Uşaq və gənclər arasında keçirilən muxtar respublika üzrə ifaçılıq müsabiqəsinə yekun vurulub

Mayın 31-dən start götürən uşaq və gənclər arasında muxtar respublika üzrə ifaçılıq müsabiqəsinə bu gün yekun vurulub. Müsabiqədə Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi təhsili müəssisələrində təhsil alan istedadlı uşaq və gənclər iştirak ediblər.

Qeyd edək ki, muxtar respublikada gənc nəslin təhsili ilə yanaşı, onların istedad və bacarıqlarının üzə çıxarılması, asudə vaxtlarının səmərəli təşkili istiqamətində də ardıcıl tədbirlər görülür. Mədəniyyətin, xüsusilə musiqi sənətinin inkişafı əsas vəzifələr sırasındadır. Uşaq musiqi və bədii sənətkarlıq məktəbləri üçün yeni binalar tikilərək istifadəyə verilir, gənc nəslə milli musiqi sənətimizin öyrədilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Yaradılan şəraitin nəticəsidir ki, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri ölkəmizdə, eləcə də ölkə səviyyəsində keçirilən müsabiqələrdə uğurla iştirak edirlər. Müsabiqənin keçirilməsində əsas məqsəd muxtar respublikada musiqi sənətinin inkişaf etdirilməsi, gənc istedadların aşkara çıxarılması, onların ifaçılıq səviyyəsinin yüksəldilməsidir. Müsabiqə üç yaş qrupu (8-11, 12-15 və 16-19) olmaqla tar, kamança, qanun, saz, balaban, qarmon, fortepiano, skripka, klarnet, truba, fleyta ixtisasları üzrə 300 nəfərə yaxın iştirakçı mübarizə aparmışdır.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə yaradılmış muxtar respublikanın tanınmış incəsənət xadimlərindən ibarət olan Münsiflər Heyəti tərəfindən 10 ballıq sistem üzrə gizli səsvermə yolu ilə seçilmiş qaliblərin yekun tədbirində mükafatlandırılması nəzərdə tutulur.

Xatırladaq ki, aprel ayından başlayaraq Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə solo oxuma – vokal və xanəndəlik, rəqs və rəsm müsabiqələri də təşkil olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

09.06.2021

Joomla 1.5