Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş yaradıcılıq müsabiqəsi keçirilib

İyunun 17-də Naxçıvan şəhərindəki Gənclik Mərkəzində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin, Aşıqlar Birliyinin və Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar yaradıcılıq müsabiqəsi keçirilmişdir.

Müsabiqəni giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini Həsən Kərimov qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd olunması haqqında” 2021-ci il 18 fevral tarixli Sərəncamının, bu yubileyin Naxçıvanda da geniş şəkildə qeyd olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Sərəncamı ilə Tədbirlər Planın təsdiq edilməsi görkəmli söz ustadının ədəbi irsinin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir.

Müsabiqənin keçirilməsinin məqsədi Aşıq Ələsgərin doğma təbiətə məhəbbət və vətənpərvərlik hislərini vəhdətdə aşılayan, anadilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığının təbliği, Aşıq Ələsgərin timsalında çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinin qorunmasıdır. Müsabiqə bir turdan ibarət olmaqla 2 yaş qrupu üzrə keçirilir.

Müsabiqədə Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin və Yazıçılar Birliyinin sədrlərinin daxil edildiyi Münsiflər Heyəti yaradılmış və iştirakçıların ifaları 10 ballıq sistem üzrə qiymətləndirilmişdir. Qaliblər 18 iyun tarixdə keçiriləcək yekun tədbirində təşkilatçılar tərəfindən mükafatlandırılacaqdır.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

17.06.2021

Joomla 1.5