Açıq havada kino nümayişləri davam edir

18 iyun 2021-ci il tarixdə Naxçıvan Dövlət Film Fondu “Əyləncə adası” İstirahət Parkında açıq havada “Qisas almadan ölmə. Keçmişdən məktublar” bədii filminin nümayişini təşkil etmişdir.

2014-cü ildə ekranlaşdırılmış bu filmin rejissoru və ssenari müəllifi Oqtay Mirqasımdır.

XIX əsrin əvvəllərində Qafqazda məskunlaşan və 1941-1945-ci illər müharibəsində Stalinin əmri ilə Azərbaycandan deportasiya edilən alman kolonistlərin taleyinə həsr olunub. Deportasiya olunanların acı taleyi filmdə qürbətdə qocalan, amma doğma Azərbaycana qayıtmaq arzusunda olan Günterin faciəli taleyi nümunəsində göstərilib. Günter onu Azərbaycanı tərk etməyə məcbur etmiş satqını nəvəsi Rixardın köməyi ilə tapmaq istəyir. Amma gözlədiyinin əksi olur. Tanımadığı dünyaya düşən Rixard insan münasibətlərinin mahiyyətini həqiqi mənəvi iztirablar prizmasından anlamağa başlayır. Onda əcdadlarına səmimi sevgi və onların taleyini dərk etmək hissi yaranır. Süjet dərin əxlaqi məna daşıyır, insan həyatının hər şeyin fövqündə olduğunu göstərir.

Filmdə bütün dinlərin vəhdəti tərənnüm olunur. Filmin əsas süjet xəttini əsl tolerantlıq, dinindən, milliyyətindən və əqidəsindən asılı olmayaraq insanlara qayğı, düşmənçiliyə qarşı mübarizədə məhəbbət təşkil edir.

Azərbaycan, Almaniya və Gürcüstan kinematoqrafçılarının birgə istehsalı olan, “Tammetrajlı bədii filmin ən yaxşı rejissor işi” nominasiyasında Beynəlxalq Kazan Kinofestivalının baş mükafatına layiq görülən filmdə Ayan Mirqasım, Ramiz Əzizbəyli, Yekaterina Şmidt, Giya Çaparidze, Lyudmila Saprıkina və başqaları çəkiliblər.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

18.06.2021

Joomla 1.5