

İyunun 23-də Naxçıvan şəhərindəki Gənclik Mərkəzində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə uşaq və gənclər arasında keçirilmiş rəsm, rəqs, solo oxuma və ifaçılıq müsabiqələrinin yekununa həsr olunmuş tədbir keçirilib.

Tədbir başlamazdan əvvəl rəsm müsabiqəsində yer tutmuş şagirdlərin rəsm əsərlərindən ibarət sərgiyə baxış olub.

Daha sonra tədbirin rəsmi hissəsi başlayıb. Tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri çıxış edərək bildirib ki, Azərbaycanın zəngin musiqi sənəti çoxəsrlik inkişaf tarixinə malikdir. Arxeoloji qazıntılar zamanı əldə edilən bir sıra abidələr, eləcə də Qobustan və Gəmiqaya rəsmləri musiqi mədəniyyətimizin qədim tarixindən xəbər verir. “Kitabi-Dədə Qorqud” dastanında, Nizaminin, Füzulinin əsərlərində orta əsrlərin musiqi həyatı, musiqi janrları, musiqi alətləri barədə zəngin məlumatlar mövcuddur. Azərbaycan torpağının yetirməsi olan bir sıra məşhur alimlərin risalələrində orta əsr musiqi mədəniyyətinin, ifaçılığının yüksək inkişaf səviyyəsi açıqlanmış, Azərbaycan musiqisinin nəzəri problemləri öz əksini tapmışdır.

Qeyd olunub ki, milli mədəniyyətimizin mükəmməl sənət nümunələri kimi formalaşmasında Naxçıvan mədəniyyətinin də özünəməxsus rolu olmuşdur. Şübhə yoxdur ki, qədim Naxçıvan torpağı mədəniyyət, sənət, ədəbiyyat beşiyi kimi tanınmış, dünya mədəniyyətinə tanınmış sənətkarlar bəxş etmişdir. Naxçıvan tarixinin möhtəşəm sütunlarından biri olan musiqi sənəti heç bir dövrdə ictimai inkişafdan geri qalmamış, bu qədim diyar Azərbaycanın yüksək inkişaf etmiş mədəniyyət mərkəzlərindən biri kimi tanınmışdır.

Bu gün Naxçıvan Muxtar Respublikasında mədəniyyətimizin bütün sahələri kimi milli musiqimizin inkişafına da hərtərəfli dövlət qayğısı göstərilir. Son 25 ildə Naxçıvan şəhərində, rayon mərkəzlərində yeni uşaq musiqi və bədii sənətkarlıq məktəbləri inşa olunaraq istifadəyə verilmiş, Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının maddi-texniki bazası gücləndirilmiş, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının, Aşıqlar Birliyinin fəaliyyəti üçün yüksək iş şəraiti yaradılmışdır. Gənc nəslə milli musiqi sənətimizin aşılanması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin, yaradılan şəraitin nəticəsidir ki, bu gün muxtar respublikada uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri ölkəmizdə, eləcə də beynəlxalq miqyasda keçirilən müsabiqələrdə uğurla iştirak edirlər.

Bildirilib ki, musiqi sənəti ilə bağlı həyata keçirilən uğurlu tədbirlərin davamı kimi, son illər muxtar respublikanın uşaq musiqi və bədii sənətkarlıq məktəblərində ustad dərslərinin keçilməsini qeyd edə bilərik. Artıq ənənəvi hal almış və musiqi sənətinin müxtəlif sahələri üzrə keçilən ustad dərsləri musiqiçi müəllimlərin pedaqoji təcrübəsinin artırılmasında, eləcə də istedadlı uşaq və yeniyetmələrin professional musiqiyə cəlbində mühüm rola malikdir. Bundan başqa, musiqi təhsili müəssisələrində çalışan müəllimlərin bilik və bacarıq səviyyəsinin müəyyənləşdirilib üzə çıxarılması, qiymətləndirilmə aparılan müəllimlərin müvafiq dərs yükü normasının optimallaşdırılmasının təmin edilməsi məqsədilə test və müsahibə mərhələlərindən ibarət attestasiya imtahanlarına cəlb edilməsi də muxtar respublikada professional musiqi sənətinin yüksək səviyyədə inkişafına töhfə verən amillərdəndir.

