Uşaq və gənclər arasında muxtar respublika üzrə ifaçılıq müsabiqəsinə start verilib

Mayın 31-də Naxçıvan Dövlət Filarmoniyasında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə muxtar respublika üzrə ifaçılıq müsabiqəsinə start verilib. Müsabiqədə Naxçıvan Musiqi Kollecinin və  muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində təhsil alan istedadlı uşaq və gənclər iştirak edirlər.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Piri Nağıyev müsabiqənin keçirilməsinin məqsəd və vəzifələri, musiqi mədəniyyətimizin inkişafı barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, muxtar respublikada gənc nəslin təhsili ilə yanaşı, onların istedad və bacarıqlarının üzə çıxarılması, asudə vaxtlarının səmərəli təşkili istiqamətində də ardıcıl tədbirlər görülür. Mədəniyyətin, xüsusilə musiqi sənətinin inkişafı əsas vəzifələr sırasındadır. Uşaq musiqi və bədii sənətkarlıq məktəbləri üçün yeni binalar tikilərək istifadəyə verilir, gənc nəslə milli musiqi sənətimizin öyrədilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Yaradılan şəraitin nəticəsidir ki, Naxçıvan Musiqi Kollecinin və uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin tələbə və şagirdləri ölkəmizdə, eləcə də ölkə səviyyəsində keçirilən müsabiqələrdə uğurla iştirak edirlər.

Piri Nağıyev müsabiqə barədə məlumat verərək bildirmişdir ki, muxtar respublikada musiqi sənətinin inkişaf etdirilməsi, gənc istedadların aşkara çıxarılması, onların ifaçılıq səviyyəsinin yüksəldilməsi əsas məqsədlərimizdəndir. Müsabiqə üç yaş qrupu (8-11, 12-15 və 16-19) olmaqla tar, kamança, qanun, saz, balaban, qarmon, fortepiano, skripka, klarnet, truba, fleyta ixtisasları üzrə keçirilir və 300 nəfərə yaxın iştirakçı iştirak edir.

Qeyd edək ki, bu gün fortepiano ixtisası üzrə I, skripka ixtisası üzrə I, III və fleyta ixtisası üzrə II və III yaş qrupları üzrə iştirakçılara baxış keçiriləcəkdir. İyun ayının 9-na qədər davam edəcək müsabiqənin Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə yaradılmış muxtar respublikanın tanınmış incəsənət xadimlərindən ibarət olan Münsiflər Heyəti tərəfindən 10 ballıq sistem üzrə gizli səsvermə yolu ilə seçilmiş qalibləri yekun tədbirində mükafatlandırılacaqdır.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

31.05.2021

Joomla 1.5