Açıq havada kino nümayişi təşkil olunmuşdur

11 iyun 2021-ci il tarixdə Naxçıvan  Dövlət Film Fondu “Əyləncə adası” İstirahət Parkında açıq havada “Görkəmli şoumen” bədii filminin nümayişini təşkil etmişdir.

2017-ci ildə ekranlaşdırılmış bu flm, bioqrafik dram və musiqili-romantik janrdadır.

Film XIX əsrin ən populyar səyahət sirklərindən birini təşkil edən amerikalı Phineas Taylor Barnumun həyatından bəhs edir. Belə ki, Barnumun işlədiyi dənizçilik kompaniyasının müflisləşməsindən sonra, o, işdən çıxarılır. Köhnə işverəninin itirilmiş gəmilərini zamin göstərərək bankı aldadan Barnum yeni işə başlamaq üçün böyük məbləğdə kredit ala bilir. Əldə etdiyi məbləğə Manhettenin ortasında böyük bir bina alan Barnum, “Barnum Amerikan Muzeyi” yaradır və muzeydə müxtəlif canlıların mum fiqurlarını nümayiş etdirir. Əvvəlcə satışlar zəif olur. Övladlarının məsləhəti ilə o “canlı” şou göstərmək qərarına gəlir və şou üçün “bədheybətlər” axtarır. Etirazlar və pis rəylərə baxmayaraq Barnumun şousu çoxsaylı izləyici kütləsi cəlb edir.

Ali təbəqə arasında da məşhurlaşmaq üçün yollar axtaran Barnum, dramaturq Filipp Karlaylla tanış olur və onu sirklə birlikdə işləmək üçün yola gətirir. Tezliklə, Karlayl və sirkin afro-amerikan mənşəli trapez artisti Enn Uiller arasında romantik hisslər yaranır. Karlayl münasibətlərindən istifadə edərək Barnum və sirk iştirakçılarının Böyük Britaniya kraliçası Viktoriya ilə görüşünü təşkil edir. Həmin görüşdə isveçli opera müğənnisi Cenni Lindlə tanış olan Barnum onu ABŞ-da çıxış etməyə razı salır, özü isə müğənninin meneceri kimi çıxış edir. Barnum sirkin fəaliyyətini Karlaylın öhdəsinə buraxaraq, Lindlə birlikdə ABŞ turnesinə çıxır. Tur zamanı Lind Barnuma qarşı romantik hisslər yaşayır, cavab ala bilmədikdə isə inciyərək turdan imtina edir.  Evə qayıdan Barnum əlehdarlarla teatr truppası arasında baş verən qarşıdurmada teatrın yandırılmasının şahidi olur. Yanğın nəticəsində teatr binası avadanlıqlarla birlikdə yanaraq məhv olur, Karlayl isə ağır yaralanır.

Qeyd edək ki, filmin ssenari müəllifləri Cenni Biks və Bill Kondon, rejissoru isə Maykl Qreysidir.

Filmdə Hyu Cekman, Zak Efron, Mişel Uilyams, Rebekka Ferqünson, Zendaya və başqaları çəkiliblər.

 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

11.06.2021

Joomla 1.5