Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş yaradıcılıq müsabiqəsinin yekun tədbiri keçirilib

İyunun 18-də Naxçıvan şəhərindəki Gənclik Mərkəzində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin, Aşıqlar Birliyinin və Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunmuş Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar yaradıcılıq müsabiqəsinin yekun tədbiri keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək qeyd etmişdir ki, Azərbaycan aşıq poeziyasının zənginləşməsində və inkişafında xidmətləri olmuş el sənətkarlarından biri də Aşıq Ələsgərdir. XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan aşıq ədəbiyyatında Aşıq Ələsgər möcüzəsi ilə sazın, sözün yeni ömrü başlanmış, “Haqq aşığı” ifadəsi onun simasında yenidən öz təcəssümünü tapmışdır.

Özünəməxsus təbii gözəllikləri ilə seçilən və qədim yurd yerlərimizdən olan Göyçə mahalının Ağkilsə kəndində anadan olmuş Aşıq Ələsgərin zəngin bədii irsi toy və şənlik məclislərində, çeşmə başında, yaylaqlarda bədahətən dediyi gəraylı, qoşma, təcnis, deyişmə, ustadnamə, müxəmməs və digər janrlarda olan əsərlərdən ibarətdir. Onun şeirlərində başlıca yeri məhəbbətin tərənnümü, gözəllərin tərifi, təbiətin təsviri, vətənpərvərlik duyğularının və əxlaqi-tərbiyəvi fikirlərin təbliği, ictimai eyiblərin tənqidi tutur.

Vurğulanmışdır ki, Aşıq Ələsgərin böyüklüyü xalq həyatını, insan taleyini, onların sevinc və kədər hislərini məharətlə ifadə etməsindədir. Söz ustadı 80 illik fəaliyyəti ilə minillik ənənələr axarında insanların işlətdiyi adi sözlərlə hamını heyrətdə qoyacaq bir poeziya ümmanı yaratmışdır. O, qeyri-adi fitri qabiliyyəti sayəsində yaratdığı müxtəlif səpkili, müxtəlif məzmunlu bədii incilərində özünəməxsus boyalarla ifadə etdiyi ümumbəşəri fikirləriylə sənətin müqəddəs zirvəsinə yüksəlmişdir. Qüdrətli el sənətkarının yaratdığı əsərlər bu gün də aşıqlarımızın repertuarında geniş yer tutmaqda, şənliklərin, məclislərin bəzəyinə çevrilməkdədir. Aşıq Ələsgərin şan-şöhrəti təkcə Azərbaycanda deyil, Türkiyədə, İranda, Gürcüstanda, Dağıstanda, eləcə də Orta Asiya respublikalarında da məşhurdur.

Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu il fevral ayının 18-də “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalamışdır. Ölkə başçısının adıçəkilən Sərəncamının muxtar respublikada icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2021-ci il 22 fevral tarixli Sərəncamı ilə “Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş “Tədbirlər Planı” təsdiq edilmişdir. Yekun tədbirinə toplaşdığımız Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş yaradıcılıq müsabiqəsi də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il fevralın 22-də imzaladığı Sərəncamla təsdiq edilmiş “Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş “Tədbirlər planı”nın 7-ci bəndinə əsasən keçirilir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Aşıqlar və Yazıçılar birliklərinin təşkilatçılığı ilə keçirilən müsabiqənin məqsədindən danışan Nazir qeyd etmişdir ki, Aşıq Ələsgərin doğma təbiətə məhəbbət və vətənpərvərlik hislərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə birləşdirən dərin koloritli yaradıcılığının təbliği, eləcə də çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinin qorunması və yaşadılmasından ibarətdir. Müsabiqədə iki yaş qrupunda istedadlı şəxslər iştirak etmiş, müxtəlif aşıq havaları üstündə Aşıq Ələsgərin şeirlərinin səsləndirildiyi müsabiqədə iştirakçıların ifaları Naxçıvan Muxtar Respublikası Aşıqlar və Yazıçılar birliklərinin təklifləri nəzərə alınmaqla, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilmiş Münsiflər Heyəti tərəfindən qiymətləndirilmiş, müsabiqədə hər iki yaş qrupu üzrə bir I, bir II, bir III və həvəsləndirici yerlər müəyyən edilmişdir.

Nazir çıxışının sonunda müsabiqədə iştirak edən hər bir ifaçıya təşəkkür etmiş, Naxçıvan Muxtar Respublikasında yaradıcı gənclərin formalaşmasına, elecə də, incəsənətin digər sahələri kimi, aşıq sənətinin də təbliğinə və yaşadılmasına göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirmişdir.

Daha sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Əliyev çıxış edərək bildirmişdir ki, Azərbaycan Aşıq poeziyasının qüdrətli nümayəndəsi Aşıq Alı sənətin sirrini ondan öyrənmiş Aşıq Ələsgəri özündən qüdrətli aşıq hesab etmiş, məclislərdə bunu dəfələrlə söyləmişdir.

Qeyd olunmuşdur ki, həqiqətən də Aşıq Ələsgər Azərbaycan aşıq sənətində böyük bir məktəb yaratmış qüdrətli sənətkardır. Aşıq Ələsgərin qoşma, gəraylı, müstəzad qoşma, təcnis, cığalı təcnis, dodaqdəyməz təcnis, dodaqdəyməz cığalı təcnis, dildönməz, qoşayarpaq, müstəzad təcnis, divani, bağlama  və sair şeir formalarında yazdığı əsərləri bir daha Azərbaycan aşıq şeirinin imkanlarını üzə çıxarmış, böyük sənətkar özündən əvvəl yaşamış aşıqların sənət yoluna daima sadiq qalmış, el aşığı kimi məclislərdə özünü kamil bir aşıq kimi göstərə bilmişdir.

Xalqımızın yaddaşında gözəllik vurğunu, həyat aşiqi, saflıq və səmimiyyət ustadı kimi əbədi həkk olunmuş Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndərin təşəbbüsü ilə böyük söz ustadının 150 illik yubileyi dövlət səviyyəsində qeyd edilmiş, respublikamızda və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilmiş, el sənətkarının əzəli Azərbaycan yurdu olan Göyçə mahalının Ağkilsə kəndində qəbirüstü abidəsi ucaldılmışdır.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra müsabiqədə qalib gələn və fərqlənən iştirakçılar mükafatlandırılmış, bədii hissədə müsabiqə qaliblərinin ifasında musiqi nömrələri təqdim edilmişdir.

 

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin

Mətbuat xidməti

18.06.2021

Joomla 1.5