Açıq havada kino nümayişi təşkil olunmuşdur

3 iyun 2021-ci il tarixdə Naxçıvan Dövlət Film Fondu “Əyləncə adası” İstirahət Parkında açıq havada “Yoxdur belə söhbət” bədii filminin nümayişini təşkil etmişdir.

2017-ci ildə çəkilmiş, 2018-ci ildə yayımlanmış Azərbaycanfilm kinostudiyasının istehsalı olan film, romantik-komediya janrındadır.

Film iki həvəskar musiqiçi olan Kamran və Məcnunun təsadüfən nənə-nəvə olan Tamilla və Sara ilə tanışlığından və onların gözlənilməz əhvalatından bəhs edir. Gözlənilməz bir hadisə nəticəsində tanınmış idman şərhçisi özünü tapmamış rok musiqiçi ilə, Altsheymer xəstəliyindən əziyyət çəkən nənə isə qraffiti həvəskarı ilə Yeni il gecəsini birlikdə keçirmək məcburiyyətində qalırlar.

Qeyd edək ki, filmin ssenari müəllifləri Kamal Həsənov, Rüfət Həsənov və Asif Rüstəmov, rejissoru Rüfət Həsənovdur.

Filmdə Günəş Mehdizadə, Həsən Ağa, Emil Məcnunov, Tünzalə Qəhrəman və başqaları çəkiliblər.

 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

03.06.2021

Joomla 1.5