“İntellektual kitabxanaçı” bilik müsabiqəsi keçirilib

Mayın 25-də Naxçıvan Şəhər Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “İntellektual kitabxanaçı” bilik müsabiqəsi keçirilmişdir.

Müsabiqəni giriş sözü ilə Nazirliyin əməkdaşı Şəfəq Abbasova açaraq qeyd etmişdir ki, bilik müsabiqəsi Nazirliyin 2021-ci il 14 aprel tarixli 91 nömrəli əmri ilə təsdiq olunmuş Əsasnaməyə uyğun olaraq keçirilir. Müsabiqədə iştirak üçün rayon (şəhər) MKS-lərin 12 komandası ərizə ilə müraciət etmişdir. İştirakçılara müsabiqənin qaydaları  haqqında məlumat verilmişdir. Qeyd edilmişdir ki, komandalara Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitablar, ümumi dünyagörüşü, kitabxana işi, Naxçıvan Muxtar Respublikasının tarixi, görkəmli şəxsiyyətləri, abidələri və s. üzrə suallar veriləcəkdir.

Müsabiqənin seçim turunda Naxçıvan Şəhər MKS-nin “Zəka”, Şərur Rayon MKS-nin “Ulduz”, “Araz” və “Şəms”, Babək Rayon MKS-nin “Zəfər”, “Xarı bülbül” və “Nuh yurdu”, Culfa Rayon MKS-nin “Əlincəqala”, Ordubad Rayon MKS-nin “Mədəni irs”, Şahbuz Rayon MKS-nin “Batabat”, Kəngərli Rayon MKS-nin “Zirvə”, Sədərək rayon MKS-nin “Ağoğlan” olmaqla, ümumilikdə 12 komanda iştirak etmişdir. Bu komandalardan  4-ü final turuna vəsiqə qazanmışdır.

Final turunda iştirak edən Şərur Rayon MKS-nin “Şəms”, Babək Rayon MKS-nin “Nuh yurdu”, “Xarı bülbül” və “Zəfər” komandaları birincilik uğrunda rəqabət aparmışlar.

Finalda Babək Rayon MKS-nin “Zəfər” komandası I yerə, Şərur Rayon MKS-nin “Şəms” komandası II yerə, Babək Rayon MKS-nin “Xarı bülbül” komandası isə III yerə layiq görülmüşdür. Müsabiqə qalibləri Nazirliyin diplomları ilə təltif olunmuşlar.

 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

25.05.2021

Joomla 1.5