Gənclər arasında “Bir əsərin tarixçəsi” adlı tədbir keçirilib

Naxçıvan şəhərindəki “Saat Meydanı” Turistik İstirahət Mərkəzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Gənclər Təşkilatının üzvləri arasında “Bir əsərin tarixçəsi” adlı tədbir-diskussiya keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin aparıcı məsləhətçisi, Nazirliyin Gənclər Təşkilatının sədri Elvin Əhmədov açmışdır. Qeyd olunmuşdur ki, gənclərin asudə vaxtının səmərəli və faydalı təşkili və dünyagörüşünün artırılması baxımından bu tədbirlər xüsusi rol oynayır. 2021-ci ildə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Gənclər Təşkilatının fəaliyyətində mühüm dəyişikliklər aparılmışdır. İctimai əsaslarla fəaliyyət göstərən Gənclər Təşkilatının nəzdində 5 yeni gənclər birliyi yaradılmış və 150-ə yaxın gənc həmin birliklərə cəlb edilmişdir. Gənclər arasında istər onlayn, istərsə də ənənəvi üsulda yarış və müsabiqələr, maarifləndirici tədbir, diskussiyalar və müxtəlif formada tədbirlər təşkil olunur. Bu gün keçirilən tədbir də məhz onlardan biridir. Daha  sonra söz gənclərə verilmiş, gənclər musiqi, film və tarixi əsərlər barədə öncədən hazırladıqları materiallar vasitəsilə tədbir iştirakçılarına məlumat vermişlər. Tədbirdə Zeynəb Məmmədova “Ay işığında” mahnısı,  Fatimə Yusifli “Gəl ey səhər” mahnısı,  Aygül Xəlilova “Maçu Pikçu” tarixi abidəsi, Nuray Quluadə “Apardı sellər Saranı” şeiri və rəvayəti, Aysun Məhərrəmli “Qu quşu yuvasının üzərindən uçarkən” film və əsəri haqqında tədbir iştirakçılarına məlumat vermişlər. Gənclər ilk öncə videomateriallar vasitəsilə, daha sonra şifahi şəkildə mövzu barədə ətraflı məlumat vermiş, sonda isə digər gənclərin suallarını cavablandırmışlar.

Tədbir diskussiya formasında davam etdirilmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

26.05.2021

Joomla 1.5