Naxçıvan Şəhər Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin müəllimi Sevinc Babayeva dünya miqyaslı müsabiqədə Qran-Pri qazanıb

“Minilliyin Festivalı” (“Fiestalonia Milenio”) adlı Beynəlxalq İncəsənət Festivalı qeyri-kommersiyalı yaradıcı kollektivlərin (xor kollektivləri, orkestrlər, instrumental ifaçılar, xoreoqrafiya, klassik musiqi, solo oxuma yarışları, folklor festivalları və s.) iştirak etdiyi dünya miqyaslı festivallardan biridir.

Festival və müsabiqələrin təşkilində əsas məqsəd dünyanın dörd bir yanından qatılan yaradıcı qrupların, fərdi ifaçıların istedad və bacarıqlarının nümayişindən, eləcə də incəsənətin müxtəlif sahələri üzrə təcrübə mübadiləsi aparılmasını təmin etməkdən ibarətdir. Belə festival və müsabiqələrin keçirilməsi müxtəlif millətlərin milli ənənələrinin və etnik mədəniyyətlərinin qorunub saxlanmasına və təbliğinə, həmçinin beynəlxalq mədəni əlaqələrin möhkəmlənməsinə, sülhün, dostluğun, qardaşlıq münasibətlərinin və dünya xalqlarının həmrəyliyinin təbliğinə böyük töhfələr verir.

Həmin müsabiqələrin davamı kimi 2021-ci ilin may ayında ABŞ-nın Nyu-York şəhərində “Fiestalonia Amerikan Edition” adlı Beynəlxalq Distant Yaradıcı İnsanlar Müsabiqəsi təşkil olunmuşdur. Bu beynəlxalq müsabiqəyə Naxçıvan Şəhər Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin “Qanun” ixtisası üzrə müəllimi, dəfələrlə muxtar respublika səviyyəli müsabiqələrin qalibi, 2008-ci ildə Bakı şəhərində keçirilmiş “Gənc ifaçıların ümumrespublika müsabiqəsi”ndə “Qran-Pri”, 2019-cu ildə keçirilmiş “Testene Art Baku” III Beynəlxalq İncəsənət festivalında I yerə layiq görülmüş, Prezident mükafatçısı Sevinc Babayeva da qanun ifası ilə qatılmışdır. Bu il iyunun 14-də müsabiqənin münsiflər heyətinin yekun qərarına əsasən, müsabiqənin “instrumental ifa” kateqoriyası üzrə iştirakçısı olmuş Sevinc Babayevanın ifası yüksək qiymətləndirilmiş, o, 100 ballıq sistem üzrə dəyərləndirmədə maksimum bal (100 bal) toplayaraq müsabiqənin Qran-pri mükafatçısı elan edilmişdir.

Qeyd edək ki, ölkəmizi müsabiqədə təmsil edən Sevinc Babayevanın qanunda ifa etdiyi Həsən Rzayevin “Çahargah rapsodiyası” müsabiqənin Münsiflər Heyəti tərəfindən yüksək qiymətləndirilməklə yanaşı, Qnesin adına Rusiya Musiqi Akademiyasının professoru Nataliya Brajnikova tərəfindən də xüsusilə qiymətləndirilmişdir. Həmin ifa haqqında prof. N.Brajnikova öz fikirlərini videomaterial formatda müsabiqənin rəsmi səhifəsində paylaşmışdır.

Bütün dünya ölkələrindən müxtəlif yaş qruplarına aid yaradıcı insanların iştirak etdiyi müsabiqəyə “World Talent Rankinq”(ABŞ), Böyük Britaniya və “Open İtaly” (İtaliya) assosiasiyaları rəhbərlik etmişdir. Adıçəkilən müsabiqə dünyanın 20-dən çox ölkəsinin Mədəniyyət Nazirliyi tərəfindən dəstəklənmişdir.

Məlumat üçün bildirək ki, müsabiqə iştirakçılarının ifalarının qiymətləndirlməsi 5 ölkədən, 40-a yaxın dünya şöhrətli musiqiçilərdən, rəssamlardan, balet və rəqs ustalarından və dünyada tanınmış digər sənət adamlarından ibarət nüfuzlu Münsiflər Heyəti tərəfindən aparılmışdır. “Fiestalonia Amerikan Edition” Beynəlxalq Distant Yaradıcı İnsanlar Müsabiqəsində vokalçılıq sənəti, instrumental ifa, rəqs, rəssamlıq və dizayn olmaqla incəsənətin 5 sahəsi üzrə dünyanın hər yerindən iştirakçılar qatılmışlar. Müsabiqənin şərtlərinə əsasən, “Qran-Pri” mükafatçısı 2022-ci ilin may ayında İspaniyada keçiriləcək “Sea Sun” müsabiqəsinə qatılacaqdır.

Bütün dünya ölkələrindən qatılan minlərlə ifaçı arasından hər yaş qrupundan bir nəfər olmaqla, üç ölkənin – Azərbaycan, Rusiya və Çexiya təmsilçiləri “Qran-Pri”yə layiq görülmüşdür.

 

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

17.06.2021

Joomla 1.5