May ayı həyata keçirilən bir sıra mədəni tədbirlərlə yadda qalmışdır

Bu ilin may ayı muxtar respublikanın mədəniyyət müəssisələri tərəfindən həyata keçirilən bir neçə mədəni hadisələrlə əlamətdar olmuşdur.

Ötən ayın ən yaddaqalan hadisələrindən biri Azərbaycan milli teatr tarixinə parlaq və şərəfli səhifələr yazmış Naxçıvan teatrının yaradılmasının 138-ci ildönümünün qeyd edilməsi olmuşdur. Bu münasibətlə mayın 11-də C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poeması əsasında səhnələşdirilmiş “Nizaminin Sirlər xəzinəsi” adlı tamaşanın onlayn premyerası keçirilmişdir. Tamaşa Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin rəsmi internet saytında və sosial şəbəkə hesablarında canlı olaraq yayımlanmışdır.

Mayın 18 də “Beynəlxalq Muzeylər Günü”ndə 200-dən çox maddi-mədəniyyət nümunəsinin Təhsil Nazirliyi tərəfindən Mədəniyyət Nazirliyinə təqdim edilməsi mərasimi olmuşdur.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə may ayında rəqs, həmçinin solo oxuma və xanəndəlik müsabiqələri keçirilmişdir. Müsabiqələrdə Naxçıvan Musiqi Kollecinin, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin tələbə və şagirdləri, eləcə də Naxçıvan Dövlət Uşaq Filarmoniyasının və klub müəssisələrinin dərnək üzvləri iştirak etmişlər.

Ötən ay həm də Naxçıvan şəhərindəki “Əyləncə adası” İstirahət Parkında “Əbədi ezamiyyət” sənədli-bədii filminin göstərilməsi ilə açıq havada kino nümayişlərinə başlanmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamının icrası ilə bağlı nazirliyin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması”, eləcə də  “Kitabxanaçılıq və informasiya” ixtisaslarında təhsil alan tələbələri üçün Naxçıvan Dövlət Xalça Muzeyində və M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında müvafiq mövzularda 2 açıq dərs keçilmişdir. Həmçinin “Kitabxanaçılıq və informasiya” ixtisası üzrə Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Musiqi Kollecinin III kurs tələbələrinin M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında təcrübə keçmələri təmin edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2021-ci il 22 fevral tarixli Sərəncamına əsasən, Şahbuz rayonundakı uşaq musiqi məktəblərinin “Saz” ixtisası üzrə müəllim və şagirdlərinə Aşıq Ələsgərin yaradıcılığından bəhs edən ustad dərs keçilmiş, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Aşıq Ələsgərin əsərlərinin biblioqrafik icmalı hazırlanmışdır.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” 2021-ci il 5 yanvar tarixli Sərəncamına uyğun olaraq, may ayında Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Ali və orta ixtisas təhsili müəssisələrinin teatr studiyaları arasında keçirilən “Nizami dünyası” teatr müsabiqəsinin mükafatlandırma mərasimi olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən, muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, müəssisə və təşkilatların muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilmişdir. Ötən ay muxtar respublikanın muzeylərini 34 min 529 nəfər yerli, 850 nəfər əcnəbi olmaqla, ümumilikdə, 35 min 379 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 85 ədəd yeni eksponat daxil olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq, aid təşkilatlarla birgə Heydər Əliyev Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə interaktiv dərs keçilmişdir. Dərsi muxtar respublikanın 200-dən çox təhsil müəssisəsi izləmişdir.

Təhsil və Mədəniyyət nazirliklərinin birgə qrafikinə əsasən, Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdlərinə Heydər Əliyev Muzeyində “Ömrünü vətənə həsr etmiş dahi şəxsiyyət – Heydər Əliyev” və Naxçıvan Dövlət Rəsm Qalereyasında “Azərbaycanın dilbər guşələri” mövzularında açıq dərslər keçilmişdir. Qeyd edək ki, may ayında ümumtəhsil məktəblərinin şagirdləri üçün muzeylərdə, ümumilikdə, 46 açıq dərs keçilmiş, 1 mühazirə oxunmuşdur.

May ayında da muzeylərin sosial şəbəkələrdəki hesablarında onlayn ekskursiyalar təşkil olunmuş, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlər, muzeylərdə olan eksponatlarla bağlı, eləcə də Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş milli qəhrəmanların doğum və anım günləri münasibətilə məlumat və təbliğat xarakterli 544 sayda paylaşım edilmişdir. Ay ərzində muxtar respublikadakı muzeylər tərəfindən 2-si onlayn ekskursiya olmaqla, 197 sayda müxtəlif məlumat, audio və video material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

May ayı ərzində muxtar respublikanın kitabxanaları və klub müəssisələri tərəfindən “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”, “İslamda müdrik kəlamlar” kitabı, Sədi Şirazinin “Gülüstan” əsəri, Cek Londonun “Hekayələr”i və digər kitablar olmaqla, 35 sayda kitab müzakirəsi keçirilmişdir.

Ötən ay muxtar respublikanın kitabxanalarında tarixi və əlamətdar günlərlə, həmçinin tanınmış şəxsiyyətlərin doğum və anım günləri ilə bağlı 89 mədəni tədbir keçirilmiş, 51 sərgi nümayiş etdirilmişdir. Bundan başqa, ay ərzində kitabxanalar tərəfindən videomateriallar, slaydlar, məlumatlar olmaqla, ümumilikdə, 3 material hazırlanmış, sosial şəbəkə hesablarında 147 paylaşım edilmişdir. Həmçinin may ayında “Mütaliə Günü”, “Nağıl Günü”, “Kitabxana Günü” və “Kitabxanaçı Günü” ilə bağlı kitabxanalarda müxtəlif səpkili 47 tədbir keçirilmiş, kitab müzakirələri təşkil olunmuşdur. Qeyd edək ki, may ayında da sağlamlıq imkanları məhdud 21 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

Ötən ay kitabxanalarda yeni oxucu sayı 469, oxucu gəlişi 7 min 789, kitab verilişi isə 38 min 120 nüsxə olmuşdur. Dövr ərzində elektron kataloqa 701 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 23 min 491-dən 24 min 192-yə çatdırılmışdır. Həmçinin şəbəkəyə 31 kitab (PDF) işlənməklə şəbəkədəki kitabların sayı 3 min 401 olmuşdur. Ay ərzində elektron kitabxanadan 190 lokal, 378 qlobal olmaqla 568 oxucu istifadə etmişdir.

Xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması məqsədilə Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 3, Naxçıvan Dövlət Film Fondu tərəfindən 9 olmaqla, ümumilikdə, 12 videomaterial hazırlanaraq nazirliyin “Youtube” kanalında yerləşdirilmiş, sosial şəbəkələrdə paylaşılmışdır. Bundan başqa, may ayında elmi-metodik mərkəz tərəfindən Şərur rayonundakı klub müəssisələrində çalışan əməkdaşlar üçün onlayn fəaliyyətin təşkili ilə bağlı vebinar-müşavirə keçirilmişdir.

May ayı ərzində rayon mədəniyyət sarayları, o cümlədən klub müəssisələri tərəfindən əlamətdar və tarixi günlərlə bağlı ümumilikdə 4 tədbir keçirilmişdir. Bundan başqa, tanınmış şəxsiyyətlərin yubileyləri, əlamətdar və tarixi günlərlə bağlı, o cümlədən klub müəssisələrində fəaliyyət göstərən musiqi, rəsm, əl işləri və bədii-qiraət dərnəklərinin rəhbərlərinin, istedadlı dərnək üzvlərinin bacarığını nümayiş etdirən 13 videomaterial hazırlanmış, sosial şəbəkələrdə 194 paylaşım edilmişdir. Bu paylaşımları 14 mindən çox sosial şəbəkə istifadəçisi izləmişdir. Ötən ay elmi-metodik mərkəz də daxil olmaqla, klub müəssisələrində 1-i onlayn olmaqla, ümumilikdə, 21 tədbir keçirilmişdir.

Naxçıvan Dövlət Film Fondu tərəfindən may ayında “Xalq yaradıcılığı günləri” çərçivəsində Ordubad rayonunda xalq yaradıcılığı nümunələrinin çəkilişi həyata keçirilmişdir. “Təhsil və mədəniyyət  müəssisələrinin  qarşılıqlı fəaliyyətinin  səmərəli təşkili ilə bağlı 2020-2021-ci tədris ili üçün tədbirlər planı”na əsasən, Film Fond tərəfindən may ayında “Bu kino ki var...” adlı kinoviktorinanın muxtar respublika birinciliyi keçirilmiş, həmçinin Naxçıvan şəhər 3, 5 və 8 nömrəli tam orta məktəblərin şagirdləri üçün “Əbədi ezamiyyət” sənədli-bədii filminin nümayişi təşkil olunmuşdur. Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və Naxçıvan Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Yol bir mədəniyyətdir” adlı sosial çarx müsabiqəsinə may ayında yekun vurulmuş, qaliblər mükafatlaşdırılmışdır.

May ayında nazirliyin Gənclər Təşkilatının və tabe müəssisələrin Gənclər birlikləri üzvlərinin iştirakı ilə keçirilmiş mədəni-kütləvi tədbirlər, həmçinin gənclər tərəfindən hazırlanmış və Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Nizaminin beşliyinə səyahət” adlı kompozisiyanın nümayişi yaddaqalan olmuşdur.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı “Nizaminin “Sirlər xəzinəsi” və “Mamoy kişinin yuxuları” (V.Səmədoğlu), M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı “Yaxşılıq itmir” (yapon xalq nağılı əsasında), Naxçıvan Dövlət Uşaq Teatrı isə “Mavi işıq” (N.Nəzərova) tamaşalarının məşqlərini davam etdirmişdir.

May ayının ən əlamətdar hadisələrindən biri də Naxçıvan Dövlət Filarmoniyasının muğam üçlüyünün Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilmiş “Xarı bülbül” Musiqi Festivalında iştirakı olmuşdur. Bundan başqa, filarmoniyanın Mahnı və Rəqs Ansamblı ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Naxçıvan – bəşəriyyətin beşiyi” V Beynəlxalq Rəsm Festivalında konsert proqramı ilə çıxış etmişdir.

May ayı ərzində nazirliyin saytına 18 xəbər, 5 məqalə işlənmişdir. Həmçinin nazirliyin “Youtube” kanalına ötən ay 10 (cəmi 645) videomaterial yerləşdirilmişdir. Bu günədək kanalın abunəçisi 1610, izləyicisi isə 141 min 832 nəfər olmuşdur. Ötən ay Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin “Facebook” səhifəsinin ümumi izləyicilərinin sayı 697 olmuş, “nmr_medeniyyet_nazirliyi” adlı “İnstagram” səhifəsinin isə ümumi izləyicilərinin sayı 5 min 802-yə çatmışdır. Ay ərzində bəhs edilən sosial səhifələrdə 47, “naxcivan_muzeyleri” “İnstagram” səhifəsində isə 37 paylaşım edilmiş, həmin paylaşımları 763 nəfər izləmişdir.

Ötən aylarda olduğu kimi, may ayında da mədəniyyət sahəsində çalışan əməkdaşların muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmiş, həmçinin ölkə və beynəlxalq əhəmiyyətli nəşrlərdə məqalələri dərc olunumşdur.

 

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

01.06.2021

Joomla 1.5