“Musiqi mədəniyyətinin inkişafının tələb olunan səviyyədə təmin edilməsində istedadlı kadrların yetişdirilməsi də ən vacib məsələlərdən biridir” – deyən Nazir qeyd edib ki, musiqi sahəsində ilkin addımlar sonradan professional sənətin bünövrəsinə çevrilir. Bu cəhətdən muxtar respublikada uşaqlara ilkin musiqi təhsili verən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin üzərinə mühüm vəzifələr düşür. Çünki uşağın sonradan musiqini özünə peşə seçməsi və professional musiqiçi kimi yetişməsi məhz ilk musiqi müəllimindən, geniş mənada isə musiqi məktəbində təhsilin səviyyəsindən, tədrisin ixtisas və nəzəri fənlər baxımından kompleks şəkildə öyrədilməsindən çox asılıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri uşaq musiqi məktəblərində təlim və tədrisin düzgün təşkilini və ixtisaslı kadrların hazırlanması işində ciddiyyəti daim Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi qarşısında əsas məsələ kimi qoymuşdur. Bu gün muxtar respublikamızda təkcə Naxçıvan şəhərində deyil, rayon mərkəzlərində və kəndlərdə də uşaq musiqi məktəbləri üçün yeni binalar tikilir və ya əsaslı təmir olunur, yüksək maddi-texniki baza yaradılır. Bundan başqa muxtar diyarda Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Musiqi Kolleci və İncəsənət fakültəsinin mövcudluğu da professional səviyyədə kadr potensialı formalaşdırır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin rolunu yüksək qiymətləndirərək demişdir: “Musiqi hər bir xalqın mədəni inkişafının göstəricisidir. Azərbaycan xalqının zəngin xalq yaradıcılığı nümunələri, milli dəyərləri və adət-ənənələri vardır. Bunlar hər xalqa nəsib olmur. Çünki xalq yaradıcılığını, milli dəyərləri ancaq zəngin mədəniyyətə malik olan xalq yarada bilər. Bu gün muxtar respublikada musiqi məktəblərinin yaradılmasında əsas məqsəd xalq yaradıcılığı nümunələrini qoruyaraq gələcək nəsillərə çatdırmaqdan, o cümlədən musiqi mədəniyyətimizin inkişafına töhfələr verməkdən ibarətdir”.

Qeyd olunmuşdur ki, muxtar respublikanın musiqi kollektivlərinin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, səmərəli fəaliyyətlərinə görə musiqiçilərimiz Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, Prezident təqaüdü və mükafatlarına layiq görülürlər.

Naxçıvan Muxtar Respublikasında mədəniyyətin bütün sahələrinə göstərilən böyük diqqət və qayğının nəticəsidir ki, milli dəyərlərimizin, zəngin mədəniyyətimizin yaşadılması və təbliği məqsədilə hər il incəsənətin müxtəlif sahələrini əhatə edən festivallar, müsabiqələr, yarışlar, keçirilir. Belə mədəni tədbirlər isə, öz növbəsində, istedadlı şəxslərin incəsənətə cəlbinə geniş imkanlar açır.

Nazir Natəvan Qədimova diqqətə çatdırmışdır ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu ilin aprel, may və iyun aylarında keçirilən rəsm, rəqs, ifaçılıq və solo oxuma müsabiqələri də muxtar respublikada istedadlı uşaq, yeniyetmə və gənclərin aşkar olunaraq onların incəsənətin musiqi, rəqs, rəssamlıq və ifaçılıq kimi yüksək yaradıcılıq qabiliyyəti tələb edən sahələrinə cəlb edilməsi işinə, eləcə də mulli mədəniyyətimizin təbliğinə əməli töhfə verəcəkdir. Bu müsabiqələrin keçirilməsində başlıca məqsəd muxtar respublikada musiqi sənətinin inkişaf etdirilməsi, gənc istedadların aşkara çıxarılması, onların ifaçılıq səviyyəsinin yüksəldilməsindən ibarətdir.

Keçirilən bütün bu müsabiqələrdə iştirak edən yeniyetmə və gənclərin istedad və bacarıqları Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə yaradılmış və muxtar respublikanın tanınmış incəsənət xadimlərindən ibarət Münsiflər Heyəti tərəfindən 10 ballıq sistem üzrə qiymətləndirilmişdir.

Nazir çıxışının sonunda müsabiqəyə qatılan hər bir iştirakçıya və müsabiqə boyu zəhmət çəkərək qiymətləndirmə aparmış Münsiflər Heyətinin üzvlərinə, o cümlədən müsabiqənin təşkilində əməyi olan bütün əməkdaşlara təşəkkürünü bildirmiş, qalib olmuş iştirakçıları təbrik edirək onlara gələcək fəaliyyətlərində uğurlar arzulamış, Naxçıvan Muxtar Respublikasında yaradıcı gənclərin formalaşmasına, elecə də, incəsənətin bütün sahələrinin təbliğinə və yaşadılmasına göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirmişdir.

Çıxışdan sonra müsabiqələrdə qalib olmuş iştirakçıların mükafatlandırma mərasimi keçirilmiş, 4 müsabiqə, 14 nominasiya və 3 yaş qrupu üzrə ümumilikdə 157 iştirakçı və kollektiv təltif edilmişdir.

Tədbirin bədii hissəsində müsabiqə qaliblərinin ifasında Xalq mahnısı “Şuşanın dağları”, Aşıq havası “Misri”, “Mirzə Hüseyn” segahı, Arif Məlikov “Elegiya”, Slavanski “Etüd №54”, Tofiq Bakıxanov “Elegiya”, Tofiq Quliyev “Axşam mahnısı”, Səid Rüstəmov “Qaytağı”, Eduardo Brotto “Happy Brithday” Şopen üslubunda, Süleyman Ələsgərov, “Rapsodiya”, Vasif Adıgözəlov “Bakı” musiqi nömrələri və Azərbaycan xalq rəqsi təqdim edilmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

23.06.2021

Joomla 1.5